TANAP: Azərbaycandan Türkiyəyə qaz dəhlizi

post-img

6 ildə bu kəmər qardaş ölkəyə 35 milyard kubmetr mavi yanacaq axıdıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazı ölkənin hüdudlarından kənara nəql edən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ilk hissəsinin istifadəyə verilməsindən 6 il ötür. Xatırladaq ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində boru kəmərinin birinci hissəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Həmin ayın 30-da isə Türkiyəyə ilk qazın nəqlinə başlanıb. 

TANAP layihəsi Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Cənub Qaz Dəhlizinin mərkəzi və əsas hissəsi olan bir layihədir. Bu, həm də uzunluğuna və boruların diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz kəməridir. TANAP layihəsi Gürcüstan–Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə inteqrə edilərək Türkiyə ərazisindən keçməklə Türkiyə–Yunanıstan sərhədində başa çatır. Daha sonra isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir. 

Trans-Anadolu boru kəməri və bütövlükdə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətinin uğurudur. Ölkəmiz əvvəllər qaz ehtiyatlarını dörd istiqamətdə ixrac etmək imkanına malik olsa da, yeni əsrdə daha bir nəhəng enerji dəhlizinin yaradılmasına üstünlük verib. Beləliklə, Prezident İlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsində XXI əsrin ən nəhəng enerji layihələrindən olan Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilib. Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut sayılan Cənub Qaz Dəhlizinin mühüm, sonuncudan əvvəlki seqmenti sayılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycan və Türkiyənin enerji əməkdaşlığının, dostluq və qardaşlıq münasibətlərinin təntənəsidir. Təsadüfi deyil ki, ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən deyib: “TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın  beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək”. 

Xatırladaq ki, TANAP layihəsi 2011-ci ildə həyata vəsiqə alıb. Həmin il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. Həmin il dekabrın 26-da “Türkiyə ərazisində magistral qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında” Azərbaycan və Türkiyə hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb. Növbəti ildə isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. 2012-ci il  iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) sisteminə dair” Saziş imzalanıb. Həmin il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş  müzakirəyə çıxarılaraq təsdiqlənib. Dövlətimizin başçısı  İlham Əliyevin “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında” Qanunu imzalaması ilə  Azərbaycanı Avropa ölkələrinin qaz bazarlarına birləşdirən Trans-Anadolu ixrac boru kəmərinə dair hüquqi bazanın formalaşdırılması başa çatdırılıb. 

Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, beş il vaxt sərf olunub. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 6,5 milyard ABŞ dollarından artıq vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib. Ötən müddətdə boru kəməri vasitəsilə 70 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub ki, bunun da tən yarısı Türkiyə bazarına çatdırılıb. 

Bununla da, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb. TANAP Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir. Sözügedən TANAP layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradır. Gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulması ilə Azərbaycan, həm də qaz nəqlində transit ölkəyə çevrilmək imkanı əldə edəcək.

TANAP kəməri Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür.  Maksimum hündürlüyü dəniz səviyyəsindən 2700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. İllik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanmış kəmər ilkin mərhələdə ildə 16,2 milyard kubmetr qaz nəql etmək imkanına malikdir. Kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda  təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.

Mirbağır YAQUBZADƏ 
XQ

 

 



İqtisadiyyat