Avropanın Azərbaycan qazına tələbatı artır

post-img

IGB tutumunun genişləndirilməsində növbəti mərhələyə start verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il oktyabr 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqa­rıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında Yunanıs­tan–Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin Avropanın enerji təhlükə­sizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağnı bildirərək enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsi oldu­ğunu qeyd edib.

Dövlətimizin başçısı nitqində dünya­da cari geosiyasi vəziyyətin bu fikri bir daha sübuta yetirdiyini, Azərbaycan qa­zının Avropa bazarlarına çıxarıldığını və indi isə “mavi yanacağ”ın Bolqarıstana daxil olduğunu vurğulayıb.

Artıq bir neçə gündür ki, Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yuna­nıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tutumunun genişləndirilməsinin məcburi mərhələsi başlayıb.

IGB-nin operatoru ICGB şirkətinin yaydığı məlumata görə, bütün maraqlı tərəflərin bu il iyunun 24-dək qeydiyyat sənədlərini, iyulun 2-12-dək isə məcburi mərhələ ilə bağlı təkliflərini təqdim etmə­si istənilir. Məcburi mərhələ ilə bağlı nəti­cələrin cari ilin sentyabrında açıqlanması nəzərdə tutulur.

ICGB-nin səyləri Yunanıstan, Bolqa­rıstan, Rumıniya, Macarıstan, Ukrayna, Moldova və Slovakiyanın Transmissiya Xidmətləri Operatorlarını (TSO) birləş­dirən Şaquli Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi kimi, Mərkəzi və Cənub-Şərqi Avropaya, eləcə də Ukrayna və Moldova­ya təbii qaz tədarükünə yönəldilib.

Bildirilir ki, IGB-nin hazırda illik ötür­mə qabiliyyəti 3 milyard kubmetrdir və müvafiq prosedurlar başa çatdıqdan son­ra borunun tutumu 5 milyard kubmetrə qədər artırıla bilər.

“Mövcud təbii qaz infrastrukturunun istifadəsi sahəsində daha güclü əmək­daşlığın təşviq edilməsi, Şaquli Qaz Dəh­lizi çərçivəsində genişləndirmə təşəb­büsləri əlaqələri artıracaq və Avropa bazarlarına istehlak ehtiyaclarını ödəmək üçün müxtəlif mənbələrdən daha böyük həcmdə təbii qaz idxal etmək imkanı verəcək. IGB-nin şaxələndirilmiş mən­bələrdən qaz tədarükü geniş region üçün mühüm əhəmiyyət kəsb edir və geniş­lənmə mayeləşdirilmiş təbii qazın (LNG) təkmilləşdirilmiş bazar çıxışını da təmin edəcək”, – deyə ICGB-nin məlumatında qeyd olunub.

Qeyd edək ki, IGB-nin ümumi uzun­luğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini bir­ləşdirir. Layihə 2011-ci ildə Bolqarıstan­da qeydiyyatdan keçən Bolqarıstan-Yu­nanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komis­siyası 2010-cu ildə texniki-iqtisadi əsas­landırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdi­yi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avro­pa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsi­umu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edir. Perspektivdə bu göstərici ildə 5 mil­yard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələ­batının 25-30 faizini ödəyir. 

Onu da qeyd edək ki, Azərbaycan qa­zının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin (CQD) sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İta­liya Azərbaycan qazının alıcılarıdır. Gö­ründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

Yeri gəlmişkən, dövlətimizin başçısı yuxarıda xatırlatdığımız IGB-nin açı­lış mərasimindəki nitqində vurğuladığı kimi, Avropanın enerji xəritəsini dəyişmiş CQD qitə üzrə ən böyük infrastruktur la­yihələrindən biridir. Ölkə rəhbəri daha sonra diqqətə çatdırıb ki, Azərbaycan CQD-ni başlayan tərəf olmaqdan qürur hissi duyur: “Cənub Qaz Dəhlizi qazı is­tehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sek­torunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlar­da başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir”.

Onu da deyək ki, Yunanıstan-Bolqa­rıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına ve­rilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çər­çivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bul­gargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tə­darükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissə­si Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Əsrimizin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi (CQD) dörd seq­mentdən – “Şahdəniz Mərhələ-II”, Cənu­bi Qafqaz Boru Kəməri (CQBK), Trans-A­nadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. 

Yeri gəlmişkən, 1997-ci ildən bü­növrəsi qoyulan CQD 2003-cü ildə la­yihənin rentabelsizliyi ehtimalı, eyni za­manda, digər təzyiqlərin və bürokratik proseslərin nəticəsi olaraq reallaşmadı. Lakin 2013-cü ildə Prezident İlham Əli­yev CQD-nin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı mü­vafiq sərəncam imzaladı. Bu 4 layihənin hər birinin genişləndirilməsi isə CQD-nin işə salınmasını gerçəkləşdirdi. Bununla da, Azərbaycan qazı ilə Avropanın təchiz edilməsinə start verildi. 2014-cü ildə bu proseslərin hüquqi status alması, proses­lərdə idarəçiliyin daha yüksək səviyyədə aparılması məqsədilə Prezident İlham Əliyev tərəfindən CQD Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. 2015-ci ildən isə CQD Məşvərət Şurasının toplantıları ke­çirilməyə başladı.

Xatırladaq ki, CQD-nin 2018-ci il ma­yın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı həmin dəhlizin sisteminə vuru­lub. Beləliklə, Xəzər dənizinin Azərbay­can sektorundakı “Şahdəniz” qaz-kon­densat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdə­niz Alfa” və “Şahdəniz Bravo” platforma­larından birgə qaz hasilatına başlanılıb. Həmin il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olun­duğu vaxtdan isə hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib. 

CQD artıq Avropanın enerji təhlükə­sizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, enerji qiymət­lərinin kəskin artması nəticəsində yaran­mış böhrandan ölkənin uğurla çıxması­na məhz Azərbaycan qazı kömək edib. Xatırladaq ki, Azərbaycan İtaliyaya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, həmçinin Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə veril­məlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər.

Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchiza­tının da mənbəyidir. Bütün bunlar, eləcə da “Abşeron Faza1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ” layihələ­rinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səyləri­nin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir.

V.BAYRAMOV
XQ





İqtisadiyyat