Özbəkistanla əməkdaşlığın yeni mərhələsi, önəmli hədəfləri

post-img

Keçmiş sovet dövlətinin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başla­yıb. Xatırladaq ki, Azərbaycan və Özbəkistan respublikaları arasında diploma­tik münasibətlərin əsası 29 il əvvəl qoyulub. Hazırda Azərbaycan keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə gəlib çatıb. 

Son illər isə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Preziden­ti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərinin möhkəmləndirilməsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ölkələ­rimiz arasında ikitərəfli əlaqələrin, o cüm­lədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. 

Eyni zamanda Azərbaycan Respubli­kası ilə Özbəkistan Respublikası arasın­da ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliy­yəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə ve­rir. Yeri gəlmişkən, 2023-cü ildə Azərbay­canla Özbəkistan arasında ticarət dövriy­yəsinin həcmi 178,8 milyon dollar təşkil edib. Cari ilin yanvar–mart aylarında isə qarşılıqlı ticarətin məbləği 35,8 milyon dollar səviyyəsində olub. Bu, mövcud reallığı əks etdirməsə də, yaxın illərdə idxal-ixrac əməliyyatlarının artması şək­sizdir. 

Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Özbəkistan dəfələr­lə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövləti­mizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə müdafiə edib. Sevindirici haldır ki, bu gün qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərində fəal iştirak edir. Bu baxımdan Özbəkistan Respub­likasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayo­nunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi dəyərləndirilə bilər. 

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev mayın 21-də Özbə­kistan Respublikasının investisiya, sə­naye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edərkən Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf pro­seslərinin Azərbaycanda böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin baş­çısı Özbəkistana səfərini məmnunluqla xatırlayaraq bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu bildirib. Prezident İlham Əliyev Laziz Kudratovun ölkəmizə səfərinin iq­tisadi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı layihələrin bir daha nəzərdən ke­çirilməsi üçün yaxşı imkan yaratdığını diqqətə çatdırıb. 

Özbəkistan Prezidentinin ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirdiyini bildirən Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov da Azərbay­can Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğur­ların Özbəkistanda sevinclə qarşılandı­ğını diqqətə çatdırıb. Qonaq, həmçinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatımızın di­namik şəkildə inkişaf etdiyini, investisi­yaların həcminin artdığını, eləcə də Azər­baycanın qlobal çağırışlara baxmayaraq, inflyasiyanı saxlamağa uğurla müvəffəq olduğunu yüksək qiymətləndirib. 

Mayın 21-də Qubada keçirilən II Azər­baycan–Özbəkistan regionlararası forum da ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın iqtisa­diyyat naziri Mikayıl Cabbarov forumda­kı çıxışında bildirib ki, Özbəkistan Azər­baycan biznesini təşviq edildiyi azsaylı ölkələrdəndir. Bu ölkənin Azərbaycan sa­hibkarları üçün vacib bazara çevrildiyini vurğulayan nazirin sözlərinə görə, iki ölkə arasında 500 milyon ABŞ dolları kapitalı olan birgə fond yaradılıb. Qeyd olunub ki, hazırda Azərbaycan və Özbəkistanda 10 potensial layihə nəzərdən keçirilir. Nazir deyib ki, qarşı tərəflə tezliklə işğaldan azad edilmiş ərazilərdə ilkin mərhələ­də 400-dən çox iş yeri təmin edəcək iri müəssisənin işə salınması planlaşdırılır. Bu siyahıya avtomobil istehsalı sahəsini də daxil etmək olar. 

Eyni zamanda Özbəkistan tərəfi Ələt Azad İqtisadi Zonasının təklif etdi­yi imkanlara diqqət yetirilməyə çağırılıb. “Həm tənzimləmə, həm də infrastruktur baxımından bu, regionda ən əlverişli və müasir formatdır. Bu kontekstdə, o cüm­lədən işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarını qeyd etmək istərdim. Yaranmasından kifayət qədər az vaxt keçməsinə baxmayaraq, Ağ­dam Sənaye Parkı rezident sayına görə ölkənin ikinci ən böyük parkına çevrilib,– deyə nazir əlavə edib.

“Azərbaycan və Özbəkistan məişət texnikasının birgə istehsalı sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Birgə istehsal baxımından digər əməkdaşlıq sahəsi Ələt Azad İqtisadi Zonasıdır. Bu, yeni sənaye sahələri yaratmaqda ma­raqlı olan özbəkistanlı sahibkarlar üçün doğru yerdir. Biz artıq Ələt Azad İqtisa­di Zonası ərazisində məişət texnikası və alüminium radiatorların istehsalı üzrə layihələrin hazırlanması və həyata keçi­rilməsinin aktiv mərhələsinə keçiririk”. Bu fikirləri isə Quba forumunda Özbəkista­nın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov səsləndirib. Ölkəmizin şirkətlərini Özbəkistanda analoji istehsal müəssisələrinin yaradılması imkanlarını nəzərdən keçirməyə çağıran L. Kudratov Mərkəzi Asiyada obyektlərin yaradılma­sına hazır olan və bununla bağlı imkanla­rı nəzərdən keçirən Azərbaycan şirkətləri üçün ən əlverişli şəraiti yaratmağa hazır olduqlarını vurğulayıb. 

“Azərbaycan və Özbəkistan arasın­da əməkdaşlığın üçüncü sahəsi nəqliyyat sektorudur. Birbaşa aviareyslər yaradılıb, biz Azərbaycanın infrastrukturu ilə daşı­maları fəal şəkildə artırırıq və bu il bu is­tiqamətdə 1 milyon tondan çox Özbəkis­tan yükü daşınacaq. İlin birinci rübündə bu rəqəm 300 min ton təşkil edib. Şirkət­lərimizin bu dəhlizdən daha çox istifadə etmələri üçün güzəştlər və üstünlüklər verdiyinə görə Azərbaycan tərəfinə min­nətdarıq”, – deyə o əlavə edib.

Tədbirdə, həmçinin Azərbaycan Pre­zidenti İlham Əliyevin bu ilin avqust ayın­da Özbəkistana dövlət səfərinin hazırlan­masına dair “yol xəritəsi” imzalanıb.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat