Beynəlxalq nəqliyyat dəhlizləri dünya iqtisadiyyatına yeni nəfəs gətirir

post-img

“Fitch Solutions” (FS) beynəlxalq reytinq agentliyinin hesabatında qarşıdakı illərdə Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizində mövqeyinin daha da möhkəmlənəcəyi, Avrasiyada əsas nəqliyyat qovşağı kimi nüfuzunun güclənəcəyi qeyd edilib. 

Prezident İlham Əliyev “COP29 və Azərbay­can üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Şanxay Beynəlxalq Araş­dırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorunun sualını cavablandırarkən bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı bu gün Transxəzər Nəq­liyyat Dəhlizinə (Orta Dəhliz) heç vaxt olmadı­ğı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığı­nı vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Ötən ay Qazaxıstan Prezidentinin Azərbay­cana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticə­yönümlü şəkildə inkişaf etdirir”.

Prezident İlham Əliyev sözlərinə əlavə edərək Orta Dəhliz layihəsinin böyük gələcə­yinə güclü inamı olduğunu, həmçinin Azərbay­canda bu marşrutun inkişafı məqsədilə bütün lazımi infrastrukturun, o cümlədən müasir, yeni dəniz limanının inşa edildiyini, hazırda isə onun genişləndirilməsi üzərində iş aparıldığnı diqqətə çatdırıb. Dövləimizin başçısı belə bir fəaliyyə­tin təsadüfi olmadığını vurğulayaraq sözüge­dən limanın bugünkü 100 min TEU və 15 mil­yon ton ümumi yükaşırma qabiliyyətinin yetərli olmadığnı bildirib. “Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanınının ümumi yükaşırma qabiliy­yətinin 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEU-ya çatdırmaq istəyirik ki, təkcə Çindən deyil, həm də Mərkəzi Asiyadan həcmi artan yükləri qəbul etmək imkanımız olsun. Çünki söylədiyim kimi, bugünkü geosi­yasi mühitdə bu marşruta ehtiyac var. Biz bu istiqamətdə institusional dəstəklə bağlı başqa addımlar da atırıq”. 

Ölkə rəhbəri çıxışında Bakı Beynəlxalq Də­niz Ticarət Limanınının inkişafına institusional dəstək göstərildiyini vurğulayanda şübhəsiz ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında birgə müəssisənin artıq fəaliyyətə başladığını və hazırda nəqliyyat marşrutunun rəqəmsallaş­dırılması üzərində fəal iş aparıldığını, həmçinin respublikamızın gömrük qurumunda süni intel­lekt sisteminin tətbiq olunduğunu nəzərdə tutur. Çünki belə tədbirlərin reallaşdırılması yüklərin emalının daha az vaxt aparmasına, yüklər üzə­rində tam şəffaflığın və nəzarətin gerçəkləşmə­sinə müsbət təsir göstərir. 

Prezident İlham Əliyev çıxışında Şimal–Cə­nub Nəqliyyat Dəhlizinin fəaliyyətinə də toxu­naraq qeyd edib ki, Azərbaycanın bu qovşaqda yerləşməsi, həqiqətən, coğrafi lütfdür ki, hər iki yol, yəni Orta və Şimal–Cənub dəhlizləri res­publikamızdan keçir: “Bizim Rusiya və İran sər­hədi ilə birləşdirən dəmir yolu infrastrukturumuz var. Tezliklə biz yeni dəmir yolu infrastrukturunu inşa etməyə başlayacağıq, çünki təkcə Rusi­yadan Fars körfəzinə azı 15 milyon ton yükün gəlməyini gözləyirik. Əgər biz əks istiqamətdən yük əlavə etsək, düşünürəm ki, 15 milyon ton, sadəcə, başlanğıcdır. Hazırda bizim Şimal–Cə­nub dəmir yolumuzun Azərbaycan seqmenti 6–7 milyon ton yük qəbul edə bilir ki, bu, bizim üçün və tranzitorlar üçün yetərlidir”.

Beləliklə, ölkə rəhbərinin çıxışında vurğulan­dığı kimi, faktiki olaraq hazırda infrastrukturun Rusiya sərhədindən Bakıya qədər olan hissəsi artıq yenidən qurulur. Eyni zamanda, Bakıdan İran sərhədinə qədər olan hissənin yenidən qurulmasına da ehtiyac var. Lakin bu yollar iki ayrı yol olmayacaq, çünki bu, yüklərin Cənub­dan Qərbə və ya Şimaldan Qərbə daşınmasına imkan verəcək. Mövcud infrastrukturdan istifadə etməklə bu, artıq indi baş verir. Yeni infrastruk­turla isə həcm daha böyük olacaq və əlbəttə ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artı­racaq və heç şübhəsiz, ölkəmizə əlavə maddi mənfəət qazandıracaq.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisa­di şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəh­lizlərinin inkişafı da iqtisadiyyatımızın səmərə­liliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sekto­runda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logis­tika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. 

Nəqliyyat sektorunun bütün sahələrində xid­mət infrastrukturları modernləşdirilib, yol təsər­rüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, kör­pülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. TRASEKA, Şimal–Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamə­tində nəhəng infrastruktur layihələri gerçəkləş­dirilib.

Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəhlizlərindən səmərə­li istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması ölkəmizin im­kanlarını böyük dərəcədə artırıb. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiy­yatın tənəzzülə uğramasına baxmayaraq, Şi­mal–Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklə­rin həcmi təxminən 20 faiz yüksəlib. 

Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları arasında ye­ganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Körfəz ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şi­mali Avropa ölkələri ilə ticarəti təşkil edir.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zo­lağın yaradılmasının fəal dəstəkçisi olan Azər­baycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtə­lif istiqamətlərə tranzit daşımalarının səmərə­li təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Azərbaycan iqtisadiyyatının digər sahələrin­də olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə gerçəkləşdirilən mü­hüm layihələr nəticəsində respublikamızın Avra­siyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizləri­nin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz bey­nəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cənub, Cə­nub–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirak­çısı kimi tanınıb. 

İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiya­ya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər–Qara dəniz höv­zəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat