Özəl bölmə – istehsalın aparıcı qüvvəsi

post-img

İlk rübdə Sahibkarlığın İnkişafı Fondu 1065 layihəyə 43,1 milyon manat güzəştli kredit ayırıb

Son illərdə respublikada özəl sektorun dinamik inkişafı istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması daim diqqətdə saxlanılıb. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, həmçinin büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumatına əsasən, bu ilin ilk rübü ər­zində adıçəkilən qurum tərəfindən 1065 layihə üçün 43,1 milyon manat güzəştli kredit ayrılıb. SİF bu dövrdə respublika­da fəaliyyət göstərən 21 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit itti­faqı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanıb. 

Bundan başqa sahibkarlığın dəstək­lənməsinə xidmət edən maliyyə mexa­nizmlərinin icrasında sözügedən fond və özəl sektor arasında əməkdaşlığın daha da möhkəmlənməsi xüsusi diqqət­də saxlanılıb. Qurumun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmləri müvəkkil kredit təşkilatları vasitəsilə icra olunub. 

Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə müəyyənləşdirilən prioritet is­tiqamətlərdə fəaliyyət göstərən sahib­karlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə fond tərəfin­dən təhlil olunub. 

Yeri gəlmişkən, SİF-in 2023-cü il üzrə maliyyə hesabatında diqqətə çatdırılan göstəricilər də bu qurumun hesabat ilin­dəki uğurlu fəaliyyətindən xəbər verir. Belə ki, fondun sözügedən dövrdə əmə­liyyat gəlirləri 2022-ci illə müqayisədə 53 faiz artaraq 20 milyon 779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, quru­mun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat təşkil edib. 

Fond 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub. Cari ilin əvvəlinə isə maliyyə qurumunun aktivlə­ri 6 faiz artaraq 1 milyard 11 milyon 496 min manata, öhdəlikləri 837 min manata və kapitalı 1 milyard 10 milyon 659 min manata çatıb. 

Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə SİF tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcm­li kreditlər verilib. Beləliklə, kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 25 faiz artaraq 130 milyon 447 min manat, or­tahəcmli kreditlər isə 24 faiz artaraq 169 milyon 936 min manat olub. Əlavə ola­raq, hesabat dövrü ərzində fondun sə­naye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin di­versifikasiyası təmin edilib. Belə ki, kre­dit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10 faiz artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit port­felində xüsusi çəkisi 33 faizə yüksəlib.

SİF-in fəaliyyətində diqqətçəkən bir məqam da odur ki, qurumun aktivlə­rindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89 milyard 326 milyon ma­nat təşkil edib. Bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur.

Xatırladaq ki, SİF ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqın­da” 31 iyul 2018-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkar­lığa Kömək Milli Fondunun bazasında yaradılıb. 

Fondun işğaldan azad edilmiş əra­zilərdəki fəaliyyəti də diqqət çəkir. Belə ki, qurum 2022-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlıq subyektlərini güzəştli kredit­lərlə dəstəkləyir. İndiyədək həmin əra­zilərdə fəaliyyət göstərən 7 layihəyə, ümumilikdə, 14 milyon manatdan çox güzəştli kredit verilib.

Qeyd edək ki, bu ilin fevral ayından etibarən fond Qarabağ və Şərqi Zəngə­zurda iqtisadi aktivliyin bərpa olunmasına və investisiya qoyuluşlarının sürətlənmə­sinə dəstək məqsədilə sahibkarlar üçün zəmanət və subsidiya mexanizminin tətbiqinə başlayıb. Bu mexanizm çərçi­vəsində işğaldan azad edilmiş ərazilər­də investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kre­dit təşkilatlarından əldə etdikləri məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi isə 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir.

Onu da deyək ki, SİF tərəfindən və­saitin ayrılmasına qərar imzalandığı za­man layihənin ölkə iqtisadiyyatına verə­cəyi töhfə, o cümlədən, iqtisadi artıma təsiri nəzərə alınır. SİF kredit təşkilatla­rından əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları ilə əməkdaşlıq edir, həmin təşkilatların üzvləri ilə mütəmadi görüşlər keçirir.

Xatırladaq ki, ötən il SİF tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdi­rilməsi üçün 43,1 milyon manat dəyərin­də güzəştli kredit ayrılıb.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ölkədə özəl bölmənin inkişafı təkcə sahibkarlığın kreditləşməsinin diqqət mərkəzində sax­lanılması ilə məhdudlaşmır. Bu sahənin qanunvericilik bazasının möhkəmləndiril­məsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq hallarının aradan qaldırılma­sı, özəl bölmə subyektlərində dövlət qu­rumları tərəfindən qanunsuz yoxlamalar aparılması və çoxsaylı əsassız lisen­ziyaların verilməsi kimi neqativ hallara qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır, döv­lət qurumlarının, həmçinin ayrı-ayrı na­zirliklərin fəaliyyətlərində bu problemlərin həllinə xüsusi əhəmiyyət verilir. 

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağı­rışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxla­nılması, iqtisadiyyatın şaxələndirilməsi­nin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biz­nes və investisiya mühitinin formalaşdı­rılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevril­məsi də bunun bariz ifadəsidir. 

Respublikada reallaşdırılan isla­hatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Dövlət-sahibkar münasibətlərinin uğurla gerçəkləşdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prose­durların təkmilləşdirilməsi davam etdirilir. Bunlarla bərabər, regionlarda sahibkarlı­ğın inkişafına dövlət dəstəyi mexanizm­lərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində gerçək­ləşdirilən məqsədyönlü tədbirlər nəticə­sində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı hazırda 86,5 faiz, məş­ğulluqda isə 78 faiz təşkil edir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat