Aprelin 30-da Qətərdə Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclası keçirilib.
Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın tarixi və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və ərəb ölkələri ilə diplomatik və iqtisadi münasibətlərinin inkişaf perspektivlərindən danışıb.
Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də, Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi qeyd edilib.
Xüsusilə, geniş alternativ enerji potensialına malik olan Azərbaycanın bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.
COP29-a hazırlıq işlərindən də danışan nazir vurğulayıb ki, Azərbaycan COP29 sədrliyi zamanı Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır.
Sonda forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib.
Doha Bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.
Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.
Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
Tərəflər hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin vacibliyini bildiriblər. Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Qətərdə Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
Görüşdə Ceyhun Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazir, eyni zamanda, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək, Əlcəzair-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin cari il aprelin 22-25-də Azərbaycana səfərini yüksək qiymətləndirib.
***
Aprelin 30-da xarici işlər naziri Ceyhun Bayramov Qətərdə Livanın xarici işlər və diaspor naziri Abdallah Bouhabib ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov regionda baş verən son hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.
XQ