Energetika Nazirliyinin məlumatına görə, Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Skyepatti ilə görüşüb. Görüşdə TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.
Söhbət zamanı boru kəmərinin əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacağı, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcəyi bildirilib. Həmçinin TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığı, Azərbaycan “mavi yanacağ”ının enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb.
Görüşdə yuxarıda sadalananlarla bərabər, karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpaolunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi də aparılıb, eyni zamanda, TAP-la indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından ötən üç il müddətdə bu boru kəməri ilə Avropaya 31 milyard kubmetrdən çox qaz tədarük olunub. 2023-cü ildə isə qısa və uzunmüddətli müqavilələr üzrə 11,8 milyard kubmetr qaz ixrac edilib.
Yeri gəlmişkən, İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib ki, 2020-ci ildən bəri TAP vasitəsilə İtaliyaya 26 milyard kubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub. Nazirin sözlərinə görə, sözügedən dövrdə Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayıb.
Ümumiyyətlə, CQD-nin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. 2020-ci il dekabr ayının 31-də Azərbaycan qazının CQD vasitəsilə Avropaya nəqli başladılıb. Bununla da ölkəmizin tarixində ilk dəfə olaraq “mavi yanacağ”ımız boru kəmərləri ilə Avropa bazarına çıxarılıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycanın ixrac imkanları şaxələndirilib.
Bütün bu qeyd edilənlər deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yalnız təbii qaz ixrac etməklə deyil, həm də tranzit ölkə kimi iştirak edir. Bunun üçün Azərbaycan böyük infrastruktura malik dövlətdir. CQD Bakı–Tbilisi–Ceyhan, TANAP, TAP kimi nəhəng enerji infrastrukturları əhatə edir. Bu gün Azərbaycan məhz bu kəmərlər vasitəsi ilə Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya və digər Şərqi Avropa ölkələrinə təbii qaz ixrac edir.
Beynəlxalq Enerji Agentliyinin analitiki Hergel Molnar Avropada qaz böhranına toxunaraq nəzərə çatdırıb ki, Aİ təbii qaz hasilatına və nəqlinə daha çox sərmayə yatırmalıdır. Əks halda, Avropanı təbii qaz ilə təhlükəsiz şəkildə təmin etmək mümkün olmayacaq. Məsələyə bu kontekstdə yanaşdıqda Transxəzər qaz kəmərinin çəkilişinin nə qədər aktual olduğunu görərik. Türkmənistan qazı bu kəmərlə Azərbaycana, buradan isə Avropaya nəql olunar. Azərbaycanın enerji daşıyıcılarına Avropanın ehtiyacı hər ötən il daha çox artır.
Qeyd edək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan tərəfindən Xəzər dənizindən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Bu Birgə Bəyanat TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyənin dövlət başçısı Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də isə CQD-nin təməli qoyulub.
Bu mərasimdən bir müddət sonra–2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində TANAP-ın, 2016-cı il mayın 17-də isə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb.
2018-ci il mayın 29-da Bakıda CQD-nin, 2018-ci il iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin açılışı olub. Həmin il iyunun 30-da ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. Nəhayət, Azərbaycan təbii qazının 2020-ci il dekabrın 31-də TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.
Vaqif BAYRAMOV
XQ