Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ölkədə ilk investisiya təşviqi sənədi verilib.
Həmin sənədi bərpaolunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC əldə edib. Məlumat üçün bildirək ki, şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MW/s gücündə bərpaolunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir. Azərbaycanda strateji investisiya layihələri üzrə ilk təşviq sənədinin verildiyi bərpaolunan enerji istehsalı layihəsinin reallaşması nəticəsində ölkə iqtisadiyyatına 417 milyon manat investisiyanın yatırılacağı, bunun da hesabına 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
Dünən “Bakı KOB evi”ndə investisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana təqdim olunub. Tədbirdə qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpaolunan enerji layihələri əhəmiyyətlidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un bu il ölkəmizdə keçirilməsi respublikamızın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir. “Yaşıl iqtisadiyyat” və “yaşıl innovasiya” KOB-ların məhsuldarlığının artırılmasında, əməliyyat xərclərinin azalmasında və rəqabət qabiliyyətinin güclənməsində önəmlidir.
Xatırladaq ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyənləşdirilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilir. Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. KOB evləri isə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir.
Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanına əsasən sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur. Bu mexanizm sahibkarlara ölkə iqtisadiyyatının mühüm strateji sahələrinə daha çox sərmayə qoyuluşu üçün əlavə imkanlar yaradır.
Təqdimat mərasimindən sonra “ACWA Power” şirkətinin nümayəndələri, həmçinin “Bakı KOB evi”ndə startaplar üçün yaradılmış şəraitlə tanış olublar.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji ektorunda aparıcı şirkətlərindən olan “Acwa Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir. “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub.
Şirkət ölkəmizdə, təqribən, 4 il əvvəl fəaliyyətə başlayıb. Belə ki, 2020-ci il yanvarın 9-da də Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında ölkəmizdə 240 meqavat gücündə külək stansiyasının tikintisi ilə bağlı pilot layihənin icrasına dair müqavilə imzalanıb. Bundan dörd gün sonra, yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mərasim keçirilib.
Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Həmin sərmayə hesabına ərsəyə gətiriləcək “Xızı–Abşeron” Gülək Elektrik Stansiyası gələcəkdə 300 min evin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. Ən başlıcası isə, stansiyanın istismara verilməsi ilə 220 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Bu həm də Azərbaycanın karbon emissiyalarının azaldılması və 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli töhfə sayıla bilər.
Bununla yanaşı, “ACWA Power” şirkəti ilə Azərbaycanda dənizdə külək stansiyasının tikilməsi layihəsinə dair anlaşma memorandumuna əsasən, təxminən, 500 meqavat əlavə enerji istehsalı nəzərdə tutulur. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.
Bütün bunlarla yanaşı, Səudiyyə Ərəbistanı şirkəti ölkə iqtisadiyyatının digər sahələrinə də maraq göstərir. Məsələn, bir il əvvəl Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyan arasında keçirilən görüş zamanı ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə müzakirə aparılmışdı.
Yeri gəlmişkən, ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. Dövlət başçısının müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlanaraq elan verilib. İndiyədək bununla bağlı 14 xarici özəl şirkətlə razılıq əldə olunub. Artıq həmin şirkətlər bu istiqamətdə fəaliyyətə başlayıb.
Mirbağır YAQUBZADƏ
XQ