Deyəsən, Paşinyan iqtidarında “yarpaq tökümü” başlayıb
O, cavan olmasına baxmayaraq, Ermənistanın müasir siyasətində kifayət qədər tanınmış fiqurdur. Parlamentdə Nikol Paşinyana qarşı ən böyük müxalifət fraksiyasının lideri kimi vaxtilə bir çox məsələlərdə rəsmi İrəvanın daxili və xarici siyasətinə yön verən beynəlxalq ranqlı diplomat sayılırdı. Onun radikal millətçi baxışları ABŞ-da təhsil alarkən erməni daspor təşkilatlarının və lobbi dairələrinin təsiri altında formalaşıb.
Söhbət “bir sıra fundamental xarici siyasət məsələləri üzrə fikir ayrılığına görə Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən istefa vermiş” Edmon Marukyandan gedir.
E.Marukyan Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməsi üçün baş nazir Nikol Paşinyana ərizəsini təqdim edərək, bu barədə Facebook səhifəsində məlumat yerləşdirib: “Sizə bildirmək istəyirəm ki, mən baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri vəzifəsindən azad olunmağım üçün ərizəmi təqdim etmişəm”.
DOSYE: Moskva Dövlət Kommersiya Universitetini bitirən E.Marukyan daha sonra ABŞ-nin Minnesota Universitetinin hüquq fakültəsində magistr dərəcəsinə yiyələnib. Son iki ildə Ermənistanın xüsusi təyinatlı səfiri vəzifəsində çalışan 43 yaşlı Marukyan buna qədər üç çağırış Ermənistan parlamentinin deputatı, müxalif fraksiyanın rəhbəri olub. İşıqlı Ermənistan partiyasının qurucularından sayılan Edmon Marukyan, eyni zamanda, hüquq müdafiəçisi kimi bir müddət AŞPA-nın İnsan haqları və hüquqi məsələlər üzrə komitəsi sədrinin birinci müavini olub.
Özünün şovinist, revanşist-radikal baxışları ilə seçilən Edmon Marukyan istefa ərizəsində “dövlətimiz və regionumuz üçün çətin bir dövrdə böyük məsuliyyət hissi və böyük fədakarlıqla bu missiyanı üzərimə götürmüşdüm”, – yazıb.
Hüquq üzrə magistrin hay beyni
“Son vaxtlar xarici siyasət üzrə bir sıra fundamental məsələlərə baxışlarımızdakı fikir ayrılığı mənim xarici siyasət cəbhəsində bundan sonrakı iştirakımı qeyri-mümkün edir” – deyən keçmiş xüsusi səfir fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı İrəvan mediasına verdiyi açıqlaması ilə də “gündəmə gəlmişdi”. “İlham Əliyev heç vaxt Stepanakertdə səs vermək üçün Azərbaycan qanunlarına görə, qeydiyyatdan keçməyib” kimi absurd bəyanatı səsləndirən hüquq üzrə magistr dərəcəli keçmiş xüsusi təyinatlı səfirin diplomatik korafəhmliyi gülüş doğurmuşdu.
Azərbaycan liderinin Xankəndidə səsverməyə qatılması sadəcə hüquqi deyil, daha çox dərin siyasi məna kəsb edirdi. Marukyan kimi şovinist-revanşistləri yandırıb-yaxan məhz bu amil idi. Məsələnin hüquqi aspektinə gəldikdə isə, burada hər şey Azərbaycan qanunları çərçivəsində baş vermişdi. Seçki Məcəlləsinə görə, Azərbaycan vətəndaşı daimi qeydiyyatda olduğu ərazidəki seçki məntəqəsindən çıxarış vəsiqəsi almaqla respublikanın istənilən bölgəsində səs vermək hüququnu qazanır. Qarabağ iqtisadi rayonumuzdakı Xankəndi Azərbaycan şəhəridir və təbii olaraq, ölkəmizin bütün ərazisi kimi burada da yerli qanunlar keçərlidir.
Bu misalı, sadəcə olaraq, şovinist-revanşist isterikasının Edmon Manukyanın hüquqşünas “səriştəsinə” üstün gəlməsibaxımından maraq kəsb etdityi üçün nəzərinizə çatdırdıq:
“Sizi əmin edirəm ki, bundan sonra da dövlətə və xalqa xidməti davam etdirəcək, bilik və təcrübəmi, eləcə də beynəlxalq əlaqələrimi Ermənistanın milli və dövlət maraqlarının qorunmasına sərf edəcəyəm...”.
“Başqa təklifiniz varmı?”
Bakının bir il bundan əvvəl göndərdiyi sülh sazişinin mətni üzərində hələ də “baş sındıran” rəsmi İrəvan, eləcə də Paşinyana müxalif daxili və xarici qüvvələr ikitərəfli danışıqlar öncəsi hər dəfə bir bəhanə ilə sülhün əldə olunmasına maneçilik variantlarını işə salıblar.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, E.Marukyanın da daxil olduğu müxalif düşərgə Paşinyandan tələb edir ki, o, Ermənistanın tam məğlubiyyəti kimi dəyərləndirilə biləcək sazişə imzasını atmasın: “Son vaxtlar Ermənistan parlamentində qızışan diskussiyalarda da bu ovqat üstünlük təşkil etməyə başlayıb. Nə qədər zəif olsa da, yenə dirəniş göstərən radikal-şovinist müxalifətə Paşinyanın belə bir məntiqi sual ünvanlayacağı gözləniləndir: “Bəs sizin təklifiniz nədir?”. Yəni, o, reallıqla barışmaq istəməyən radikal müxalifətə anlatmalıdır ki, sülh sazişinin imzalanması yubanarsa, bu, bölgədə yeni müharibə riskini artıracaq və Ermənistan üçün yeni fəlakətlər gətirəcək”.
Siyasi analitik hesab edir ki, bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb: “Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır. Əslində, sülh sazişinin təməlini məhz bu bənd təşkil edəcək. Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Nikol Paşinyan heç onlar tərəfə nəzər yetirmədən sülh sazişini imzalaya bilər. Bu, həm də, İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir. Bu arada, Paşinyanın Xarici işlər nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir”.
Sülhə doğru addım-addım. Bunu Ermənistan hakimiyyətinin yeni taktikası kimi də qiymətləndirmək olar. İrəvan isteblişmenti “miatsum” kompleksindən qurtulmaqda nə qədər çətinlik çəksə də, barışığa başqa üsulla gedə bilməyəcəyinin fərqindədir. Bu çılpaq gerçəkliyi qəbul etməyənlərin Paşinyanın yanından kənara çəkiləcəkləri təəccüblü gəlməməlidir. Edmon Marukyanın etdiyi kimi...
İmran BƏDİRXANLI
XQ