Xankəndi separatçıları “əkdiklərini” biçdilər

post-img

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər vətəndaşı olduqları dövlətə naxələf çıxaraq separatizm əməllərinə başladılar. Onların həm keçmiş SSRİ rəhbərliyi, həm də Qərbdəki bəzi dövlətlər, ələlxüsus Fransa və ABŞ tərəfindən nümayişkəranə şəkil­də dəstəklənməsi hayların etnik separatizminə yeni impulslar verdi. Beləliklə, ermənilər öz əməllərinin miqyasını daha da genişləndirdilər.

Həmin dövrdə xalqımız olduqca acı­nacaqlı durumda idi. Əhali bir tərəfdən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun başladığı və “yenidənqur­ma” adlanan prosesin uğursuzluğundan, digər tərəfdən erməni separatizminin geniş vüsət almasından əziyyət çəkirdi. Üstəlik, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törə­dilmişdi. Sözsüz ki, üzləşdiyimiz bütün bəlaların kökündə respublikaya səbat­sız şəxslərin rəhbərlik etməsi dayanırdı. Xalqın istefa tələbləri fonunda bir rəhbər şəxs gedir, onun yerinə digəri gəlirdi. Az sonra məlum olurdu ki, gələn şəxs də əv­vəlki kimi yarıtmazdır. Qətiyyəti, sözünün kəsəri yoxdur.

Sübut etməyə gərək yoxdur ki, əgər Ulu öndər Heydər Əliyev 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində respub­likamıza rəhbərlik etsəydi, həmin xoşa­gəlməz halların heç biri baş verməzdi. Keçmiş DQMV-də yaşayan ermənilər separatçılığa başlamağa belə cürət et­məzdilər. Heydər Əliyev fenomeni Azər­baycana qarşı bütün məkrli planların qarşısını alırdı. Faktlara müraciət edək. 1987-ci il oktyabrın 21-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev istefa verməli olur. Bundan bir neçə gün sonra isə M.Qorbaçovun iqti­sadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan Parisə səfər edir. O, “İnterkontinental” hotelinə yerləşir. Bu­rada Fransa kommunistlərinin orqanı olan “Humanite” qəzetinə müsahibə ve­rir. Aqanbekyanın müsahibəsi qəzetin 1987-ci il 18 noyabr tarixli sayında dərc olunur. O, müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha səmərəli olduğunu, bu məsələ üzərində xüsusi komissiyanın iş­lədiyini bəyan edir. Başabəla akademikin müsahibədə dediyi “Mən Qarabağın Er­mənistanın tərkibində olmağını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qara­bağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” sözləri yaddaşlardan silinməyib. Bununla da o, Qarabağın dağlıq hissəsinin Ermənis­tana birləşdirilməsi ideyasını irəli sürür. Necə deyərlər, faktiki olaraq, “miatsum” bombasının fitilini çəkir.

Prezident İlham Əliyev Ulu öndərin SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə Qarabağda baş qaldıran etnik separa­tizm arasında birbaşa bağlılığın mövcud olmasına dair fikirlərini dəfələrlə açıq­layıb. Dövlətimizin başçısı hələ Vətən müharibəsinin gedişi zamanı – 2020-ci il oktyabrın 26-da xalqa müraciətində bil­dirmişdi ki, ermənilər nankorluq edərək, vəziyyətdən yararlandılar və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcud­luğundan istifadə etdilər. Nəticədə böl­gədə separatizm meyilləri baş qaldırdı. Bundan əvvəl isə ermənilərin hazırlıq işləri gördüyünü diqqətə çatdıran Pre­zident demişdi: “Əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, onun sovet rəhbərliyində böyük nüfuza malik olması onların plan­larını alt-üst edirdi. Ona görə Ermənis­tandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar – Azərbaycandan kütlə­vi surətdə anonim məktublar Moskvaya göndərirdilər və şər-böhtan kampaniyası aparılırdı. O məqsədlə ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermə­nistana verilsin”.

Dövlətimizin başçısı onu da qeyd etmişdi ki, bizim xalqımızın bəlaları o gündən başladı. Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan (Arkadi Volski nəzərdə tutulur – S.H.) ora rəhbər təyin edildi və faktiki olaraq Qarabağın Azər­baycandan qopardılması üçün zəmin ya­radıldı: “O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar olsun ki, sadəcə olaraq, bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmə­di, sadəcə olaraq başını aşağı salaraq Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi. Heç Azərbaycan dilində düz-əməlli danı­şa bilmirdilər. Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı geniş­miqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür”.

Bəli, tarixdə dəfələrlə düşdüyü çətin vəziyyətlərdən alnıaçıq, üzüağ çıxmağı bacarmış Azərbaycan xalqı bu dəfə də çıxış yolu tapmağı bacardı. Müdrik xalqı­mızın təkidli tələbi ilə Ulu öndərin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışı ilə xilas, nicat yolumuz başlandı. Həm Heydər Əliyev, həm də onun layiqli da­vamçısı Prezident İlham Əliyev məsələ­nin sülh yolu ilə həllini tapması üçün çox böyük əmək sərf etdilər. Eyni zamanda, buna paralel olaraq Ali Baş Komandan kimi ordu quruculuğu məsələsini də xü­susi diqqətdə saxladılar. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də xüsusi fikir verildi. Nəhayət, cəbhə xəttin­də Ermənistanın təxribatlarının genişlən­məsi Vətən müharibəsinə başlamağımızı qaçılmaz etdi. Müharibənin və ötən ilin sentyabrında baş tutan lokal xarakterli antiterror tədbirlərinin necə başa çatdığı hər kəsə gün kimi aydındır. Azərbaycan xalqı bir yumruq kimi birləşərək düşmə­nin, necə deyərlər, başını əzdi. Ərazilə­rimizdə separatizmin kökü birdəfəlik kə­sildi.

Ermənistanın və onun xaricdəki ha­vadarlarının fitnə-fəsadı nəticəsində anti­terror tədbirlərindən sonra Qarabağı tərk edən ermənilər isə hazırda bunun acısını çəkməkdədirlər. Necə deyərlər, “əkdiklə­rini biçməkdədirlər”. Hazırda onlar Ermə­nistanın müxtəlif vilayətlərində məşəqqət içində ömür sürürlər. Vaxtilə Azərbaycan dövlətinə qarşı çıxan separatçılar indi Er­mənistan hökuməti ilə münaqişəyə girib­lər. Onlar Ermənistan hökumətinin məs­kunlaşdırma siyasətindən narazıdırlar.

Bugünlərdə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan Qarabağdan köçən ermənilərin mənzillə təmin olun­ması proqramının təfərrüatlarını açıqla­yıb. Onun sözlərinə görə, əgər “artsax­lılar” Ermənistanda qalıb vətəndaşlıq almaq qərarına gəlsələr, hökumət onlara mənzillə bağlı köməklik edəcək. Dəstək hər bir ailəyə ev almaq və ya tikmək üçün sabit məbləğin ayrılmasından ibarət ola­caq. Amma Ermənistan hökuməti Qa­rabağdan köçən ermənilərə bir şərtlə dəstək verməyə hazırdır. Belə ki, ailə ay­rılmış və ya tikilmiş mənzildə 10 il yaşa­dıqdan sonra ona sahib ola biləcək. Baş nazirin müavini bildirib ki, maliyyələşmə kredit verməklə həyata keçiriləcək. Yardı­mın baza məbləği hər ailə üzvünə 3 mil­yon dram (7,4 min dollardan çox) təşkil edəcək. Xaçatryan qeyd edib ki, böyük ehtimalla bu məbləğ hökumətin müvafiq qərarı ilə təsdiqlənəcək. Dövlət kreditin məbləğini növbəti 10 il ərzində ödəyəcək.

Ancaq T.Xaçatryanın açıqladığı proq­ram Qarabağ separatçıları arasında açıq narazılıq yaradıb. Onlar bildiriblər ki, “Ana Ermənistan” Qarabağdan gəlmiş “balalarına” yalnız burada qalıb yaşaya­caqları və vətəndaşlıq alacaqları təqdirdə dəstək verməyə hazırdır. Müvəqqəti ya­şamaq və gələcəkdə Qarabağa qayıtmaq istəyənlərə isə hökumət kömək etməyə hazır deyil. Özünü “dqr-in ərazi idarəet­mə naziri” adlandıran Hayk Xanumyan bildirib ki, hökumətin bu nizamlanma proqramı Qarabağ erməniləri ilə müza­kirə olunmayıb və onların bu məsələdə mövqeyi nəzərə alınmayıb. Onun söz­lərinə görə, hökumət köçkünlərə mən­zil sertifikatı verməkdənsə, onlar üçün yaşayış kompleksləri tiksə, daha yaxşı olar. Onun sözlərinə görə, hazırkı qərar problemli rayonlardan, yəni sərhədyanı yaşayış məntəqələrindən İrəvana miqra­siyanın artmasına səbəb olacaq.

Separatçıların Ermənistanda var ol­duğunu iddia edən oyuncaq “parlamen­ti” də kənarda qalmayıb. “Deputatlar” bu ideyanın onlarla müzakirə edilməmə­sindən inciyib və bunu “qeyri-adekvat” adlandırıblar. Onlar hesab edirlər ki, bu proqram Qarabağdan köçmüş ermənilər arasında narazılıq və etirazlara səbəb olacaq və onları Ermənistanı tərk etməyə məcbur edəcək.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev mövzu ilə bağlı “XQ”-yə açıqlamasında Qarabağın mülki erməni əhalisinin sepa­ratizmin qurbanına çevrildiyini bildirdi. Po­litoloq qeyd etdi ki, həmin təbəqə 1988-ci ildən sonra dəfələrlə aldadılıblar: “Vaxtilə onları aldadanlar separatçılar, daşnaklar olublar. İndi isə həmin prosesi Ermənis­tandakı revanşistlər icra edirlər. Mülki əhali 1988-ci ildə separatizmə dəstək verdi. Nəticədə Azərbaycan torpaqlarının işğalına və on minlərlə insanın ölümünə bais oldular. Elə fikirləşdilər ki, onlar üçün yaxşı olacaq. Amma beynəlxalq aləmdən ciddi dəstək ala bilmədilər. Onları idarə edən separatçılar isə erməni diasporun­dan aldıqları böyük pulları mənimsədilər. Qarabağın erməni əhalisi isə ac-yalavac dolanmaqla, orduya hərbçi göndərməklə məşğul oldu. Əslində, bu, onlar üçün çox ciddi xəbərdarlıq olmalı idi. Ən pisi isə o oldu ki, onlar Azərbaycanla danışıqlara müsbət reaksiya vermədilər. Hər zaman separatçıların tərəfini tutdular. Bunun nəticəsi İkinci Qarabağ müharibəsi oldu. Müharibə zamanı da onların iradəsini sındıran silahlı xunta yenə mülki əhalini aldatdı. Məğlub olacaqlarını bilə-bilə on­ları Azərbaycanla döyüşə səfərbər etdi”.

C.Vəliyev bildirdi ki, Qarabağ ermə­niləri antiterror tədbirlərindən sonra da aldadılıblar: “Dedilər ki, təcili bölgəni tərk edin. Əgər siz indi Qarabağı tərk edərsi­nizsə, Azərbaycana güclü təzyiqlər ola­caq və sizi daha yaxşı şərtlər altında geri qaytaracağıq. Amma məlumdur ki, belə olmadı”.

Müsahibimiz onu da vurğuladı ki, Qa­rabağ ermənilərinin Ermənistana göç et­məsində rəsmi İrəvanın da öz marağı var idi: “Ermənistan əhalisinin sayı getdikcə azalır. Qarabağ ermənilərinin Ermənis­tana köçürülməsi ölkə əhalisinin sayının birdən-birə xeyli artması deməkdir. An­caq onlar getdikləri gündən etibarən Er­mənistanda da qərar tuta bilmirlər. Törət­dikləri cinayətlər səbəbindən Qarabağa qayıtmamağı üstün tuturlar. Ermənista­nın sosial-iqtisadi vəziyyətinə görə orada yaşaya bilmirlər – tələbləri qarşılanmır. Odur ki, xaricə üz tutmaq məcburiyyətin­də qalırlar. Halbuki, Azərbaycan ərazisin­də qalıb yaşasaydılar, onlara bütün ölkə vətəndaşlarının malik olduqları hüquqlar veriləcəkdi. Rəsmi Bakı onlara reinteqra­siya planını təklif etmişdi. Beləliklə, Qara­bağ erməniləri bir neçə dəfə aldadıldılar və özləri-özlərini separatizmin qurbanına çevirdilər”.

Səxavət HƏMİD
XQ



Siyasət