Antalya şəhərində keçirilən III Diplomatiya Forumunda dünyanı narahat edən əsas mövzular müzakirə olunur
Miqyasına, coğrafiyasına, rəsmi qonaqların ranqına və sayına görə Antalya Diplomatiya Forumu dünyanın diqqət mərkəzindədir. Türkiyə Xarici İşlər Nazirliyinin evsahibliyi ilə təşkil olunmuş üçüncü forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir.Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncəyə zəmin yaratmaq, eləcə də planetdə davam edən müharibələr, terrorizm, qanunsuz miqrasiya, ksenofobiya və anti–İslam, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.
Qlobal böhran dövründə diplomatiya önə çıxır
Forumun mövzusu “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq”dır. Mötəbər beynəlxalq tədbirdə iştirak etmək üçün 20-dən çox dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan çox ölkə forumda xarici işlər nazirləri səviyyəsində təmsil olunur.
“Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan forumun rəsmi açılış mərasimində etdiyi çıxışında deyib. Antalya müzakirələrinin dünyaya töhfə verəcəyinə ümid etdiyini vurğulayan R.T.Ərdoğan amma bir məsələdə o qədər də ümidli olmadığını da dilə gətirib: “Çünki islamafobiya dünyada vəba kimi yayılır, xaoslar getdikcə artır. Beynəlxalq nizam isə zəifləyir. Türkiyə İŞİD terror təşkilatını məğlub edən yeganə NATO ölkəsidir. Ankara 40 ildir terrorla mübarizə aparır. Mübarizəmiz davam edəcək. Türkiyə prinsiplərindən geri çəkilməyəcək”.
“Ermənistanla başladığımız normallaşma prosesini bundan sonra da davam etdirəcəyik” – deyən Türkiyə lideri çıxışında onu da bildirib ki, bu proses Azərbaycanla paralel olaraq aparılacaq: “Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün indi şərait yaranıb”.
Panel iclaslarda müzakirə olunan mövzular
Qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzunun müzakirə olunacağı forumda “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyevin moderatorluğu ilə təşkil olunacaq “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT” mövzulu paneldə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
Üç gün davam edəcək forumun 1-ci günü C.Bayramov Özbəkistan XİN-in başçısı Baxtiyor Saidov, Küveyt Dövlətinin Xarici işlər naziri Abdullah Əli Əl-Yəhya, Qırğız Respublikasının Xarici işlər naziri Ceenbek Kulubayev, Panama Respublikasının Xarici işlər naziri Janaina Tevaney, Burkina Fasonun Xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore ilə ikitərəfli görüşlər keçirib.
Azərbaycan XİN başçısı C.Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin prezidenti Haluk Görgünlə görüşüb. Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirdə, həmçinin Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçiriləcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak edəcəyi panel iclasda isə “Beynəlxalq ticarət, ünsiyyət və qarşılıqlı asılılıq” mövzusu müzakirə olunacaq. Üç gün davam edəcək forumu işıqlandırmaq üçün 350-si xarici olmaqla, ümumilikdə, 750 media təmsilçisi Antalyadadır.
“Sülh nə Parisin, nə də Brüsselin deyil, Bakı və İrəvanın əlindədir”
III Diplomatiya Forumu çərçivəsində “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzularında təşkil edilmiş panellərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, çıxışında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Berlin görüşündən sonra həllini gözləyən açıq sualların hələ də qaldığını diqqətə çatdırıb: “Azərbaycanın gündəliyində Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişə nail olmaq var. Buna məsuliyyətlə yanaşılmalı, sülhlə bağlı real və səmimi niyyətlər olmalıdır. Bu baxımdan Azərbaycan sülh müqaviləsinin ikitərəfli komponentinə də diqqət yetirir”.
Azərbaycan Prezidentinin köməkçisi çıxışında onu da qeyd edib ki, sülh nə Parisin, nə Brüsselin, nə də başqa yerin deyil, Bakı və İrəvanın əlindədir: “İki ölkə bir-biri ilə razılığa gəlməli və sülh gündəmini irəli sürməlidir. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi həllini tapmalıdır. Ermənistanla Azərbaycan arasında sərhəd qarşıdurma xətti deyil, real sərhəd olmalıdır. Bu baxımdan bizim Aİ-nin Ermənistandakı missiyasına müəyyən suallarımız var. Bundan başqa, militarizasiya proqramları və silahlanma yarışları təşviq edilməməlidir”.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən 30 il ərzində Gürcüstanla çox səmərəli regional əməkdaşlıq modeli qurmaq mümkün olub və Ermənistan da bundan faydalana bilər.
Daha sonra “X” sosial platformasında Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı maraqlı və gərgin panel müzakirələrin keçirildiyini yazan H.Hacıyev “Cənubi Qafqazda artıq de-fakto sülh var” – qeydini edib.
Sonda onu da xatırladaq ki, III Antaliya Diplomatiya Forumu 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra qeyri-müəyyən müddətə təxirə salınmışdı.
İ.HƏSƏNQALA
XQ