BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) respublikamızda keçirilməsi barədə yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana qarşı böyük etimadın, eləcə də, ətraf mühitin mühafizəsi, milli, regional və qlobal səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınması işinə ölkəmizin töhfəsinin təsdiqidir. Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ diqqət mərkəzində saxlanılır.
Xatırladaq ki, adı çəkilən prioritetlərdə Azərbaycanda dayanıqlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, həmçinin işğaldan azad olunan ərazilərə qayıdışın və təmiz ətraf mühitin gerçəkləşdirilməsi istiqamətləri xüsusi yer alıb.
Göründüyü kimi, Azərbaycanın 2030-cu ilədək 5 milli sosial-iqtisadi inkişaf prioritetindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu təşəbbüsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına başlanılıb. Bununla əlaqədar istixana qazları emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaq qarşısına əsas hədəf kimi qoyulub.
Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində bununla bağlı deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən, günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq”.
Prezident İlham Əliyev nitqində, bundan sonra elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini, bununla da Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb.
Yeri gəlmişkən, ölkəmizdə Naxçıvan Muxtar Respublikası, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonaları” elan edilib. Həmçinin ətraf mühitin mühafizəsi düşməndən təmizlənən ərazilərin irimiqyaslı bərpa və yenidənqurma prosesində prioritet istiqamət olaraq qəbul olunub. Bu ərazilərdə artıq “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqinə, ekosistemin bərpasına başlanılıb.
Prezident İlham Əliiyev bir müddət bundan əvvəl çıxışlarının birində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bərpaolunan enerji layihələrinin icrasından danışarkən, 2021–2023-cü illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi gücü 170 meqavatt olan su elektrik stansiyalarının istismara verildiyini bildirib. Ölkə rəhbəri, eyni zamanda gələn ilin sonunadək bu stansiyaların gücünün 270 meqavatt olacağını, bir neçə il sonra isə həmin göstəricinin 500 meqavatta çatacağını diqqətə çatdırıb. Yeri gəlmişkən, cari ilin oktyabr ayında respublikamızda Xəzər dənizi və Qafqaz regionunda ən böyük elektrik stansiyası olan 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyası istismara verilib.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə potensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir.
Burada bir məqamı da xatırlatmaq istərdim. Mütəxəssislərin fikrincə, ənənəvi elektrik enerjisi istehsalından “yaşıl enerji”yə sürətli keçid müəyyən zaman tələb edir. Bu məsələdə investisiya qoyuluşu da zəruri amillərdən biridir. Amma bərpaolunan enerjiyə keçid heç də neft, qaz və kömür kimi enerji mənbələrinin istifadəsinə son qoymaq anlamına gəlmir. Dövlətimizin başçısı yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində bu məqama toxunaraq bildirib: “Ənənəvi yanacaq növləri – neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”.
Beləliklə, dövlət başçımızın vurğuladığı kimi, ölkəmizdə istər neft-qaz hasilatının sabitləşməsi, istərsə də bu sahənin ixrac imkanlarının genişləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilməklə bərabər, “yaşıl enerji” mənbələrinin sürətlə işə salınması da zamanın prioritet istiqaməti kimi diqqətdə saxlanılır və bu yöndə davamlı layihələr gerçəkləşdirilir. Qısa dövr ərzində “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” təşəbbüsünün gerçəkləşməsi istiqamətində görülən genişmiqyaslı işlər də bunun parlaq ifadəsidir.
Qeyd edək ki, Azərbaycanda hasil olunan “yaşıl enerji”nin əsas satış bazarı Avropadır və artıq bərpaolunan enerji mənbələrindən enerji tədarükünün reallaşdırılmasına hazırlaşılır. 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün gerçəkləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişinin imzalanması da bunun bariz ifadəsidir. Xatırladaq ki, əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir.
Kabel Azərbaycanda istehsal olunan “yaşıl elektrik” enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulur. Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz" enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.
Onu da qeyd edək ki, neft-qaz istehsalçısı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün öz fəaliyyətində “yaşıl enerji” prinsiplərini diqqətdə saxlayır. Məsələn, SOCAR-ın törəməsi – “SOCAR AQŞ” MMC ətraf mühit, sosial və idarəetmə öhdəlikləri üzrə zərərli və istixana qazları emissiyalarını azaltmağı qarşısına məqsəd qoyub. MMC-nin Baş direktoru Samir Mollayev Bakıda keçirilən “IADS Drilling Caspian” konfransında bununla bağlı deyib: “Şirkətimizin nəqliyyat parkındakı avtomobillər bundan sonra benzinlə deyil, elektriklə işləyəcək. Eyni zamanda, müəssisə fəaliyyətində su ehtiyatlarından davamlı istifadəyə üstünlük verəcək. “SOCAR AQŞ” bu prosesi qısa müddətdə su filtrasiya sistemi quraşdırmaqla həyata keçirəcək”.
Qeyd edək ki, “SOCAR-AQŞ” 2007-ci ildə yaradılıb, neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Şirkətin təsisçiləri 13,4 faiz payla SOCAR, 73,8 faiz payla “Nobel Oil LTD” şirkətinin Azərbaycandakı filialı və 12,8 faiz payla “Abşeron Qazma” MMC-dir.
Vaqif BAYRAMOV
XQ