Qırğızıstanla biznesin inkişafına birgə dəstək

post-img

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına mühüm önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Azərbaycan–Qırğızıstan İnkişaf Fondu bu istiqamətdə səmərəli platforma kimi çıxış edir. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə bu dövlətlər arasında əlaqələrin inkişafını sürətləndirir. 

Məlumatda o da qeyd edilir ki, fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstan­da qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə in­vestisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyekt­lərinin aqrar-sənaye kompleksi, energetika, bağ­çılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək. 

Mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun ni­zamnamə kapitalı 25 milyon dollar təşkil edir. Nizamnamə kapitalına qoyulan vəsait ölkəmiz, habelə beynəlxalq maliyyə institutları, xarici hö­kumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qada­ğan olunmayan digər mənbələrdən formalaşır.

2022-ci il oktyabrın 11-də Qırğızıstanın pay­taxtı Bişkek şəhərində “Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib.

XQ

İqtisadiyyat