BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, cari ilin sonuna kimi, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda (AÇG) hasilatın kəskin azalmasının qarşısının alınması proqramının hazırlanması nəzərdə tutulur.
Vitse-prezidentin sözlərinə görə, AÇG-də hasilatın azalması tempinin sabitləşməsi ilə bağlı müzakirə xeyli vaxtdır ki, davam edir. Bu, prinsip etibarı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə həyata keçirilən prosesdir.
B.Aslanbəyli vurğulayıb ki, hasilatın nəzərdə tutulandan çox aşağı düşməsi təbii ki, ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Eyni zamanda belə bir vəziyyət BP şirkətində və bütün konsorsium üzvlərində də narahatlıq doğurur. Buna görə də bütün tərəflər hasilatın düşmə tempinin azaldılmasında və sabitləşməsində maraqlıdır.
Qeyd ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Onun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də təsdiqlənib, 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişlə yataqların 2049-cu ilin sonunadək işlənməsi nəzərdə tutulub.
XQ