Təhlükəsizlik zirvəsində İrəvanın uğursuzluğu

post-img

Son illərdə xarici siyasətdə ardıcıl uğursuzluğa düçar olan Ermənistan hökuməti fevralın 14-dən 16-dək keçirilən Münxen Təhlükəsizlik Konfransında da eyni aqibəti yaşadı. Hərçənd ki, ölkə konfransda yüksək səviyyədə – baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunurdu. Buna baxmayaraq, Paşinyanın keçirdiyi görüşlərin sayının azlığı diqqətdən yayınmadı. Ermənistanın hökumət başçısının Münxendə keçirdiyi görüşlərin qrafikinə baxdıqda müşahidə olunan qeyri-məhsuldarlığı İrəvanla əməkdaşlıq etmək istəyənlərin sayının son dərəcə az olması ilə izah etmək mümkündür.

Bugünlərdə Hayastan mediasında yayı­lan bir xəbərdə qeyd olunur ki, Paşinyanın keçirdiyi azsaylı görüşlər belə Ermənistan tərəfinin xahişi ilə baş tutub.

Əslində, bu da anlaşılandır. Uzun illər yürütdüyü işğalçılıq siyasəti üzündən region­da dalan vəziyyətinə düşmüş, iki qonşusu ilə sərhədləri dövlət müstəqilliyinin bərpasından bəri bağlı qalan, bütün regional kommuni­kasiya xətlərinin yan keçdiyi Ermənistan hazırda, necə deyərlər, əkdiyini biçir. Bu gün Ermənistan dünya birliyi üçün cəlbedici ölkə deyil. Yaranmış vəziyyətin təqsirkarı isə hayların həm əvvəlki, həm də indiki rəhbər­liyidir.

Onu da bildirək ki, fevralın 17-də Münxendə Almaniya tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kans­ler Olaf Şolts və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdə Almaniya Kansleri giriş nitqi söyləyib. O, Almaniya­nın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb. Sonra görüş ikitərəfli formatda davam etdi­rilib. Prezident İlham Əliyev və baş naziri N.Paşinyanın görüşündə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibət­lərin normallaşdırılması, sərhədlərin delimi­tasiyası məsələləri müzakirə olunub. Xarici işlər nazirlərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əs­nasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Amma ermənilərin özləri etiraf edirlər ki, Münxen danışıqları uğursuzluqla yekun­laşıb. Bu barədə politoloq Beniamin Mate­vosyanın səsləndirdiyi fikirlər diqqəti cəlb edir. O, “Nyus.am”ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan Ermənistanla danışıq­larda özünün milli maraqlarını əsas götürür və Qərb platformasında görüşlərə də göz­ləntilərinin tam şəkildə reallaşacağını hesab etdiyi halda razılıq verir. Matevosyan deyib ki, yaxın bir ay ərzində tərəflərin Münxendə hansı nəticəyə gəldiyi bəlli olacaq. Politoloq onu da bildirib ki, Münxen görüşünü ermə­ni tərəfinin məğlubiyyəti hesab etmək olar: “Çünki erməni tərəfinin ilkin olaraq mövqeyi belə idi ki, Qərb platformasında danışıqlarda hansısa üçüncü ölkə təmsil olunmalıdırsa, o da mütləq Fransa olmalıdır. Paşinyan, faktiki olaraq, burada da güzəştə getdi və Makronu Şolts əvəz etdi”.

“Hraparak” qəzeti isə yazır ki, Paşin­yanın Münxen və ətrafında yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşdə Rusiya–Ukrayna münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra Ermənistanda anti-Rusi­ya əhval-ruhiyyəsi yeni impuls alacaq. Bu mövzuda dərc olunmuş məqalədə deyilir: “Münxen səfərindən sonra Ermənistanda an­ti-Rusiya əhval-ruhiyyəsi yeni impulsla for­malaşacaq. Tarazlıq vəziyyətində olan Ermə­nistan–Rusiya münasibətlərini fundamental şəkildə dağıtmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırıb çıxarmağa cəhd edilə­cək. Hökumətyönlü mənbələr Qərbin İrəvan qarşısında belə bir tələb irəli sürdüyünü, bunun müqabilində “Azərbaycanın hərbi ambisiyalarını cilovlayacağını” (?) vəd etdi­yini bildirirlər. Məhz buna görə də Paşinyan Münxendə erməni icmasının nümayəndələri ilə görüşündə Rusiya–Ukrayna münasibətləri ilə bağlı mövqeyini bir daha təkrar edib”.

Qeyd edək ki, Paşinyan həmin görüşdə bildirib: “Mən çoxdan deyirəm ki, Ermənis­tan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu, bizim səmimi mövqeyimizdir”.

Ermənistan parlamentindəki müxalifət­çi “Hayastan” blokundan olan deputat Artur Xaçatryan fevralın 20-də qanunverici orqan­da jurnalistlərlə söhbətində Münxen görüşü barədə cəmiyyətə əvvəlcədən məlumat veril­mədiyini deyib. Onun sözlərinə görə, erməni cəmiyyəti yalnız görüşlərin keçirilməsindən sonra ondan xəbər tutur: “Bu, 2018-2020-ci illərdə Azərbaycan görüş elan edəndə və ondan sonra Ermənistan tərəfi bu faktı eti­raf etmək məcburiyyətində qalanda olduğu kimidir. Hökumətin həmin metodu Minsk qrupu çərçivəsində danışıqların uğursuzluğu­na və müharibəyə gətirib çıxardı. Eyni halın təkrarının nəyə gətirəcəyini bu gün demək çox çətindir. Biz görürük ki, danışıqlar for­matında dəyişiklik var, əlbəttə, danışıqlar ge­dir. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir. Azərbaycan isə Qərbi onun şərtləri ilə hesablaşmağa məcbur edərək Avropa meydançasında görüşlərə qa­tılmağa razılıq verir”.

Deputat daha sonra bildirib: “Birləşmiş Ştatlar deyir ki, Ermənistan–Azərbaycan əlaqələrini təşviq edir. Başqa sözlə, bu, o deməkdir ki, onlar prosesdən əllərini üzüb deyirlər: Gedin, nə istəyirsizsə edin, biz va­sitəçi və ya zamin deyilik. O ki qaldı, Alma­niyaya... Berlinlə Ankara sıx əməkdaşlıq edir. Mən bunun Ermənistana yaxşı nəsə verəcəyi­ni təsəvvür etmirəm”.

Onun sözlərinə görə, Ermənistan nazirlər kabinetinin rəhbərindən fərqli olaraq, Pre­zident İlham Əliyev bütün platformalarda ölkəsi üçün lazım olanları əldə edə bilir: “Pa­şinyan isə hər yerdə uduzur. Danışıq masa­sının yerinin, təşəbbüsçünün və təşkilatçının kim olmasının fərqi yoxdur. Ölkə başçısı öz dövlətinin maraqlarını hər yerdə qorumağı bacarmalıdır. Şübhə yoxdur ki, Paşinyan Er­mənistanın əleyhinə işləyir”.

Politoloq Suren Surenyants isə Nikolun Münxendə Ukrayna ilə bağlı verdiyi bəya­natları tənqid edib: “Paşinyan bildirdi ki, Alma-Ata Bəyannaməsi təkcə Ermənistana deyil, həm də Ukraynaya aiddir. Ona görə də Ukraynanın ərazi bütövlüyünə hörmət edil­məlidir. O, hətta bu epizodla da 2022-ci il ok­tyabrın 6-da Praqada imzalanmış dördtərəfli bəyanatın yalnız Qarabağ probleminə və ya Ermənistanın ərazi bütövlüyünün qorunma­sına deyil, Ermənistanın strateji oriyentasi­yasının dəyişdirilməsinə yönəldiyini gizlədə bilmir. Bu yolda “Artsax” ilk qurban olmalı (?) idi”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu yanında Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, “Beynəlxalq analitika” jurnalının baş redaktoru Sergey Markedonov isə bildirib ki, Qərb İrəvanla Bakı arasında sülh prosesinin durğunluğu fonunda təşəbbüsü ələ keçirməyə cəhd edir: “Fevralın 16-da Ermənistan nümayəndə heyəti üçgünlük işgüzar səfərlə Almaniyaya gedib. Onun tərkibinə Nazirlər Kabinetinin rəhbəri ilə yanaşı, xarici işlər və müdafiə na­zirləri Ararat Mirzoyan və Suren Papikyan da daxil idi. Səfərin əsas hadisəsi Münxen Təhlükəsizlik Konfransında iştirak olub. Fo­rumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Burada iki tərəf arasında kon­fransa yanaşmalardakı fərqlərə diqqət yetir­məyə dəyər”.

S.Markedonov qeyd edib ki, Azərbaycan nümayəndələri Ermənistanla münasibətlə­rin qaydaya salınmasının vacibliyindən da­nışdılar, lakin bu, Bakı üçün yeganə mövzu deyildi: “2024-cü ilin noyabrında Bakıda BMT-nin iqlim məsələlərinə həsr olunmuş konfransı keçiriləcək. Azərbaycan üçün ölkə­nin regional etnosiyasi münaqişələrdən birini həll etdiyini göstərmək vacibdir. Erməni tərə­fi sülh gündəliyinə diqqət yetirsə də, mövcud şəraitdə onlar üçün bir növ, “simalarını qo­ruyan” düstur tapmaq çox vacibdir. Azərbay­candan fərqli olaraq, Ermənistan hakimiyyəti müəyyən daxili siyasi təzyiq altındadır”.

Politoloq bildirib ki, nə olursa-olsun, Prezident İlham Əliyev və baş nazir N.Paşin­yan 2024-cü ildə ilk dəfə Qərb meydanında görüşüblər. Almaniya burada təşəbbüsçü və təşkilatçı qismində çıxış edib. Qeyd edək ki, təhlükəsizlik konfransı Ermənistan–Azər­baycan şərti sərhədində hərbi eskalasiyadan bir neçə gün sonra baş tutub. Danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Uzun müddətdir müzakirə edilən məsələlərin bütün spektri diqqət mərkəzində olub. Lakin sülh prosesinin durğunluğu fonunda danışıq­lar təşəbbüsünü ələ keçirməyə çalışan məhz Qərb (ABŞ və onun avropalı müttəfiqləri) idi”.

Onu da bildirək ki, Paşinyanın Münxenə geniş nümayəndə heyəti ilə yollanması da Ermənistanda tənqid olunub. “Enaket” ana­litik mərkəzinin rəhbəri Vitali Manqasaryan N.Paşinyanın fevralın 15-də Ermənistan hö­kumətinin iclasında səsləndirdiyi bəyanatlara və ondan sonra baş verənlərə diqqət çəkib: “İki gün əvvəl hökumətin iclasında Paşinyan bəyan etdi ki, Azərbaycan hücum planlaşdırır və güc yolu ilə ərazilər ələ keçirmək istəyir. Ertəsi gün hökumət başçısı, baş nazirin müa­vini, müdafiə naziri, parlamentin sədri və bir sıra digər yüksək rütbəli məmurlar ölkədə yox idi. Bu, ona bənzəyir ki, hərbi hissənin komandiri müşavirə keçirir, qarşı tərəfin hü­cum təhlükəsi ilə bağlı tabeliyində olanlara ayıq-sayıqlığı artırmağı əmr edir və ertəsi gün müavinləri ilə ezamiyyətə gedir”.

V.Manqasaryan xatırladıb ki, Paşinyan məlum bəyanatı verdikdən sonra xarici işlər və müdafiə nazirləri ilə birgə Münxenə yol­lanıb. Həmin vaxt parlamentin sədri Alen Si­monyanın başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstanda, baş nazirin müavini Mher Qriqoryan isə İranda səfərdə olub. Beləliklə, ölkə bir neçə gün faktiki olaraq, başsız qalıb.

İlyas HÜSEYNOV, 
politoloq

– Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransın­da iştirakı çox uğurlu oldu. Dövlət başçımızın görüşlərinin qrafikinə baxdıqda müşahidə etdiyimiz in­tensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının son dərə­cə çoxluğu ilə izah edə bilərik. Azər­baycan liderinin dünyadakı nüfuzu, siyasi uzaqgörənliyi, praqmatik və gələcəyə hesablanmış, uzun müddə­ti özündə ehtiva edən yanaşmaları, əlbəttə, diqqət mərkəzindədir. Ke­çirilən görüşlərin qarşı tərəflərin xahişi ilə baş tutduğu da xüsusi vur­ğulanmalıdır. Butün bunlar Azər­baycanın regionda yaratdığı yeni reallıqlar müstəvisində əməkdaşlıq perspektivləri ilə birbaşa bağlıdır.

Digər tərəfdən, qeyd etmək la­zımdır ki, konfransda Ermənistanın baş nazirinə diqqət çox aşağı səviy­yədə idi. Onunla görüşlər keçirmək, təmas qurmaq istəyən dövlət və hö­kumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, özəl sector nümayəndələ­ri çox az idi. Bu xüsusda Ermənistan mediasında ekspertlər səviyyəsində müxtəlif müzakirələr aparılır. Ümu­mi rəy Münxen Təhlükəsizlik Konf­ransının rəsmi İrəvan üçün uğursuz olması istiqamətindədir.

Eyni zamanda, Ermənistan tərə­fi Almaniya Kanslerinin iştirakı ilə keçirilən görüşə, yəni Qərb platfor­masında danışıqlara böyük ümidlər­lə yanaşırdı. Lakin nəticə xarici işlər nazirlərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimi­tasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilmə­sindən ibarət oldu. Gəlinən qənaət bundan ibarətdir ki, görüşlərin hansı platformada keçirilməsindən asılı olmayaraq, Ermənistanın sə­mimi yanaşma nümayiş etdirmədiyi təqdirdə regonda sülh əldə etmək mümkün olmayacaq. Sülhün olma­masından ən çox əziyyət çəkən isə Hayastan olacaq.

Səxavət HƏMİD
XQ



Siyasət