II MƏQALƏ
Prezident İlham Əliyevin Münxen Təhükəsizlik Konfransında iştirakının qlobal miqyasda geosiyasi təsiri olan hadisə kimi qəbul edilməsi kifayət qədər ciddi arqumentlərə əsaslanır. İlham Əliyevə olan münasibət, danışıqların xüsusi diplomatik incəlik və diqqətlə hazırlanması ilə yanaşı, Azərbaycan rəhbərinin beynəlxalq təşkilatların–müstəqil dövlətlərin münasibətləri haqqında obyektiv fikirlər ifadə etməsi və konkret tezislər irəli sürməsi bu baxımdan çox əhəmiyyətlidir. Məsələnin dərin geosiyasi “qatlar”da vacib məqamları mövcuddur.
Liderin şəxsi nüfuzu
Politoloqlar müasir mərhələdə liderin şəxsi nüfuzunu onun fəaliyyət miqyası və liderlik missiyası ilə sıx bağlılıqda təhlil edirlər. Geosiyasi mühitdə risklərin, təhdidlərin və xaotik tendensiyaların dominantlıq etdiyi bir dönəmdə bir sıra aktual problemlərin həlli liderlər arasındakı münasibətlərin xarakterindən çox asılı olur. Kommunikabelli liderlər şəxsi inandırma və etibarlılıq keyfiyyəti sayəsində çox təhlükəli siyasi tendensiyaların qarşısını ala bilir və prosesləri tam müsbət məcraya yönəldir.
İlham Əliyev Cənubi Qafqazda regional siyasi və geosiyasi situasiyanın xaosdan, riskdən və qeyri-müəyyənlikdən yeni nizama, sabit mühitin yaradılmasına və aydın inkişaf perspektivinin formalaşmasına təkan verən, onu stimullaşdıran liderdir. Son Münxen görüşlərinin arxasında dayanan və ciddi geosiyasi məna kəsb edən faktor bundan ibarətdir. Burada faktlara nəzər yetirək.
Dünyanın inkişaf etmiş ölkələrinin liderləri açıq etiraf etməsələr də, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün aparıcı lider və şəxsiyyət kimi İlham Əliyevə müraciət etmişlər. Nikol Paşinyanın mövqeyi artıq məlum olan baş nazir və bunun elə bir əhəmiyyət daşımadığını güman edən siyasətçi obrazı yarandı. O mənada ki, Qərb dövlətlərinin liderləri “Paşinyana nə desək, razıdır” məntiqi ilə davrandılar. Ancaq “İlham Əliyevin mövqeyini öyrənmək lazımdır və o, mütləq nəzərə alınmalıdır”– mövqeyini ortaya qoydular. Bu növ davranış həm O.Şoltsun, həm də A.Blinkenin İlham Əliyevlə danışıqlardakı jestləri, diplomatik leksikonları və müzakirənin konkret məzmunu göstərdi. Deməli, Azərbaycan Prezidentinin lider kimi nüfuz dairəsi Avrasiya məkanı da bəllidir.
Müzakirələrin məzmunu
Münxen danışıqlarının təşkili və müzakirələrin məzmununda iki mühüm geosiyasi faktor özünü göstərmişdir. Onlardan biri görüşün təşkilində vasitəçi olanın, danışıqlara təsirinin faktiki surətdə olmaması ilə bağlıdır. Uzun müddətdir ki, Qərb və Rusiya ya həmsədrlər statusunda, ya da ayrıca “obyektiv vasitəçi libası”nda müzakirələrin məzmununa nüfuz edir və gizli ermənipərəst mövqedən nələrisə diktə etməyə çalışırdılar.
İlham Əliyev bu yanlış yanaşmanı ləğv etdi. Son olaraq, Fransa prezidenti E.Makron özünün “yeni vasitəçi” obrazını yaratmağa çalışdı, lakin yenə də Azərbaycan Prezidentinin qətiyyətli, obyektiv və ədalətli mövqeyi sayəsində “kolonialist imici”nə qaytarıldı – Münxen görüşündə izi-tozu yox idi! Əvəzində Azərbaycan Prezidentinin haqlı iradlarının hədəfi oldu!
Almaniyaya gəldikdə isə O.Şolts görüşü təşkil edən statusuna müzakirə otağının giriş qapısına qədər malik idi. Müzakirədə iki siyasətçi – İlham Əliyev və Nikol Paşinyan real iştirak etdilər. N.Paşinyan, haqlı olaraq, suçlu kimi oturmuşdu. İlham Əliyev isə məntiqi və obyektiv olaraq erməni siyasətçiyə məsələnin həlli yollarını bir daha izah edirdi. N.Paşinyan öncədən faktiki olaraq İlham Əliyevin aparıcılığını qəbul etmişdi. Və ya onun havadarları belə olmasını tələb etmişdilər. Əslində, Ermənistan siyasi rəhbərliyinin sülh danışıqları ilə bağlı Azərbaycan tərəfə hər hansı ciddi iradı ola bilməz. Çünki Bakı ədalətli, reallığa uyğun şərtlər qoymuşdur və onlara əməl olunmasında tələbkarlıq nümayiş etdirməsi siyasi-diplomatik etiketə tam uyğundur!
Müzakirələrdə xarici işlər nazirlərinin bir daha görüşməsi, sərhədlərlə əlaqədar müzakirələrin davam etməsi kimi müsbət nəticələrin əldə olunması birbaşa İlham Əliyevin həyata keçirdiyi normallaşma xəttinin uğurlarındandır. Niyə? Çünki İlham Əliyev çalışırdı ki, danışıqlar vasitəçisiz olsun. Münxendə buna nail oldu. Birbaşa danışıqlar da nəticə verməyə başlamışdır.
Bununla İlham Əliyev yalnız milli lider kimi deyil, həm də Cənubi Qafqazın lider dövləti olan Azəbaycanın başçısı kimi, iradəsini ortaya qoyaraq, bütövlükdə, region üçün müsbət nəticələrə nail olmağın yolunu göstərmişdir. Vasitəçilərin gərəksiz olması fikrinin tam qəbulu Münxen görüşündən sonra daha da konkretləşəcək.
Deməli, İlham Əliyev Ermənistanla sülh danışıqları prosesində Münxendə faktiki olaraq konseptual yeniliyə nail olmuşdur: indi hər kəs vasitəçisiz danışmağın faydasını görür! Bu da birbaşa İlham Əliyevin şəxsi nüfuzu və praktiki fəaliyyətinin ortaq nəticəsidir! Azərbaycan Prezidenti sözü dinlənilən və hər kəsin bu sözlərin praktiki yerinə yetirilməsindən fayda görən danılmaz liderlərdəndir!
Qlobal təsir: beynəlxalq təşkilatlar və müstəqil dövlətlər
Azərbaycan Prezidenti postsovet məkanında heç bir dövlət başçısının nail ola bilmədiyi bir miqyasda uğurludur! Münxen Təhlükəsizlik Konfransı bu reallığı təsdiq edən “siyasi səhnə” oldu!
İlham Əliyev konfransda ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşü zamanı açıq bəyan etdi ki, bu təşkilat üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsi vacibdir. Bundan başqa, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsi önəmlidir. Azərbaycan lideri fikirlərinə davam edərək, Qarabağla bağlı real vəziyyəti də bir daha avropalı rəsmiyə xatırlatmışdır. Vurğulamışdır ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Nəhayət, çox mühüm olan bir məqam: “Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı”.
Bu fikirləri ilə İlham Əliyev bir sıra məqamları avropalı rəsmiyə izah etmişdir. Birincisi, Azərbaycan Prezidenti müstəqil dövlətin başçısı kimi beynəlxalq təşkilatların vəzifələrinin öhdəsindən gəlməsi üçün zəruri islahatlara ehtiyacının olduğunu vurğulamışdır. Postsovet məkanındakı müstəqil dövlətlərin başçıları, adətən, mövcud olanı tərifləyirlər. Onlardan hər hansı yeni təşəbbüs, vəziyyəti dəyişə biləcək tezis irəli sürülmür. Xüsusilə, N.Paşinyan beynəlxalq təşkilatlara ya yalvarır, ya da kömək istəyir. Onun üçün təşkilatın fəaliyyətinin faydalı olub-olmaması önəmli deyildir. Çünki Ermənistan bir dövlət və N.Paşinyan da bir lider olaraq beynəlxalq miqyasda dövlətlərarası münasibətlərə hər hansı töhfə vermək iqtidarında deyil.
İkincisi, İlham Əliyev isə ATƏT-in üç strukturunun səmərəsiz fəaliyyət göstərdiyini konkret faktlarla ifadə edir və onların ləğv olunması məsələsini qoyur. Bununla Azərbaycan Prezidenti faktiki surətdə Avropa təşkilatlarının vasitəçi olmaq və hansısa bir mövqeyi diktə etmək niyyətlərinə cavab verir. Göstərir ki, əslində, beynəlxaql təşkilatlar yenilənməlidirlər. Onlar lazımi səviyyədə səmərəli fəaliyyət göstərə bilmirlər. Belə vəziyyətdə olan qurumlar mürəkkəb xarakterli Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında necə faydalı ola bilərlər? Qarabağ münaqişəsi ilə bağlı illərdir müşahidə edilən “ATƏT-in vasitəçilik missiyası”nın acı təcrübəsi də bu fikrin doğruluğunu təsdiq edir. ATƏT nümayəndələri regiona, adətən, yeyib-içməyə, ermənilərlə vaxt keçirib, guya, “fəal vasitəçilik” missiyasını yerinə yetirmək üçün gəlirdirlər. Uzun illər belə oldu və artıq belə davam etməsi mümkün deyildir. Beynəlxalq təşkilatlar vaxt uzatmaqla, baş aldatmaqla və təcavüzkara hər hansı saxta arqumentlə haqq qazandırmaqla vasitəçi ola bilməz! Azərbaycan buna imkan verməyəcəkdir!
Belə alınır ki, İlham Əliyev iki miqyasda müstəqil dövlətlərlə beynəlxalq təşkilatların münasibətlər məsələsini incə diplomatik ritorika ilə aktuallaşdırmışdır.
Onlardan biri ümumiyyətlə, beynəlxalq təşkilatların müstəqilliyini əldə etmiş dövlətlərlə münasibətlərini yeni kriteriyalarla formalaşdırmaq zərurətidir.
Digəri isə konkret olaraq, Cənubi Qafqaza hər hansı kənar müdaxiləyə imkan verilməməsidir. Artıq Azərbaycan bu regionun lideridir və geosiyasi prosesləri məzmunlaşdıran, onlara müsbət yön verəndir! Bu həqiqəti hər kəs, o cümlədən, beynəlxalq təşkilatlar qəbul etməlidirlər! Bu, ilk növbədə, onların özləri üçün faydalı olacaqdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru