Ortaq hədəflərin yüksəliş yolu

post-img

Azərbaycan və Türkiyə dövlət başçılarının yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik hazırda yeni mərhələyə daxil olub, hər iki qardaş dövlət arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə güclənib. Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazanı daha da möhkəmləndirib. İndiyədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini, birgə layihələrin icrasını stimullaşdırıb. 

Hazırda enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələri­mizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Nəq­liyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsi böyük əhəmiyyəti ilə diqqət çəkir. 

Azərbaycan xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin respublikamızda qeyri-neft-qaz sekto­runa investisiya qoyan ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin yatırımı və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı daim təşviq edib.

Azərbaycan qardaş ölkə ilə enerji layihələrinin birgə reallaşdırılmasına da xüsusi önəm verir. Naxçıvan – Türkiyə –Avropa marşrutu və “Cəbrayıl” enerji qov­şağı sayəsində elektrik enerjisinin Ermə­nistan, yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.

Ankarada Prezident İlham Əliye­vin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə fevralın 19-da keçirilən geniş tərkibdə görüşündə, həm­çinin mətbuata bəyanatlarla çıxışlarında da bu barədə ətraflı bəhs edilib. Ticarət, enerji və müdafiə sənayesi sahələrində ölkələrimizin ikitərəfli ticarət dövriyyəsi­nin 2023-cü ildə bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırıldığı vurğulanıb. Bu­nunla belə əsas hədəfə – ticarət dövriy­yəsinin 15 milyard dollara yüksələcəyinə də əminlik ifadə olunub. 

Bu məqamda, həmçinin Dövlət Göm­rük Komitəsinin məlumatına əsaslanaraq xatırlatmaq yerinə düşər ki, ötən il Azər­baycandan qardaş ölkəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51,2 faiz və ya 1 milyard 814 milyon dollar artaraq 5 mil­yard 359,3 milyon dollara bərabər olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edi­lib ki, bu da 2022-ci ilə müqayisədə 9,9 faiz çoxdur. 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3,3 mil­yard dollar təşkil edib. 

Geniş tərkibdə görüşdə, eyni zaman­da, bildirilib ki, may ayında Ankarada ke­çiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Dövlətimizin başçısı İlham Əli­yevin qardaş ölkəyə indiki səfəri çərçivə­sində imzalanan “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qar­şısının alınması haqqında Saziş” də iki qardaş ölkənin bununla bağlı qarşıda du­ran məqsədlərə çatmasına mühüm töhfə verəcək.

Dövlət başçılarının Ankarada keçi­rilən geniş tərkibdə görüşündə geosiyasi nizama təsir edən koronavirus pandemi­yası və Ukrayna müharibəsi kimi proses­lərin Orta Dəhlizin etibarlı marşrut olduğu­nu bir daha təsdiqlədiyi vurğulanıb. Eyni zamanda, 2017-ci ildə açılan Bakı-Tbi­lisi-Qars dəmir yolu xəttinin Orta Dəhlizin strateji mərhələsi olduğu, bu xətdəki işlə­rin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilmə­sinin iki ölkənin ortaq mənfəətinə xidmət etdiyi diqqətə çatdırılıb. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxışında “təmirlə əlaqədar yaşanan plansız bağlanma sə­bəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibə­sini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətir­məyimiz də əhəmiyyətlidir”,–deyərək bu məsələdə dövlətimizin başçısına dəstə­yinə güvəndiyini vurğulayıb. 

Görüşdə iki ölkənin enerji sahə­sindəki əməkdaşlığına da toxunularaq diqqət Avropadan keçən layihələrdə bir­gə təşəbbüslərin artırılmasının önəminə yönəldilib və Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Nax­çıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasının yüksək önəmi dəyərləndirilib. Bununla bərabər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiya­sına – COP29-a bu il evsahibliyi edəcəyi qərarının verilməsinin qardaş Türkiyə­də böyük məmnunluqla qarşılanması diqqətə çatdırılıb.

Xatırladaq ki, fevralın 19-da Ankarada prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaş­ma Memorandumu, baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş və gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergi­tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb. 

V.BAYRAMOV
XQ

Siyasət