Liderlərin bəyanatları və gələcəyə təminat amilləri
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər ilə hər iki ölkə arasındakı möhkəm bağı, sarsılmaz qardaşlığı və dostluğu, ortaq gələcəyə və inkişafa təminatı növbəti dəfə ifadə etdilər.
Dövlət başçılarının dilə gətirdikləri hər kəlmə Bakı və Ankaranın ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inamla irəlilədiklərinin təsdiqi, mövcud istiqamətdəki əməli fəaliyyət müstəvisinin konturları idi. Qardaşlığın və dostluğun qazandırdığı əməli fəaliyyəti isə kifayət qədər çoxqütblü və çoxşaxəlidir. Onun ən müxtəlif tərəflərindən söz açmaq mümkündür. Əminliklə deyə bilərik ki, Azərbaycanın və Türkiyənin başlıca hədəfi budur: qloballaşan dünyada güclü olmaq, qlobal dünyanın güc faktoru rolunda çıxış etmək. Axı dünya güclə hesablaşır. Güc həm də sülh və əminamanlıq mühitidir, davamlı inkişafa, tərəqqiyə aparan yolun qarantıdır.
Ona görə də Türkiyə lideri bildirdi ki, Azərbaycan Prezidenti ilə görüşdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımlar müzakirə olunub: “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir”.
Prezident İlham Əliyev də bəyanatında regionda sülh və sabitliyin təminatının son dərəcə ciddi prioritet olduğunu vurğuladı. Dövlətimizin başçısı gücün əhəmiyyətinə toxundu və mövcud xüsusda Türkiyə amilinin üzərində dayandı: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.
Bu, danılmaz həqiqətdir ki, müasir dövrümüzdə ağa qara deyənlər, haqqı tapdalayanlar, durumu ciddi dəyərləndirməyənlər, xam xəyallara və xülyalara düşənlər, illüziyalara qapılanlar az deyil. Məsələn, Ermənistan və onun xaricdəki havadarları kimi. Azərbaycan və Türkiyə liderləri bu reallığı gözəl bilir, ona görə çıxışlarında ən yaxın keçmişin dərslərini yada salırlar. Nəzərə alaq ki, bu yadasalmanın özü də bir mesajdır. Yəni, cənab Ərdoğanın təbirincə desək, Türkiyə bütün proseslərdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirsə, bu hərəkətin həm ideoloji çıxış nöqtəsi, həm də ortaq tarixə yazılacaq örnəkləri var.
Əlbəttə, müasir dövrdəki ən böyük örnəyimiz 44 günlük Vətən müharibəsidir. Bu müharibə tarixi qardaşlıq ənənələrinin indiki zamanımızdakı ən böyük sınaq meydanı idi. Allaha şükürlər olsun ki, həm Türkiyə, həm də Azərbaycan sınaqdan üzüağ, alnıaçıq, ən əsası isə güclü, daha doğrusu, gücünə güc qataraq çıxdı.
Deməli, növbə sülhündür. Ancaq biz Ermənistanın sülhə gəlmədiyinin, daha doğrusu, gəlmək istəmədiyinin, çeşidli manipulyasiyalara baş vurduğunun, reallıqları dəyişdirməyə yönələn cəhdlər etdiyinin də şahidiyik. Bu isə onu göstərir ki, İrəvana nələrisə yenidən xatırlatmağa ehtiyac var. Elə Türkiyə lideri də xatırlatdı: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.
Prezident İlham Əliyev də öz növbəsində 44 günlük müharibə dönəmini, yəni gücün sülh üçün çarpışdığı anları yada saldı. Ölkəmizin liderinin mövcud xüsusdakı fikirləri Türkiyə dövlətinə və xalqına minnətdarlıq hisslərinin, əbədi qardaşlığa verilən yüksək dəyərin növbəti ifadəsi olmaqla yanaşı, həm də son dərəcə ciddi siyasi mesajdır. Əlbəttə, söhbət müştərək gücə inamın verdiyi mesajdan gedir.
Beləliklə, Türkiyənin Vətən müharibəsində Azərbaycana yüksək siyasi və mənəvi yardımından bəhs edən dövlətimizin başçısı vurğuladı ki, İkinci Qarabağ savaşından sonra Ankaranın Bakıya dəstəyi qarşılıqlı əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Cənab İlham Əliyev zirvəni Türkiyə–Azərbaycan əlaqələrinin qardaşlıq paradiqmasından daha üstün mövqedə təsəvvürə gətirdi ki, belə dəyərləndirmənin özü də son dərəcə vacib məqamdır. Bu yerdə ölkəmizin liderinin bəyanatında vurğuladığı bir fikrini xatırlatmaqla, yenidən güc amilinin üzərinə qayıdaq.
“İkinci Qarabağ savaşı və ondan sonra –düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”, – deyən ölkəmizin liderinin Qarabağda keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyini tam təsdiqlənməsini, bölücü, separatçı qüvvələrə ərazimizdə meydan tanınmamasını da Bakı-Ankara gücünün haqq və ədalət təntənəsi kimi vurğuladığı şübhəsizdir. Cənab Ərdoğanın bəyanatındakı sülhə maneçilik törədən “üçüncü tərəflərə” ən böyük mesaj elə budur.
Məlumdur ki, Azərbaycan–Türkiyə müştərək güc amili yalnız bu iki ölkənin münasibətləri trayektoriyası ilə məhdudlaşan reallıq deyil. Əslində, mövcud məqamı Azərbaycan lideri fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində də önə çəkdi. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət hədəflərindən söz açarkən, Türk dünyası ilə əlaqələrə üstünlük verdi və bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərində dayandı.
Dövlətimizin başçısı Ankaradakı bəyanatında da eyni tezisi dilə gətirdi. Ən əsası isə Prezident Əliyev həm Türkiyə, həm də Türk dünyası ilə münasibətlər müstəvisinə güc amili prizmasından yanaşdı: “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Türkiyə 44 günlük müharibədə olduğu kimi, bu gün də özünün gücü və imkanları ilə Azərbaycanın yanındadır. Prinsipial baxış var: Ölkəmizə qarşı yönəlmiş ədalətsizliklər həm də Türkiyəyə münasibətdəki haqsız davranışdır. Təsadüfi deyil ki, dünyadakı anti-Azərbaycan qüvvələr “fəaliyyətlərini” həm də anti-Türkiyə motivləri üzərində qururlar. Elə buna görə də Prezident Ərdoğan Azərbaycanın Avropa Şurası Parlament Assambleyası çərçivəsində üzləşdiyi ədalətsizliyə, ölkəmizin nümayəndə heyətinin qurumdakı mövqeyindən məhrum düşməsinə reaksiya verdi. Onun yanaşması Türkiyənin 44 günlük müharibədəki mənəvi dəstəyi qədər vacibdir.
Nəzərə alaq ki, hazırda dünyada Azərbaycana qarşı barışmaz mövqe nümayişində olan qüvvələr elə həmin savaşdakı müqəddəs Zəfərimizi həzm edə bilmir, əllərinə düşən hər fürsətdə intiqam almağa çalışırlar. Türkiyə lideri isə belə cəhdlərlə mübarizədə qardaşlığın qələbə çalacağına əminlik yaratdı. Ən əsası isə ortaya qardaşlıq naminə inad və əzm qoydu ki, bunun özü də haqqında söz açdığımız gücün nümayişidir: “Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik”.
Dahi Nizami deyirdi ki, qüvvət elmdədir, başqa cür heç kəs -heç kəsə üstünlük eyləyə bilməz. Bu baxımdan yazımızın sonunda üzərində dayanacağımız məqam da son dərəcə vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir”.
Bəli, gücün həm də elmi əsası olmalıdır. Güc təhsilə söykənməlidir. Deməli, Türkiyə-Azərbaycan Universitetinin yaradılması hər iki ölkənin gücünün mükəmməl düşüncə təntənəsidir. Bu təntənədə fundamentallıq və sistemlilik var. Bu təntənə özündə yalnız Azərbaycanı və Türkiyəni birləşdirmir. Şübhə yoxdur ki, yaradılacaq təhsil ocağı bütövlükdə türk dünyası üçün ideoloji mərkəz funksiyasını yerinə yetirəcək. Elə bir mərkəz ki, türk birliyinin gücünü qlobal faktor kimi bəyan edəcək. Elə ölkəmizin liderinin vurğuladığı məqam da məhz budur: “Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.
Ə.CAHANGİROĞLU
XQ