Dünya Bankı Orta Dəhlizin səmərəliyini təşviq edir

post-img

Dünya Bankının (DB) hesabatında bu maliyyə qurumu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun) səmərəliliyini artırmaq üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edir. 

Hesabatda bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşıma­ları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçid təmin edilməsi zə­ruriliyi diqqətə çatdırılır. Eyni zamanda, logistik qovşaqların yaradılması hesabı­na yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərmək və Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmağın əhəmiyyəti vurğulanır. Bundan başqa, yekun nəqliy­yat tariflərinin şəffaflığı və bu məsələdə proqnozlaşdırmaya üstünlük verilməsi də önə çəkilir. 

DB Azərbaycan və Qazaxıstana də­niz limanında yüklərin daşınma müd­dətini azaltmağı, Bakı – Aktau və əks istiqamətdə marşrutlar üzrə konteyner­lərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı sal­mağı da tövsiyə edir. Adıçəkilən hesaba­ta əsasən, Azərbaycan yüklərin gəmilər­dən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağ­lanması parametrlərini nəzərdən keçir­məli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlə­rinə çıxışı təmin etməlidir. Beynəlxalq maliyyə qurumu, həmçinin Gürcüsta­nın liman-dəmir yolu və avtomobil da­şımalarının səmərəliliyinin artırılacağı, naviqasiya kanalının vəziyyətinin yax­şılaşdırılacağı və konteynerlər üçün liman tariflərinin azaldılacağı təqdirdə Orta Dəhlizin səmərəliliyinin yüksələcəyi əminliyini də vurğulayır. 

Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, DB Qazaxıstan tərəfindən vaqonların sayınının və ma­nevr əməliyyatlarının səmərəliliyinin ar­tırılmasını, Azərbaycan və Gürcüstanın isə bu prosesi əsasən sərhəd-keçid məntəqələrində həyata keçirmələrini təklif edir. Beynəlxalq maliyyə qurumu­nun ekspertləri bildirirlər ki, belə addım­lar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilməlidir. 

Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağını və yük­lərin daşıma müddətini 2 dəfə azalacağını proqnozlaşdırır. Eyni zamanda, bildirir ki, investisiya və əməliyyat təkmilləşdirmələ­rinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, sözügedən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regi­onlarına etibarlı marşrutu gerçəkləşdir­məklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir. 

Yeri gəlmişkən, Sərhədlərarası Tə­dqiqatlar Assosiasiyasının (CBRA) rəh­bəri Maykl Ellisin mediaya bildirdiyinə görə, hazırda Azərbaycan nəqliyyat daşımalarını elektronlaşdırır, məlumat mübadiləsini çevikləşdirir. Bu isə dəh­lizin inkişafı istiqamətində atılan uğurlu bir addımdır. Çünki belə bir əməliyyat Orta Dəhliz boyunca ölkələrin yük keçi­dini asanlaşdırır, konteynerlərin sürətli daşınmasını gerçəkləşdirir. Dünyada ticarət həcminin dinamik artması, buna uyğun nəqliyyatın genişləndirilməsi şə­raitində nəqliyyat daşımalarının elekt­ronlaşdırılması zəruri bir prosesdir. 

Sərhədlərarası Tədqiqatlar Assosi­asiyası rəhbərinin sözlərinə görə, Ru­siya-Ukrayna müharibəsi daşımalara mənfi təsir göstərir. Ukrayna dünya ba­zarında əsas tədarükçü olmaqla buğda zəncirində mühüm yerə sahibdir, müxtə­lif ölkələri bu strateji məhsulla təmin edir. Lakin müharibə mövcud nəqliyyat imkanlarının yetərli olmadığını və Orta Dəhlizin rolunun artırılmasının vacibliyi­ni də göstərir. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıs­tan və Gürcüstanın müvafiq struktur­larının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıs­tan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Orta Dəhlizlə bağlı bir məqamı da vurğulamaq istərdik. Belə ki, Çini Avro­pa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz ölkəmizin iqtisadi maraqlarını əks et­dirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndi­rilməsi Qərblə Şərq arasında körpü ro­lunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır.

İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyətə malik Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlər­dən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi bu dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərlən­dirilir. Buna görə də Orta Dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qa­zaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

Onu da xatırladaq ki, 2023-cü ildə Orta Dəhliz çərçivəsində yükdaşımala­rın həcmi, təqribən, 90 faiz artaraq 2 mil­yon tonu keçib. Yeri gəlmişkən, 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb. Mövcud marşrutlara ciddi alternativ kimi dəyərləndirilən dəhlizin ümumi ötürücü­lük qabiliyyəti isə il ərzində 5,8 milyon ton yükə hesablanıb. 

Qazaxıstanın strateji hədəfi isə 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qa­biliyyətini 10 milyon tona çatdırmaqdır. Bunu reallaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” ara­dan qaldırmaq və Orta Dəhlizi inkişaf et­dirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə “yol xəritələri” imzalayıb.

Sonda onu da deyək ki, 2022-ci ilin martında Azərbaycan və İran arasın­da imzalanan memoranduma əsasən, ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayo­nu ilə İran İslam Respublikasının əra­zisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılması planlaşdırılır. Bu məqsədin reallaşdırıl­ması üçün Araz çayı üzərində iki avto­mobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə, 4 körpünün, eləcə də rabitə və enerji təminatı infrastruktu­runun tikintisi nəzərdə tutulur. 

Artıq Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək bu yolun yaradılması ilə bağlı böyük işlər həyata keçirilir. Həmçinin Qars-Naxçı­van dəmir yolunun inşası da diqqətdə saxlanılır. Bu isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi də dəyərləndi­rilir. 

V.BAYRAMOV
XQ

İqtisadiyyat