Bakıda səslənən Zəngəzur mesajı İrəvanı lərzəyə gətirdi

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi, sülh müqaviləsi, delimitasiya-demarkasiya prosesi, işğal altındakı 8 kənd və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər, ölkəmizin mövqeyinin həmişəki kimi aydın, birmənalı və prinsipial şəkildə ifadə olunması Ermənistanda geniş əks-səda doğurub. Ölkənin müxtəlif informasiya resursları, o cümlədən xəbər saytları müsahibədən çıxarışlar edərək, onu öz səhifələrində yerləşdiriblər. Müsahibə xəbis niyyətli bəzi siyasətçilər, deputatlar, politoloqlar və jurnalistlər arasında isə ajiotaj yaradıb. Ənənəvi anti-Azərbaycan ritorikasına köklənən, bundan özləri üçün, necə deyərlər, xal qazanmağa çalışan həmin şəxslər müsahibəyə isterik reaksiya veriblər. Belələrindən biri özünü “Cənubi Qafqazın problemlərinə diqqət yetirən müstəqil və azad düşüncəli jurnalist” adlandıran Robert Ananyandır.

O, “X” platformasındakı hesa­bında müsahibə ilə bağlı yerləşdirdi­yi irihəcmli yazısında qeyd edib ki, guya, Azərbaycan Prezidenti Ermə­nistanı hədələyib. Ananyan bu fikrini dövlət başçımızın dediyi “Azərbay­candan–Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir” sözləri ilə “əsaslandırmağa” çalışıb. Deyib ki, Ermənistan tərəfi Zəngə­zur dəhlizini təmin etmək istəməsə, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən mühasirədə (?) qalmaqda davam edəcək.

Erməni jurnalistin yuxarıdakı fi­kirləri “hədə” kimi qəbul etməsi anla­şılan deyil. Onun yanaşması qüsurlu­dur. Başqa necə olmalıdır? Ölkənin bir yerindən digər yerinə gedən insanların və aparılan yüklərin yoxlamaya məruz qalması harada görünüb? Azərbayca­nın bu tələbi ədalətlidir və beynəlxalq hüquqa uyğundur. Məsələn, SSRİ-nin dağılmasından sonrakı illər ərzində Rusiya vətəndaşlarının ölkənin ən qərb vilayəti olan Kalininqrad eksk­lavına rahat gediş-gəliş imkanı olub. Yalnız 2004-cü ilin mayında Polşa və Litva Avropa İttifaqına daxil olduqdan sonra Kalininqrad vilayətinin sakinləri sərhədləri keçmək və Rusiyanın qalan ərazilərinə səyahət etməkdə çətin­liklərlə üzləşdilər. Hətta, 2022-ci ilin fevralında Rusiya–Ukrayna mühari­bəsinin başlanmasından sonra Qərb ölkələri tərəfindən şimal qonşumuza tətbiq olunan güclü sanksiyalar da Ka­lininqrada tranzitə təsir etməyib.

R.Ananyanın Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla sərhədlərin heç bir başqa yerdə açıl­mayacağı fikrinə dözümsüz yanaşma­sı da başa düşülmür. Zəngəzur dəh­lizinin açılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Əgər Ermənistanla Azərbaycan arasında sərhədlər açıl­malıdırsa, bu proses ilk növbədə Zən­gəzur dəhlizindən başlamalıdır. Digər sərhəd-nəzarət buraxılış məntəqələ­rinin açılması bundan sonra baş verə bilər. Yaxud, bütün sərhəd qapılarının eyni vaxtda açılması mümkündür.

Bu da sirr deyil ki, Zəngəzur dəh­lizinin açılmasından təkcə Azərbay­can deyil, Ermənistan və bütün region ölkələri faydalanacaq. İrəvan isə dəh­lizin açılmasının suverenliyinə təhdid olacağını bəyan edərək, onu açmaq­dan imtina edir. Halbuki, Azərbaycan ən yüksək səviyyədə dəfələrlə Ermə­nistanı “dəhliz” ifadəsindən qorxma­mağa çağırıb, ölkəmizin Zəngəzur bölgəsinə iddiasının olmadığını bəyan edib. Elə haqqında söhbət açdığımız müsahibə zamanı Prezident İlham Əliyev deyib: “Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəli­yinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngə­zur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşdür. Onu da bildirməliyəm ki, “Zəngəzur dəh­lizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altı­na almır, – Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, – amma nədənsə Ermənis­tanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandır­mışlar. Amma faktiki olaraq, bu, piar aksiyadan başqa bir şey deyil”.

Hay jurnalistin Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən mühasirəyə (?) alınması iddiası isə nonsensdir. Bu, bir faktdır ki, Er­mənistan özünün işğalçılıq siyasəti nəticəsində dalan vəziyyətinə düşüb. Türkiyə isə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğal olunma­sından sonra Ermənistanla sərhədi bağlayıb. Bu gün də bölgədə əmin-a­manlıqda səmimi görünməyən İrəva­nın yürütdüyü “gah nala, gah mıxa vurmaq” siyasəti üzündən sərhəd­lərin açılması mümükn olmur. Belə olan təqdirdə Ananyan, o cümlədən onun həmvətənləri başqalarından in­ciməməli, özlərindən küsməlidirlər.

Ananyan isə tək deyil. Ermənis­tanda onun kimi düşünənlər çoxluq təşkil edirlər. İrəvan Dövlət Univer­sitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Var­dan Voskanyan insanların və malların Zəngəzur dəhlizindən yoxlamasız keçməsini Ermənistana “de-fakto ul­timatum” kimi qəbul etdiyini bildirib.

Ölkənin sabiq prezidenti, Azər­baycana qarşı qanlı etnik separatiz­min fəal iştirakçısı Robert Koçarya­nın oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryan deyib ki, Azərbaycan və Türkiyənin Ermə­nistanla sülh yaratmaq istədiyini dü­şünənlər yanılırlar. O, özünün “Te­legram” kanalında yazıb: “Hələ də bu cür düşünənlər, yumşaq desəm, sadəcə olaraq, reallıqdan uzaqdırlar”.

Ermənistan parlamentinin müda­fiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan isə hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi hər bir fikir ciddi qəbul edilməlidir. Jurnalistlər­lə söhbətində o deyib ki, ermənilərin də vəzifəsi Ermənistanın əsaslarını gücləndirmək və möhkəmləndirmək olmalıdır: “Bu gün ən doğrusu sülh şəraitində yaşamaqdır. Müharibə nə vaxtsa bitməlidir, yoxsa yox?!”

Qeyd edək ki, Prezident İlham Əliyev müsahibə zamanı Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Mən dəfələr­lə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öh­dəlik yerinə yetirilməlidir. Ermənis­tan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənis­tanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Tür­kiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bə­hanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi...”

Bu məqama münasibət bildirən hakim “Mülki müqavilə” partiyası­nın üzvü, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Sarkis Xandan­yan deyib ki, Ermənistan dəfələrlə kommunikasiyaların açılmasına dair öz mövqeyini bildirib və bunun hansı prinsiplərə uyğun baş verməli oldu­ğunu qeyd edib: “Bu prinsiplərə kom­munikasiyaların keçdiyi ölkələrin su­verenliyinə və qanunlarına hörmət və qarşılıqlıq daxildir. Həmin prinsiplər müqavilədə öz əksini tapmalıdır və iyulda aparılan danışıqlar zamanı bu məsələlərlə bağlı şifahi razılıq əldə olunub. Bundan sonra dəhliz məntiqi ilə bağlı bütün söhbətlər bizim üçün ən azı anlaşılmazdır”.

Xandanyan qeyd edib ki, ərazidən keçəcək yolların təhlükəsizliyi Ermə­nistanın müvafiq strukturları tərəfin­dən təmin ediləcək: “Kommunika­siyaların açılmasının Ermənistanın suverenliyi və qanunvericiliyi çərçi­vəsində həyata keçiriləcəyi deyildik­də, bu, o deməkdir ki, həm indi, həm də blokdan çıxarıldıqdan sonra ərazi­mizdən keçən yollarda təhlükəsizlik Ermənistanın müvafiq strukturları tərəfindən təmin olunmalıdır”.

Bunun 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın doqquzuncu bən­dinin tətbiq olunmayacağı anlamına gəlməsi ilə bağlı sualı şərh edən Xan­danyan, yalnız erməni tərəfinin israr etdiyi kommunikasiyaların açılması prinsiplərini təkrarlayıb.

Göründüyü kimi, Azərbaycan Prezidentinin müsahibəsi Ermənistan cəmiyyətinin gündəminə çevrilib. Müsahibə geniş müzakirə olunur: normal düşüncə qabiliyyətinə ma­lik olanlar ondan özləri üçün nəticə çıxarır, xəstə təfəkkürlülər isə onu öz bildikləri kimi qavrayırlar. Ancaq bütün hallarda Ermənistanda siyasi gündəmi də regionda yeni reallıqlar yaradan Azərbaycanın formalaşdırdı­ğı bir daha aydın olur.

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanan üç­tərəfli Bəyanatdan dərhal sonra Zəngəzur dəhlizinə qarşı çıxma­ğa başlamışdı. Ötən üç il ərzində onlar həmin mövqelərini dəyiş­mədilər. Buna görə də Azərbay­can İran vasitəsilə alternativ yol tapdı. İndi, yəni alternativ yolun tapılmasından sonra bunlar or­taya düşərək “Sülhün kəsişmə­si” adlı layihə təqdim ediblər. Ermənistan bununla Zəngəzur dəhlizinə alternativ yaratma­ğa çalışır. Burada bizi qane et­məyən iki məsələ var. Birinci rejim məsələsidir. Yəni, hansı rejim tətbiq olunacaq. İkinci­si isə təhlükəsizlik məsələsidir. Yəni, yolun təhlükəsizliyinə kim cavabdehlik daşıyacaq.

Biz Ermənistanla bu iki məsələdə razılıq əldə edə bil­mirik. Amma ermənilər buna qarşı çıxırlarsa, özləri bilərlər. Tipik erməni yanaşmasıdır. Biz onlara vaxtilə bir çox layihələrə qoşulmağı təklif etmişdik. Həm neft kəmərlərinin, həm də digər layihələrin Ermənistandan keç­məsini təklif etmişdik. Buna razı olmadılar və axırda tam dalan vəziyyətinə düşdülər. Zəngəzur dəhlizinin açılmayacağı təqdir­də də itirən Ermənistan olacaq. Bizim üçün İran variantı var.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Ermənistanda Azərbay­can Prezidentinin müsahibəsi ilə bağlı fərqli interpretasiya­lar var. Ancaq Prezident tam səmimi şəkildə Azərbaycanın baxışlarını açıqladı. Bu baxış­lar ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakı yalnız Zəngəzur dəhlizinin xü­susi rejimdə açılmasını təklif edir. Bu, o deməkdir ki, Azər­baycandan–Azərbaycana gedən insanlar və yüklər yoxlanılma­malıdır. Biz onu da başa düş­məliyik ki, Naxçıvan üzərindən keçməklə, tutaq ki, İrəvandan Mehriyə, başqa sözlə, Ermə­nistandan–Ermənistana gedən şəxslər və insanlarla da bağlı həmin qayda işləyəcək. Bunu eksterritorial status, yaxud “iş­ğal faktı” kimi təqdim etmək absurddur. Onlar bizim tək­liflərə belə yanaşdıqları üçün Azərbaycan Prezidenti dedi ki, qəbul edirsinizsə, edin, etmirsi­nizsə, heç nə açılmayacaq.

Əgər Azərbaycan və Er­mənistan bir-birinin ərazi bü­tövlüyünü tanıyıbsa, mərhələli şəkildə anklavlar məsələsinin də həlli mümkündür. Azərbayca­nın bu istiqamətdə də təklifləri və yanaşması konstruktivdir. Azərbaycan Prezidentinin ölkə­mizin mövqeyini açıq-aydın bil­dirməsi ilə bağlı Ermənistanda ajiotaj yaradılması da yersiz­dir. Yəni, bu, Ermənistan tərəfi üçün yeni bir şey deyil. Dəfələr­lə deyilib. Belə olan halda sülh sazişini çətinləşdirən sərhəd və kommunikasiyaların açılması məsələsini qeyd etmədən imza­lamaq daha doğru olardı. Zən­nimcə, Ermənistan tərəfi ajiotaj yaratmaqdan, dezinformasiya yaymaqdan, manipulyasiya etr­məkdənsə, bu haqda ciddi dü­şünməlidir.

Səxavət HƏMİD
XQ





Siyasət