Xalqına, dövlətinə, regiona və dünyaya xidmət örnəyi...

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Bu məram Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində aydın görünürdü

O, sözün həqiqi mənasında, istənilən sahədə yeniliyə meyillidir və həmin istiqamətdə də daim öz məqsədinə çatır. O, “köhnə”ni unutmur. Əksinə, bütün yenilikləri məhz köhnə ənənələr üzərində qurur. Dövlətimizi dünyanın əsas aktorlarından birinə çevirəndə də belə idi, bütün dünyanın diqqətini haqq işimizə cəlb edəndə də, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası prosesində də, hətta, istənilən müsahibəsində də.

Biz uzun illər idi ki, yanvarın ilk həftələrində dövlət başçımızın sədrliyi ilə keçirilən “Nazirlər Ka­binetinin ötən ilin sosial-iqtisadi inkiçafının yekunlarına və qarşı­da duran vəzifələrə həsr edilmiş müşavirəsi” adlı ümumrespub­lika miqyaslı tədbirləri unutma­mışıq. Orada dövlət başçımız geniş giriş nitqindən sonra sahə rəhbərlərinin hesabatlarına qulaq asmaq istəyir, nazirlərə və komitə sədrlərinə müvafiq suallar verir­di. Son bir neçə ildə isə cənab Prezident yenə də yanvarın ilk həftələrində keçirilən geniş tədbirdə özünün sual vermək ənənəsini mətbuat təmsilçilərinə həvalə edir. Necə deyərlər, “siz soruşun, mən isə yeni reallıqların nədən ibarət olduğunu söyləyim”. 

Builki müsahibədə bir jurnalist kimi məni daha çox məmnun edən iki məqam var idi: Biri dövlət başçımızın jurnalistlərin su­allarını cavablandırarkən ötənilki siyasi həyatımızın bəzi xüsusi detallarını da yada salması, digəri isə Azərbaycan Prezidentinin öz siyasi fəaliyyətində təkcə, xalqımızın, dövlətimizin maraqlarının təmin edilməsinə deyil, həm də regionun və ümumiyyətlə, dünyanın əksər problemlərinin həllinə töhfələr vermək əzminin ortada olması. 

Yanvarın 10-da bir daha məlum oldu ki, Prezident İlham Əliyev xalqa xidmət etmək məqsədini, sözün həqiqi mənasında, şaxələn­dirməyə nail olub. Onun cavablarında ölkənin sosial-iqtisadi həyatı­nın, dövlətin hərbi-texniki hazırlığının, dövlət başçısının siyasi-dip­lomatik fəaliyyətinin bütün məsələləri xalqın ən sadə təmsilçisinin də anlayacağı şəkildə dilə gətirildi. 

Mən xalqın arasında daha çox olduğuma görə bəlkə də hər gün belə suallar eşidirdim ki, prezident seçkilərinə hələ xeyli qalsa da, nə üçün növbədənkənar seçkilər keçiririk? Bu sualın cavabını dövlət başçımız həm ölkə daxilindəki, həm də beynəlxalq aləmdəki “maraq sahiblərinə” aydın şəkildə çatdırdı: “Mənim Prezident kimi fəaliyyə­timin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi, təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

Başqa bir məqam, cənab Prezident son üç ildə ölkə mətbuatın­da yazılan, kütləvi tədbirlərdə səsləndirilən “ İlham Əliyev Qarabağı düşmən işğalından azad etdi”, “Ali Baş Komandanımız ermənilərə və onların havadarlarına sarsıdıcı zərbələr vurdu” və digər bu kimi arqumentlərə cavab olaraq dedi: “ Biz hamımız xoşbəxtik ki, bu döv­rdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olun­masında iştirak etmişik. Hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çev­rildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı”. 

Xüsusilə vurğulanmalı məqamlardan biri də üç il qabaq bədxah­larımızın dilindən düşməyən hədyanların “Xocalısız, Xankəndisiz hansı qələbədən danışırsınız?” sualının cavabını eşitməyimiz oldu: “Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonla­rını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Hal­buki, biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayın­dan qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik.” Məhz bu məqamı nəzərə alaraq yuxarıda qeyd etdik ki, cənab Prezidentin xalqa xidməti kifayət qədər şaxələndirilib. O mürəkkəb məqamda, Şuşanın da azad edilməsindən sonrakı sevincli saatlarımızda istə­nilən azərbaycanlı ordumuzun daha çox irəli getməsini arzulyır və hətta, tələb edirdi. Ancaq cənab Prezident ordumuzun daha az itki verməsinin qayğısına qaldı. 

Biz yuxarıda “cənab Prezidentin regiona xidmət əzmi” ifadəsini də təsadüfən yada salmadıq. Çünki dövlət başçımız həmin müsa­hibəsində dönə-dönə xatırlatdı ki, biz İkinci Qarabağ müharibəsinə qədər də, müharibənin getdiyi günlərdə də, Qələbədən ötən üç ildə də daim sülhə can atmışıq və yenə də həmin fikirdəyik. Çünki sülh regionumuza tərəqqi və rifah gətirəcək. Ermənistanda anlamalıdır­lar ki, bu gün sülhə hamıdan çox onların ehtiyacı var. 

O ki qaldı, Prezident İlham Əliyevin dünyada gedən proses­lərin ədalətli məcraya yönləndirilməsinə töhfələr verdiyi barədə arqumentimizə, bu məqsədlə də cənab Prezidentin özündən sitat gətirməyimiz qənaətimizi tam aydınlaşdıracaq: “Qoşulmama Hərə­katında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşa­yacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.

Siyasət