Dünya “Bir kəmər, bir yol”a qoşulur

post-img

Qlobal logistika platforması

Pekində I Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçirilib. Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: qlobal inkişafın təşviqi üçün birgə çalışaq” devizi altında aparılan müzakirələrdə 50-dən çox dövlət rəsmisi, o cümlədən nazirlər, beynəlxalq və regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycanı rəqəm­sal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumun açılış mərasimində çıxış edənlər bildiriblər ki, nəqliyyat məsələsi dünya iqtisadiyyatının aça­rıdır. Bildirilib ki, nəqliyyat əlaqəsi olmadan heç bir iqtisadi əməkdaş­lıqdan danışmaq mümkün deyil. Da­yanıqlı nəqliyyat məsələsinin təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıdığı vurğulanıb. Avrasiyada möv­cud nəqliyyat yollarının, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü çərçi­vəsində əməkdaşlığın iqtisadi müna­sibətlərin dərinləşməsinə, xüsusən də logistika, yəni yüklərin daşınması baxımından rolu qeyd edilib. Çindən Avropaya və əks istiqamətdə yüklə­rin daşınmasında Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat mar­şrutlarının, o cümlədən bu dəhlizlərin Azərbaycandan keçən seqmentləri­nin imkanları vurğulanıb.

Plenar və panel iclaslarında qlo­bal əlaqələrin təşviqi, regional fərqlə­rin aradan qaldırılması, innovativ texnologiya və avadanlıqların müba­diləsi, ekoloji təmiz və aşağı karbonlu inkişafın təşviqi və nəqliyyat sekto­runda tərəfdaşlığın gücləndirilməsi məsələləri ilə əlaqədar fikir mübadilə­si aparılıb. 

Forum çərçivəsində 15-ci Bey­nəlxalq Nəqliyyat, Texnologiya və Avadanlıq Sərgisi də keçirilib.

Yeri gəlmişkən, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev forumun keçirildiyi günlərdə Pekində bir sıra görüş­lər keçirib. Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə iki ölkə arasın­da nəqliyyat və logistika sahələrin­də əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Nazirlər “Bir kəmər, bir yol” təşəbbüsü çərçi­vəsində Orta Dəhlizin inkişafına xü­susi önəm verildiyini qeyd ediblər. Tərəflər dəmir yolu və avtomobil da­şımaları, kombinə edilmiş yük daşı­maları və ictimai nəqliyyat istiqamə­tində potensial əməkdaşlıq, iki ölkə arasında mülki uçuşların tezliyi və uçuş şəbəkəsinin genişlənidirilməsi imkanlarını müzakirə edib, müvafiq işçi qrupunun yaradılması barədə fi­kir mübadiləsi aparıblar.

Beynəlxalq nəqliyyat formunun iş­tirakçısı olan Azərbaycan nümayən­də heyətinin başçısı Rəşad Nəbiyev ilə Çinin Dəmir Yolları Administrasi­yasının rəhbərliyi arasında keçirilən görüşdə isə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın in­kişafı məsələləri müzakirə olunub. Görüş zamanı Çin ilə yük dövriyyə­sinin artırılması və Orta Dəhlizin in­kişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq konkret addımlar müəyyən edilib.

Yeri gəlmişkən, son illər Orta Dəhlizin əsas iştirakçılarından olan Mərkəzi Asiya ölkələri Azərbaycan­la nəqliyyat-logistika sahəsində fəal əməkdaşlıq edirlər. Özbəkistan Pre­zidenti yanında fəaliyyət göstərən Regional və Strateji Araşdırmalar İnstitutunun rəhbəri Abror Fətullayev bu barədə yazdığı məqalədə qeyd edir ki, coğrafi xüsusiyyətləri nəzərə alan Azərbaycan və Özbəkistan nəq­liyyat dəhlizlərini inkişaf etdirməyə çalışaraq Asiyadan Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşı­malarda tranzit rolunu oynamaq istə­yirlər. Hər iki dövlətin planlaşdırdığı birgə nəqliyyat layihələri Orta Asiya və Qafqaz respublikalarının da tran­zit potensialını artıracaq.

Özbəkistanın Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolundan istifadə etmək imkanına malik olduğunu qeyd edən Abror Fə­tullayev bildirib ki, bu yol Özbəkistan mallarının dünya bazarına çıxması­nı təmin edir. Onun sözlərinə görə, 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti 5 mil­yon tona yüksələcək ki, bu da Özbə­kistana daha çox yük ixrac etmək im­kanı qazandıracaq. Bununla yanaşı, məqalədə o da qeyd olunub ki, Özbə­kistan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bildirilib ki, hazırda Özbəkistan Azərbaycanın dəstəyi və köməyi ilə Bakı Limanın­da yük terminalı tikmək üzərində iş aparır. 

Təbriz YADİGAROV, 
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent

Əhalisinə və dinamik iqtisadiy­yatına görə dünyanın diqqətini cəlb edən, beynəlxalq sistemin struk­turuna təsir imkanına malik olan Çin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Avrasiya məkanında mövqeyini getdikcə gücləndirir.

Hazırda “Bir kəmər, bir yol” layihəsi bəşər tarixində ən iddia­lı iqtisadi inkişaf proqramlarından biri hesab olunur. Bu layihənin mü­hüm komponentlərindən biri Çinin Sincan əyalətini birləşdirəcək Çin–Mərkəzi Asiya–Qərbi Asiya iqtisadi dəhlizidir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmə­nistan, İran və Türkiyə vasitəsilə Aralıq dənizinə şıxış imkanları ya­randığından qardaş Türkiyənin irəli sürdüyü “Transxəzər” təşəbbüsü konsepsiyası da bu istiqamətdə region ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. 

Çindən Türkiyəyə və buradan da Avropaya gedən 7 min kilometr­lik ən qısa yol olan Orta Dəhliz re­gion dövlətlərinin və supergüclərin mövqeyinə mühüm təsir imkanına malikdir. Bununla yanaşı, Zən­gəzur Dəhlizi də Çin–Türkiyə və Çin–Azərbaycan münasibətlərinin perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Av­ropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat marşrutudur. 

Dünyanın ticarət nəhəngi sa­yılan Çin bəşər tarixinin ən iddialı iqtisadi inkişaf proqramlarından biri hesab olunan “Bir kəmər, bir yol” layihəsi ilə Avrasiya məkanını inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər zəruri infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyir. 65 ölkəni əhatə edən bu layihə 4,4 milyard insanı və dünya ümumi daxili məh­sulunun 40 faizini əhatə edir. La­yihənin təsir dairəsi çox böyük ol­duğundan beynəlxalq ictimaiyyətin də rəğbətini qazanıb. Xatırladaq ki, “Kəmər və Yol” layihələrinin dəyəri 1 trilyon ABŞ dollarından 8 trilyon ABŞ dollarına qədərdir. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Kəmər və Yol” təşəbbüsü çərçivəsində investisi­yalar 575 milyard dollar təşkil edir. Bura tamamlanmış, davam edən və ya planlaşdırılan layihələr daxil olmaqla bütün sektorlar üzrə təd­birlər daxildir. 

“Bir kəmər, bir yol” layihəsinin beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan Respublikasının da dayanıqlı nəq­liyyat məsələlərinin həllində mü­hüm rol oynayacağı şübhəsizdir. Yeri gəlmişkən, sentyabrın 25-də Pekində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunun açılış mə­rasimində də dayanıqlı nəqliyyat məsələsinin təkcə bir ölkəyə de­yil, qlobal xarakterə malik olduğu vurğulanıb. Forumda qeyd edilib ki, Çindən Avropaya və əks is­tiqamətdə yüklərin daşınmasında Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun geniş potensial im­kanları vardır. 

Mirbağır YAQUBZADƏ
XQ

 



İqtisadiyyat