Qarabağ tikinti-quruculuq prosesinin ön cəbhəsidir

post-img

8 ayda bu məqsədlə ayrılan 3,2 milyard manatın 60 faizi istifadə olunub

Azərbaycan iqtisadiyyatına son 20 ildə ayrılan əsaslı vəsait qoyuluşunun həcmi 100 milyard manatdan çox olub. Nəticə etibarilə ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər əldə edilib, geniş miqyasda sosial-mədəni obyektlər istifadəyə verilib, irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Masallı və digər şəhər və rayonlarda sənaye məhəllələri, texnoparklar yaradılıb, iri kimya, maşınqayırma, yüngül sənaye obyektlərinin istifadəyə verilməsi ilə bağlı intensiv işlər görülüb, innovasiya xarakterli texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib. 

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 80,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,4 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,2 faizini isə digər layihə işləri təşkil edib.

Xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəldilən vəsaitinin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub. Ümumi inşaat işlərinin 88,8 faizi isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib. Cari  ilin yanvar–avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib. 

Bütün bunlarla bərabər, sözügedən dövrdə Samux Rayon Mərkəzi Xəstəxanasının, Cəlilabadda Peşə Təhsili mərkəzlərinin yeni binasının, Bərdədə Qarabağ Regional DOST və Qarabağ Regional Peşə Hazırlığı müəssisələrinin tikintisi başa çatdırılıb.  

Respublikada tikinti layihələrinin uğurlu icrasından bəhs edərkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq tədbirlərinin davamlı şəkildə genişmiqyaslı xarakter almasını deyə bilərik. Bununla əlaqədar son iki il ərzində işğaldan azad olunan ərazilərdə təkcə yol infrastrukturunun qurulması ilə bağlı görülən işləri xatırlatmaq istərdik. 

Əvvəla onu bildirək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər–Çaylı–Suqovuşan–Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 kilometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 kilometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Düşməndən təmizlənən yaşayış sahələrində ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası ilə bağlı genişmiqyaslı tədbirlər bu ilin ötən aylarında da uğurla reallaşdırılıb. Bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulmasına  dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da aydın göstərir. Belə ki, əgər 2021-ci ildə 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılmışdısa, cari ilin büdcəsindən bu məqsədlə daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Artıq həmin vəsaitin 60 faizinin istifadə olunması isə işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurulması layihələrinin sürətlə aparılmasından xəbər verir. 

Qarabağ və Şərqi Zəngəzurun bərpasından söz düşmüşkən, xatırladaq ki, cari il büdcədən Böyük Qayıdışın təmin edilməsi üçün zəruri infrastruktur layihələrinin icrasına 2 milyard 986 milyon manat yönəldilib. Hesabat dövründə bu bölgənin energetika sisteminin gücləndirilməsi diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində sözügedən sahə əsaslı şəkildə müasirləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib. Buna misal olaraq cari ilin yanvar–avqust aylarında “Cəbrayıl”, “Hadrut”, “Qorçu”, “Laçın” yarımstansiyaları, “Qamışlı”, “Meydan”,  “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı”  kiçik su elektrik stansiyaları istismara verilib.

Bu gün düşməndən təmizlənən ərazilərimizdə 14 avtomobil yolu tikilir ki, onlardan 8-inin çəkilişinin cari ildə yekunlaşacağı nəzərdə tutulur. İnşaat işləri davam edən Füzuli–Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan, Kəlbəcər və Laçın rayonları ərazisində reallaşdırılan layihələrin isə son mərhələsi həyata keçirilir.   

İnşa edilməkdə olan Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Ağdam–Füzuli, Əhmədbəyli–Füzuli–Şuşa, Əhmədbəyli–Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Kəlbəcər–Laçın və Toğanalı–Kəlbəcər–İstisu yol layihələrinin isə növbəti illərdə yekunlaşdırılacağı bildirilir.

Hazırda düşməndən təmizlənən yaşayış sahələrində mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər sürətlə gerçəkləşdirilir. Təkcə Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi kimi tarixi abidələrin cari ilin 8 ayı ərzində əvvəlki görkəminə qaytarılması Qarabağın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələdən bəhs edərkən deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. 

Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib.

Mirbağır QULİYEV 
XQ

 

İqtisadiyyat