Azərbaycan–Mərkəzi Asiya dövlətləri: Ortaq dəyərlərdən ümumi hədəflərə

post-img

Bu ölkələrlə iqtisadi əlaqələr 3 dəfədən çox genişlənib

Prezident İlham Əliyev Tacikistanın paytaxtı Düşənbədə sentyabrın 14-də keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxış edərək Mərkəzi Asiya və Azərbaycanın iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi region olduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birini qarşılıqlı ticarət və sərmayələrin artımı təşkil etdiyini diqqətə çatdırıb. 

Sevindirici haldır ki, ölkə rəhbərinin nitqində vurğuladığı istiqamətlər üzrə rəqəm­lər davamlı artımın göstəricisidir. Məsələn, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. İnvestisiya qoyuluşuna gəldikdə isə deyə bilərik ki, bu sahə daim diqqətdə saxlanılıb, birgə sərmayə fondları yaradılıb, qarşıdakı 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı in­vestisiyaların həcmi razılaşdırılıb. 

Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xü­susən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri də icra mər­hələsindədir. Mərkəzi Asiyadan olan şirkət­lərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənmə­sinə böyük inam yaradır. 

Qeyd edək ki, 2017-ci ildə Ələt Azad İq­tisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra müvafiq qanun qəbul edil­məsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. Cari il iyunun 9-da isə adıçəkilən iqtisadi zonanın birinci mər­hələsi istifadəyə verilib. Azərbaycanın iqtisa­di həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə dövlətimizin başçısının iştirakı isə Azərbaycanı beynəlxalq səviyyə­də rəqabətədavamlı və dayanıqlı, şaxələndi­rilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönələn si­yasətinin real təməli kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin “Ələt azad iq­tisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2022-ci il tarixli sərəncamında adıçəkilən iqtisadi zonanın ərazisi qismində müəyyən­ləşdirilən torpaq sahəsinin dövlət mülkiy­yətinə aid 60 hektar təşkil edən hissəsinin birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə səlahiyyətli quruma verilməsi öz ifadəsini tapıb. 

Ələt Azad İqtisadi Zonası daha çox nəq­liyyat, logistika sahəsinin formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunma­sı burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycanın tranzit ölkə olaraq öz imkan­larını genişləndirməyə şərait yaradır və ölkə ərazisinə daha çox yükdaşımaların artırılma­sını şərtləndirir. 

İqtisadi zona dövlət gəlirlərinin və büd­cəyə daxil olan vəsaitin, habelə investisiya­ların artmasına, ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırılmasına, bir sözlə, Azərbaycan iqtisadiyyatının inkişafına da müsbət təsir göstərir. 

Bu gün əcnəbi hüquqi və fiziki şəxslərin iqtisadi zonada mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur, burada in­vestorların əmlakı heç bir halda milliləşdi­rilmir, investorların əmlakının bu və ya digər məhdudiyyətlərdən tam qorunmasına təminat verilir.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğu üçün nəqliyyat və logistika sahəsi də ikitərəfli münasibət­lərdə xüsusi yer tutur. Başqa sözlə, respub­likamızın genişmiqyaslı nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiyanın iqtisadi in­kişafının sürətlənməsində önəmli rol oynayır. 

Hazırda Şərq-Qərb marşrutu ilə yükdaşı­malara artan tələbatı təmin etmək məqsədilə Azərbaycan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun müasirləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Reallaşdı­rılan tədbirlərin nəticəsidir ki, 2024-cü ildə BTQ yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artacağı proqnozlaşdırılır. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

Respublikamız Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, Azərbaycan gəmiqayırma zavodunun im­kanlarının genişləndirilməsi üzərində fəal iş aparır. Yeni investisiya layihələri yekunlaş­dıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayının 6-dan15 gə­miyə qədər artacağı gözlənilir.

Yeri gəlmişkən, Bakı Gəmiqayırma za­vodu yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzə­sində ən müasir müəssisədir. Artıq burada bir sıra gəmilər, o cümlədən “Xankəndi” sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən “Xankəndi” gəmisinin tikintisinin Azərbaycanda reallaş­dırılması ölkəmizin bu sahədə mühüm uğu­rudur.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında daha böyük həcmdə tranzit yükləri cəlb etmək üçün tariflərin optimallaşdırılma­sı, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsi və bu sahədə ahəngdarlığın təmin edilməsi kimi məsələlərin həlli hazırda qarşıda mühüm vəzifələr kimi durur. Bun­dan savayı, tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin gerçəkləşməsində mühüm meyarlardan biri də Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması, fiber-optik infrastrukturun yaradılmasına yönələn və bu­nunla əlaqədar önəmli tədbirlər reallaşdırılan “Rəqəmsal İpək Yolu” layihəsidir.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru 

Son illər Azərbaycanın Mərkəzi Asi­ya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşa­hidə olunur. İstər regionda, istərsə də dün­yada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regi­onun türk dövlətlərinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzv­ləri ilə əlaqələrin genişlənməsini və stra­teji xarakter almasını şərtləndirir.

Azərbaycanın türk dövlətləri ilə ge­nişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imza­ladığı “Strateji Tərəfdaşlıq haqqında Bə­yannamə”, Özbəkistanla imzaladığı “Stra­teji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, “Azərbaycan Respublika­sı ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləş­dirilməsinə dair 2023–2024-cü illər üzrə Yol Xəritəsi” və Qazaxıstanla imzaladığı “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin də­rinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır.

Yeni investisiya layihələrinin real­laşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizam­namə kapitalına malik “Azərbaycan-Öz­bəkistan İnvestisiya Fondunun yaradılma­sı haqqında Saziş” təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərimizin investisiya cəlbediciliyi imkanlarının yüksək olması bu kimi strateji addımların təsir dairəsini genişləndirir. Özbəkistan Prezidenti Şav­kat Mirziyoyevin təşəbbüsü ilə Füzuli ra­yonunda 960 şagird yerlik məktəbin tikin­tisi də sosial-iqtisadi və mədəni baxımdan dəyərləndirilə bilər. 

Azərbaycanın Mərkəzi Asiya dövlət­ləri ilə ümumi ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 984 milyon ABŞ dolları, o cümlədən ixrac 186,7 milyon ABŞ dolları, idxal isə 1 milyard 147 milyon ABŞ dol­ları həcmində olub. Həmçinin Qazaxıs­tanda 700-dən çox Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur. O cümlədən Azərbaycanda Qazaxıstan kapi­tallı 200-dən çox şirkət fəaliyyət göstərir.

Mərkəzi Asiya və Azərbaycan xüsu­silə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasi­ya üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifika­siya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zən­gəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrast­ruktur–quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbe­dici imkandır. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat