İsraillə iqtisadi-ticari əməkdaşlığın yeni mərhələsi

post-img

Azərbaycan “LARGIX” layihəsinə 1 milyon dollar investisiya yatırıb

Prezident İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yer­lərinin inkişafı naziri Avi Dixteri videokonfrans for­matında qəbul edərkən ikitərəfli münasibətlərdən, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafından və bununla bağlı təcrübə mübadiləsi­nin həyata keçirilməsindən söhbət açıb. A.Dixter isə bu səfərinin kənd təsərrüfatı sahəsində əmək­daşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcə­yinə əminliyini vurğulayıb.

Azərbaycan–İsrail iqtisadi–ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə danışarkən bir məqam xüsusilə vurğulanmalı­dır. Belə ki, dost ölkə respublikamızın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilən ərazilərimi­zin iqtisadi potensialı ilə daim maraqlanır, işgüzar mü­hitdən yararlanmağa çalışır, iqtisadiyyatın zəruri ehti­yac duyulan ayrı-ayrı sahələrinə investisiya yatırmaqla Azərbaycanın tərəqqisinə böyük töhfə verir.

İsrailin ölkəmizdə investisiya, ər­zaq təhlükəsizliyi, su və kənd təsər­rüfatı sistemləri ilə bağlı elmi-tədqiqat üzrə əməkdaşlığı, habelə məhsulla­rımızın bu ölkəyə ixracının artırılması istiqamətlərində həyata keçirdiyi la­yihələr bunun bariz ifadəsidir. 

Aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatında ticarət dövriyyəsinin ar­tırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyala­rın transferi, aqrar tədqiqatlar və təc­rübə proqramları sahələrində əmək­daşlığın genişləndirilməsi, həmçinin suvarma sahəsində İsrail təcrübəsi kimi məsələlərə respublikamızda bö­yük maraq var. Məhz elə buna görə­dir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı nazirlikləri arasında “Kənd təsərrüfa­tı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imza­lanması da məhz həmin maraqdan irəli gəlir. Xatırladaq ki, adıçəkilən bəyan­namədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini gerçəkləşdirmək məqsədilə birgə işçi qrupunun yaradıl­ması nəzərdə tutulur.

Ümumiyyətlə, İsrail Dövləti müstəqilliyimizi tanıdığı 1991-ci il de­kabrın 25-dən sonra Azərbaycan ilə bu ölkə arasında münasibətlər hə­mişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlər­də xüsusi dinamika müşahidə olunub, əməkdaşlığın gücləndirilməsi, qarşı­lıqlı səfərlərin çoxalması, ticarət döv­riyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi daha çox diqqət çəkib. Ölkəmiz həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı mərhələdə – işğaldan azad edilən ərazilərin bərpası dövründə bu diqqət və dəstəyi daim hiss edib.

İki dost ölkə arasında əməkdaşlığın dinamik inkişafı hazırda ticari-iqtisadi əlaqələrdə daha çox müşahidə olunur. Belə ki, 2021-ci və 2022-ci illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi 85 faiz artaraq 1 milyard 718 milyon dol­lara çatıb, cari ilin yanvar–aprel ayla­rında isə ticarət dövriyyəsi yarım mil­yard ABŞ dollarını ötüb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir. 

İnvestisiyalar sahəsində də artım göz önündədir. Buna səbəb isə 2022-ci ilin iyulunda Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraud­fanding (kütləvi maliyyələşdirmə) plat­forması olan “OurCrowd” şirkəti arasın­da investisiya sazişinin imzalanmasıdır. Yeri gəlmişkən, cari ilin fevralında Azər­baycanın İqtisadiyyat Nazirliyi ölkəmiz tərəfindən sənaye məhsullarının hazır­lanması üzrə ixtisaslaşan İsrailin “LAR­GIX” startapına 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıb. 

Səmərəli əməkdaşlığın bütün bu uğurlu göstəriciləri qarşılıqlı fəaliyyətin gələcəkdə də davamlı olduğunda xə­bər verir. Dövlətimizin başçısı çıxışla­rının birində bu barədə deyir: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha ba­lanslaşdırılmış ticarət dövriyyəmiz ola­caq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam nef­tin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”.

Azərbaycan–İsrail əməkdaşlığının əsas istiqamətləri sırasında enerji, ti­carət, infrastruktur və yüksək texno­logiyalarla əlaqədar layihələr xüsusi yer tutur. Respublikamız İsrailin əsas neft tədarükçüsüdür. 2020-ci və 2021-ci illərdə Azərbaycan neftinin İsrailə tə­darükdə payı təqribən 30 faiz, keçən il isə təxminən 40 faiz təşkil edib. 

Bir məqamda qeyd edək ki, Azər­baycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. İsrailin neft idxalı­nın 40 faizə yaxın hissəsini respubli­kamız təmin edir. Bundan əlavə İsrailin Aralıq dənizi sahillərində böyük qaz rezervi–Leviathan və Tamar yataqları kəşf olunub. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aşdod neft yatağı bölgəsindən 5 faiz pay alıb. Bir sözlə, indiyədək turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik sahələrində sıx əməkdaşlıq yüksək nə­ticələrlə müşhidə olunub. 

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru

Azərbaycan–İsrail əlaqələri müxtə­lif sahələrdə dinamik inkişaf edir. Bu dövlətlər arasında ticarət dövriyyəsi getdikcə genişlənir, qeyri-neft məhsul­larının payı yüksəlir. Bundan başqa, investisiya, innovasiya, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq kimi sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. 

İki ölkə arasında qarşıdakı illər üçün əsas məqsədlərdən biri işğal­dan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu əra­zilərin geniş kənd təsərrüfatı potensia­lı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları kimi tanınır. Düşmən­dən təmizlənən bu torpaqlarda kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanır. Bunu nəzərə alaraq, İsrail şirkətlə­ri tərəfindən ən yaxşı texnologiya və təcrübələr Azərbaycan şirkətləri ilə bö­lüşülərək tətbiq olunur. 

Hər iki ölkənin informasiya texno­logiyaları və kibertəhlükəsizlik sahə­sində qarşılıqlı əməkdaşlıq imkanları da getdikcə genişlənir. Bu sahəsə dost dövlətin “Israil Export Institute” şirkəti önəmli rol oynayır. Kibertəh­lükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu istiqamətdə davamlı görüşlər və qarşılıqlı səfərlər reallaşdırılır. Gələ­cəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqlar aparılır. 

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və po­tensialının artırılmasına dəstək ve­rilməsi məqsədilə ötən il təsis edilən AKTA özündə informasiya texnologi­yaları və kibertəhlükəsizlik üzrə ixti­saslaşmış şirkət və təşkilatları birləş­dirir.

Azərbaycan–İsrail əlaqələrindən danışarkən müdafiə sənayesi sahə­sində uzunmüddətli əməkdaşlığı da qeyd etmək yerinə düşər. Respublika­mızın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizin müdafiə qabiliyyətinin müa­sirləşdirilməsini, möhkəmləndirilmə­sini şərtləndirir. Başqa sözlə, İsrailin müdafiə sənayesindən bəhrələnmək dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyü­müzü müdafiə etməyə imkan yaradır.

Aqrar sahədə İsrail təcrübəsinin tətbiqindən danışarkən mühüm bir məqama da toxunmaq istərdik. Pre­zident İlham Əliyev tərəfindən təşviq olunan aqroparklar İsrailin “Kibbutz” kollektiv istehsal qurumuna çox bən­zəyir. Bu strukturun fəaliyyətində keç­miş kolxozlara oxşar cəhətlər özünü qabarıq büruzə verir və kooperativ for­masında təşkil olunur. Aqroparklarda da eyni sahəyə aid müxtəlif təsərrü­fatların birləşməsi və onların ən müa­sir texnikalar ilə təchiz edilməsi həm məhsuldarlığın yüksəlməsinə, həm yeni iş yerlərinin yaranmasına, həm də daxili bazarda yerli şirkətlərin rəqa­bət gücünün artmasına gətirib çıxarır. 

Beləliklə, aqroparkların yaradılma­sı və fəaliyyəti ərzaq təhlükəsizliyinə mühüm töhfə verir. Bu, eyni zamanda işsizliyin azaldılmasını, yerli istehsalın inkişafını və ixrac imkanlarının geniş­lənməsini şərtləndirir. Ən başlıcası isə aqroparklarda yetişdirilən məhsullar ixracyönümlü olması ilə diqqət çəkir. 

Xatırladaq ki, İsrail torpaqları və hava şəraiti bizdən fərqli olaraq əkin­çilik üçün yararlı ərazilər deyil. 80 faiz sərhalıqdan ibarət olan bu ölkədə yalnız qış aylarında yağış yağır. İsrail su qıtlığı yaşayır. Bununla belə, kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yeni texnologiyalar sayəsində dövlət öz əhalisinin ərzaq ehtiyaclarını qarşıla­maqla qalmır, istehsal etdiyi məhsulla­rın 90 faizini ixraca yönəldir. Prezident İlham Əliyev də aqroparklar haqqın­da danışarkən “burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır” deyərkən məhz İsrail təcrübəsinin tət­biqini nəzərdə tutur. 

Vaqif BAYRAMOV
XQ





İqtisadiyyat