Xankəndi xuntasının məqsədi “qaşınmayan yerdən qan çıxarmaq”dır
Aleksandr Qriboyedov ağıldan bəla çəkənlərə belə eyham vurmuşdu ki, “bir komediyalıq” adam ümumilikdə mövcud cəmiyyətin əhval-ruhiyyəsini göstərmək üçün kifayətdir. Rəhmətlik akademik Məmməd Cəfər isə yazırdı: Həmin komediyaya baxan və ya kitabdan oxuyan istənilən adam hiss edir ki, bu cəmiyyət çürüyür və narazılıqlar üsyanı yaxınlaşdırır.
Bu gün Xankəndidə mövcud olan cəmiyyət, eynilə, bax elədir. “Qlavar”ın dəyişdirilməsi ilə cəmiyyətin mahiyyəti dəyişmir. Çünki həmin “dövlət” ( Allah ətinizi töksün! – İ.M.) qonşudan oğurlanmış torpaq, kənar ölkələrdən çırpışdırılmış ssenari, imperialist ölkələrin “Qorxma, qorxma!”-sı əsasında düşünülmüş namərdlik, antitürk və anti-Azərbaycan əhval-ruhiyyəsi siyasi dairələrin məkrli xeyir-duası əsasında yaradıldığına görə məhvə məhkumdur. Artıq bunu özləri də yaxşı bilirlər. Elə olmasaydı, “xaç ataları” Nikol Paşinyan vurnuxmaya düşməz, “Mən dərhal İlham Əliyevlə danışıqlara hazıram!” – qərarını görüşdüyü istənilən adama eşitdirməzdi.
Nikol Paşinyanın həmin təlaşlı, həyəcanlı bəyanatlarını eşidəndə cənab dövlət başçımızın 44 günlük müharibə zamanı səsləndirdiyi “Bəs nə oldu, Paşinyan?”– sorğusu yada düşür. Bəli, bəs nə oldu?
Azərbaycan danışıqlar və reinteqrasiya təklif etdi, dəvətlər, təşəbbüslər oldu – xunta razılaşmadı. Rəsmi Bakı bütün kommunikasiyaların açılmasını təklif etdi, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarını təklif etdi – xunta razılaşmadı, Aclıqdan qırılırıq, – dedilər. Azərbaycan ərzaq yardımı göndərdi, qəbul etmədilər. Mühasirədə qalmışıq, – dedilər İrəvandan və Parisdən gələn humanitar yardımları qəbul etmədilər, öz hikkələrini davam etdirdilər.
“Blokada və soyqırımı”ndan danışsalar da, nə yolun işləməsinə imkan verirlər, nə də Azərbaycanın göndərdiyi yükləri istəyirlər. Bəs onda nə istəyirlər? Heç nə! Sadəcə, “ağıldan bəla”nın fəsadlarını yaşayırlar.
Məhz “ağıldan bəla”nın əlamətidir ki, Azərbaycanın səbr kasasını daşdırmağa çalışırlar. Belə ki, hazırda bu ərazidə təhlükəli hərəkətlilik var – qanunsuz hərbi birləşmələr – minalanma, səngər qazıntıları, mühəndis işləri aparılır. Bunlar isə bir daha təsdiqləyir ki, yaxın vaxtlarda “qaşınmayan yerdən” qan çıxa bilər. Mən bu ifadəni sözgəlişi demirəm. Ermənistan ordusuna diz çökdürən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı onlara xatırladıb ki, bir səhər durub başınızın üstündə Azərbaycan Bayrağının dalğalandığını görə bilərsiniz.
BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Cənubi Qafqaza sülh gətirilməsi üçün çoxsaylı çağırışlar edirlər. Çünki bu sülh təkcə region ölkələrinə deyil, Avrasiyadakı ölkələrin hamısına lazımdır. Axı söhbət Şanxay – London iqtisadi layihəsinin mühüm tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasından gedir. Bunun üçünsə mütləq sülh lazımdır. İndi Anadolu türkləri demişkən, “bir sürü erməni qulduru” bütün dünyanın çağırışlarına qarşı nə qədər davam gətirə bilər? Mən bilən, daha davam gətirə bilməyəcəklər. Gedən proseslər və səsləndirilən çağırışlar sübut edir ki, Qarabağdakı xuntanın son günlərini yaşadığını deyən ekspertlər tamamilə haqlıdırlar.
... Bütün bunlardan sonra bir daha rus ədibin məlum komediyasına qayıdırıq. Sanki həm Qriboyedov, həm də Məmməd Cəfər bu gün Xankəndidə mövcud olan xunta rejiminin daxili aləmini açıb göstərmək istəyirdilər. Bəli, dünya erməniliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaratdığı “Dağlıq Qarabağ” adlı dövlət içəridən çürüyür, iylənir, ətrafdakılarda ürəkbulanması yaradır. Nə yaxşı ki, aralarında normal düşünə bilən kimsə yoxdur. Ağıllı liderin olmadığı yerdə isə kənardan gələn dəstəklərin hamısı – maddi vəsait də, silah-sursat da, maşın-texnika da tamamilə səmərəsiz olur. Odur ki, biz tezliklə yeni hadisələrin, ədalətli qərarların şahidinə çevriləcəyik.
İ.QAÇAYEV
XQ

