Səbəblər çox, təsirli tədbirlər isə yoxdur
Ölkəmizdə ərzaq təhlükəsizliyinin mühüm istiqamətlərindən biri də kənd təsərrüfatının aparıcı sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsi ilə bağlıdır. Bu isə daxili bazarda ət və ət məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi deməkdir.
Lakin gündəlik qida rasionumuzda mühüm yer tutan ətin qiymətində son illər davamlı bahalaşma müşahidə olunur. Belə ki, hazırda daxili bazarda istehlakçılara quzu əti 16–17 manata, dana əti isə 14–15 manata təklif olunur. Bu da ailələrin gündəlik büdcəsində izafi xərclərə səbəb olduğundan ciddi suallar və narazılıq doğurur. Doğrudan da, başqa ərzaq malları, hətta xaricdən gətirilən məhsullarla müqayisədə ət niyə belə sürətlə və kəskin bahalaşır?
Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Bunun da 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici hesab olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən, 40 faiz geri qalır. Deməli, biz dünyadakından az və bahalı ət yeyirik. Bəs niyə? Araşdırmalar göstərir ki, ölkəmizdə əhali sayının artımı ət istehsalının çoxaldılması zərurətini yaradır. Buna baxmayaraq, son illər ölkədə kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığa maraq xeyli azalıb. Bəzi fermerlər isə mal-qara saxlamaqdan tamamilə imtina edib. Bu da Azərbaycanda iri mal, qoyun və keçilərin baş sayının azalmasına gətirib çıxarıb. Bu isə ölkənin ət bazarına ciddi təsir göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il birinci yarısında ölkədə 7 milyon 322,3 min baş qoyun və keçi, 2 milyon 545,3 min baş iri mal olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu malın sayı 4,1 faiz, qoyun və keçilər isə 8,8 faiz azalıb. Xatırladaq ki, 2022-ci ildə də ölkədə iri malın baş sayı əvvəlki ilə nisbətən 0,8 faiz, qoyun və keçilərin baş sayı isə 1,6 faiz aşağı düşüb. Komitənin digər məlumatında isə ilin ötən dövründə Azərbaycanda ət istehsalının artması bildirilir. Qeyd olunur ki, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 327 min ton ət istehsal edilib. Bu isə 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çoxdur.
Bəs, görəsən, iri malın, qoyun və keçilərin sayının azaldığı bir şəraitdə ət istehsalı necə artıb? Bir qədər paradoksal görünsə də, əksər ekspertlər bunun heyvanların cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilmiş tədbirlərlə bağlı olduğunu bildirirlər. Yeri gəlmişkən, rəsmilər ölkədə heyvandarlığa dövlət dəstəyinin sırf məhsuldarlığın artırılmasına, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəldilyini bildirsələr də, etiraf edək ki, bu sahədə işlər olduqca ləng gedir. Bunun da nəticəsində, intensiv ferma təsərrüfatlarının sayındakı artım ətə olan tələbatın sürətindən xeyli geri qalır.
Azərbaycanda heyvanların baş sayının azalması ətə tələbatın çoxaldığı bir dövrdə daxili bazarın idxaldan asılılığını artırır. Bu da, öz növbəsində, ölkədən valyuta axınının artmasına səbəb olur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 46,9 milyon dollar dəyərində 24,3 min ton ət idxal edilib. Xatırladaq ki, ötən ilin eyni dövründə xaricdən ölkəmizə dəyəri 39,8 milyon dollar olmaqla 23,5 min ton ət gətirilib. Bu ilin 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 17,8 faiz, miqdar ifadəsində isə 4,3 faiz artıb.
Son zamanlar ölkəyə mal əti ilə yanaşı, kəsim məqsədli mal-qara, həmçinin qoyun idxalında da ciddi artım müşahidə olunur. Cari ilin ilk yarısında xaricdən kəsim məqsədilə 11 milyon 184,61 min dollarlıq 28 min 702 baş iri heyvan gətirilib. Hesabat dövründə, həmçinin ölkəyə 6 milyon 969,76 min dollar dəyərində 79 min 511 baş qoyun idxal olunub. Ötən ilin eyni dövrünə nisbətən iri heyvanların idxalında dəyər ifadəsində 60 faiz, say baxımından isə 79,8 faiz, diri qoyun idxalında isə müvafiq olaraq 2,22 dəfə və 2,71 dəfə artım qeydə alınıb. Diri heyvan idxalındakı artım isə, heç şübhəsiz, ölkədə iribuynuzlu heyvanların, eləcə də qoyun və keçilərin sayındakı ciddi azalma ilə bağlıdır.
Yeri gəlmişkən, son zamanlar ölkəyə kənardan gətirilən diri heyvanların idxal qiymətlərində ciddi azalma baş verib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin birinci yarısında diri iribuynuzlu heyvanın 1 başı 389,7 dollara idxal edildiyi halda, ötən ilin eyni dövründə bu göstərici 446,5 dollara bərabər olub. Bundan əlavə, 2022-ci ilin yanvar-iyun aylarında idxal olunmuş hər baş qoyunun qiyməti 107,1 dollara, bu ilin eyni dövründə isə 87,7 dollara başa gəlib.
Lakin ölkədə ət istehsalının, eləcə də idxal olunmuş ətin və heyvanların baş sayının artmasına baxmayaraq, daxili bazarda qiymətlər kəskin artmaqda davam edir. Görəsən, ətin sürətlə bahalaşmasının səbəbi nədir? Bəri başdan qeyd edək ki, qiymət artımını qaçılmaz edən səbəblərlə yanaşı, bu sahədə subyektiv amillər də az deyil. Keçək əsas mətləbə.
Əvvəlcə ətin qiymətinin artmasına səbəb olan obyektiv amillərə toxunaq. İndi ölkədə mal-heyvan bəsləyən, ət kəsimi ilə məşğul olan və onu satan hər kəs kəskin bahalaşmanı son zamanlar yemin qiymətində baş verən artımla izah etməyə çalışır. Məsələn, ət satışı ilə məşğul olanlar deyirlər ki, heyvan bazarında qiymətlər əvvəlki illə müqayisədə kəskin artıb. Heyvandarlıq sahəsində çalışan fermerlər isə iddia edirlər ki, yem bazarında ot bağlamasının bir ədədi ötən il 4-4,5 manat olduğu halda hazırda 6-7 manat arasında dəyişir. Bunu isə su çatışmazlığı ilə izah etməyə çalışırlar.
Beyləqan rayonundan olan Mehman Əliyev adlı fərdi təsərrüfat sahibi deyir ki, bu il 5 hektar sahədə yonca əkməsinə baxmayaraq, susuzluq səbəbindən cəmi 2 dəfə biçin apara bilib. Halbuki, ötən il həmin sahəni 4 dəfə biçib. Təsərrüfat sahibi qeyd edir, bu gün regionlarda suvarma suyu çatışmır. Belə ki, kanalların vaxtlı-vaxtında təmizlənməməsi su qıtlığına səbəb olur. Üstəlik, bəziləri imkanlarından yararlanaraq suyu öz təsərrüfatlarına yönəldirlər. Nəticədə, digər sahələr yanıb məhv olur. Bu da ölkədə yem bazasının zəifləməsinə gətirib çıxarmaqla yanaşı, otun qiymətinin kəskin artmasına səbəb olur.
Bəzi ekspertlər isə bahalaşmanın səbəblərdən biri kimi Ukraynadakı müharibənin daşıma zəncirində yaratdığı problemlərlə əlaqələndirir. Onlar iddia edirlər ki, 2022-ci ilədək Ukraynadan Azərbaycana xeyli mal və qoyun idxal edildiyi halda, müharibə başlayandan bu ölkənin Qara dəniz limanlarının fəaliyyətsizliyi əvvəlki idxala mane olub.
Ət bazarında bahalaşmaya təsir göstərən səbəblərdən biri kimi ölkəmizin yem komponentləri üzrə idxaldan asılı vəziyyətdə olduğunu iddia edənlər də var. Vurğulanır ki, ət istehsalında maya dəyərinin xərclərinin əhəmiyyətli hissəsi, təxminən, 70 faizə qədəri yem komponentləri əsasında formalaşır. Soya, dərman məhsulları, bu sahədə istifadə olunan buğda, arpa ya xaricdən idxal olunur, ya da xarici bazarda baş verən proseslər bizdəki qiymətlərə də təsir edir. Bu isə qeyd edildiyi kimi, ət istehsalında xərcləri artırır.
Qeyd etdiyimiz kimi, hazırda ölkədə ətin bahalaşmasını şərtləndirən subyektiv amillər də az deyil. Necə deyərlər, iman bir yerə, güman min yerə gedər. Elə söhbət etdiyimiz ət satıcılarının da əksəriyyətinin məsələyə münasibətindən bunu asanlıqla hiss etmək olur. Çoxu mövcud vəziyyəti fürsət kimi dəyərləndirərək bundan mümkün qədər yararlanmağa çalışır. Belələri heyvan bazarında yol verdikləri izafi xərclərin əvəzini ikiqat çıxarmağa səy göstərirlər ki, bu da son nəticədə ətin qiymətində özünü büruzə verir.
Bu sahədə digər bir paradoksal hal isə ətin qiymətinin paytaxtla yanaşı, regionlarda da eyni olmasıdır. Beyləqanlı fərdi təsərrüfat sahibi Mehman Əiyev regionlarda təzə mal ətinin Bakı şəhəri ilə eyni səviyyədə olmasının əsas səbəbini ötən əsrin 90-cı illərindən bəri ət satışı ilə eyni şəxslərin məşğul olmasında görür. O deyir ki, həmin şəxslər çox zaman qiymət sövdələşməsinə gedərək bazara nəzarəti ələ keçirməyə nail olurlar. Həm də tələb və təklifin qarşılıqlı təsirinə süni müdaxilə etməyi bacarırlar. Bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, ölkədə ətin bahalaşmasının əsas səbələrindən biri də inhisarlaşma, xüsusilə ət kəsimi sahəsində son illər baş verən qeyri-sağlam mühitlə–möhtəkirliklə bağlıdır.
Burada bir məqamı da vurğulamaq istərdik. Belə ki, bəzi ekspertlər ət bazarında qiymətlərin dövlət tərəfindən tənzimlənmədiyini, Tarif Şurasının müəyyənləşdirmədiyini, həmçinin bu sahədə monopoliyanın mövcud olmadığını deyir, ət bazarında qiymətlərin tələb və təklif əsasında formalaşdığını bildirirlər. Bəs, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə üçün yaradılıb? Yaranmış kəskin vəziyyətdə ət bazardakı qiymət özbaşınalığı barədə bu qurumda nə düşünürlər? Qurumdan bununla bağlı fikir öyrənmək istədik. Təəssüf ki, ikigünlük əlaqə yaratmaq cəhdimiz heç bir nəticə vermədi…
Kənd Təsərrüfatı Nazirliyinin məlumatında isə bu qurumun qiymət tənzimləməsində iştirak etmədiyi, belə bir funksiyasının olmadığı deyilir və əlavə edilir ki, qiymətlər tələb-təklif əsasında müəyyənləşir.
Əvvəlki illərin yay fəslində ətə tələbat bir qədər azaldığından qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunurdu. Bu ilin yay mövsümündə isə bu enmə baş vermədi. Əksinə, ətin qiyməti artmaqda davam etdi. Verilən proqnozlar onu deməyə əsas verir ki, qarşıdakı aylarda ətin qiyməti yenidən bahalaşacaq.
Bütövlükdə isə, ət bazarında kəskin bahalaşmanın qarşısını almaq üçün, ilk növbədə, ölkədə heyvandarlığın inkişafına, sahənin yem bazasının artırılmasına ciddi diqqət göstərilməlidir. Bunun üçün isə imkanlar yetərincədir. Elə ekspertlər də hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80--90 faizini yerli istehsal hesabına ödəyə bilər. Onların fikrincə, ölkəmizin işğaldan azad edilmiş ərazilərində heyvandarlıq sahəsinin inkişafı üçün əlverişli şərait var. Bu baxımdan heyvanların yay aylarında yenidən Laçın və Kəlbəcər yaylaqlarına aparılması faydalı olar. Artıq fərdi təsərrüfat sahibləri və fermerlər bu sahədə yaradılmış şəraitdən lazımınca yararlanmağa çalışırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, işğaldan azad edilmiş yaylaqlara bu il xeyli sayda qoyunçuluq təsərrüfatı köçürülüb. Kəlbəcər və Laçının minalardan təmizlənən yaylaqlarında 1177 qoyunçuluq təsərrüfatı yerləşdirilib. Bu yaylaqlara, ümumilikdə, 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi, ən çox qoyun-keçi (195 min 936 baş) Kəlbəcər yaylaqlarındadır. Laçın yaylaqlarına isə 114 min 970 baş xırdabuynuzlu heyvan köçürülüb. Qəbul olunan qaydalara əsasən, fermerlər yaylaqlara təsərrüfatdakı xırda heyvanların sayının 10 faizi qədər iri mal da apara bilərlər. Bununla da, builki yaylaq mövsümündə hər iki rayonun yay otlaqlarına, ümumilikdə, 350 min başa yaxın heyvanın aparılması təmin edilib. Gələn ildən Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilana da köç təşkil edilə bilər.
Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri
Son illər BMT-nin hesabatlarına görə, Azərbaycanda istehlakçıların ətə əlçatanlığı yetərli deyil. Bununla belə, ölkəmizdə ətin qiyməti getdikcə artır və bu, yüksələn xətlə davam edir. Hazırda 8-10 kiloqramlıq quzu ətinin qiyməti 20 manat civarındadır. Dana əti isə 14-15 manata satılır. Ən qəribəsi isə budur ki, indi Bakı ilə ət istehsalı yüksək olan regionlar arasında, təqribən, 1 manat qiymət fərqi var. Hətta Şamaxıda və digər rayonlarda paytaxtdakı ilə eynidir.
Düşünürəm ki, bu ilin sonuna quzu və qoyun ətinin qiyməti 20 manata çatacaq. Mal əti də ona yaxın olan bir qiymətə satılacaq. Hətta gözlənilir ki, Azərbaycanda ətin qiyməti son illərin ən maksimal həddinə çatacaq. Bəs, ətin qiymətinin davamlı artmasının səbəbi nədir? Fikrimcə, ən birinci səbəb son illər ətə tələbatın xeyli artması ilə bağlıdır. Bu tələbat isə məişət, ayrı-ayrı ailələr səviyyəsində yox, əsasən, insanların turizm və istirahət mərkəzlərinə kütləvi axını ilə əlaqədardır. Çünki insanların bu məkanlarda çox olması ətə tələbatın artmasına gətirib çıxarır.
Azad İstehlakçılar Birliyinin sədri olaraq mən bu il ölkəmizin şimal, cənub və qərb regionlarında monitorinqlər keçirmişəm. Müşahidə apardığım bütün turizm və istirahət məkanlarında, xüsusən də Qusarın Qayıbulaq və Qayıgöl zonasında, hətta otelin bir gecəsi 270 manat olan Şahdağ istirahət mərkəzində adam əlindən tərpənmək mümkün deyildi. Eyni zamanda, Quba, İsmayıllı, Lənkəran, Lerik, Astara, Hacıkəndin və digər yerlərin ailəvi istirahət və turizm mərkəzlərində də vəziyyət bu cür idi. Eyni zamanda, son illər Rusiyadan və ərəb ölkələrindən gələn turistlərin də sayı çoxalıb. Bu insanların hamısı qidalanmalı, ət yeməlidir. Belə olan təqdirdə ətə güclü tələbat yaranır. Bu isə tələbin təklifi həddindən artıq üstələməsinə gətirib çıxarır. Belə yerlərdə hər gün kifayət qədər xırda və iri heyvan kəsilir. Hətta bəziləri bundan sui-istifadə edərək insanlara keyfiyyətsiz ət də yedizdirir.
Əti bahalaşdıran digər mühüm səbəb yemin qiymətinin artması ilə bağlıdır. Bəs, yemin qiyməti niyə artır? Çünki su tesursları rasional bölünmür. Yonca bağlamasınınbir ədədi 1 ədədi ötən il 3-3,5 manat olduğu halda, bu il, ən azı, 5 manatdır. Bu il su çatışmazlığı yonca yetişdirilməsində problemə səbəb olub. Belə ki, əvvəlki illərdə bir neçə dəfə biçilmiş sahələr bu il cəmi 2 dəfə məhsul verib. Bu da yem bazasının azalmasına gətirib çıxarıb.
Ətin qiymətinə mənfi təsir göstərən amillərdən biri də örüş sahələrinin ilbəil azalması ilə bağlıdır. Təkcə bir faktı deyəcəm. Hazırda Beyləqan rayonunun Haramı düzü adlanan ərazi ayrı-ayrı oliqarxlar tərəfindən ələ keçirilib. Bununla da, rayonda, bir növ, heyvandarlıq çökdürülüb. Çünki ərazidəki örüş yerləri əkin sahələrinə çevrilib. Həmin ərazilərdə aparılan əkinçilik isə heç də rasional deyil. Əksəriyyəti dövlətin subsidiya proqramlarından yararlanmaqla taxıl əkir. Lakin hektardan 12-15 ton məhsul götürür. Bu isə çox aşağı məhsuldarlıq sayılır. Amma həmin torpaqları heyvandarlara versələr, daha yaxşı olar. Bu da onu göstərir ki, bələdiyyələr balanslarında olan torpaqlardan rasional istifadə etmirlər.
Nəhayət, digər səbəb isə bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən heyvanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.
Ət bazarında antisanitariya, küçə kəsimləri məsələsi də ciddi problemlərdən biridir. Qida Təhlükəsizliyi Agentliyi buna qarşı cidd-cəhdlə mübarizə aparsa da, qarşısını ala bilmir. Bunun da səbəbi odur ki, agentlik bu işi rasional görmür. Onlar buna inzibati yolla, icra hakimiyyəti və polisin köməyi ilə nail olmaq istəyirlər. Lakin nəzərə almırlar ki, bazar tələb-təklif prinsipi əsasında işləyir. Bu gün çoxları küçə kəsimlərinə üstünlük verir, yəni insanlar gözlərinin qarşısında kəsildiyi heyvanın ətini almağa çalışırlar. Bu səbəbdən dükanlardan ət alanların sayı getdikcə azalır.
Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi, ilk növbədə, insanların inamını, rəğbətini qazanmalıdır. Vətəndaşlar ətin keyfiyyətli olmasını təsdiqləyən möhürün mötəbərliyinə əmin olub marketlərə üz tutsunlar. Ən dəhşətlisi isə odur ki, hazırda təhlükəli ətlərin, at və eşşək, eləcə də ölmüş heyvanların ətlərinin bazara daşınması halları müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin gücü müxtəlif cərimələr yazmağa çatsa da, bu sahədə ən önəmli, təsirli işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi aparır. Onlar bu cür əməlləri ifşa edir, qanuni həbslər həyata keçirirlər. Amma çox təəssüf ki, Azərbaycan məhkəmələri çox qısa müddətdə onları azad edir. Bu da Azad İstehlakçılar Birliyini narahat edən məsələlərdən biridir.
Azərbaycanda ətin satışında da böyük problemlər yaşanır. Belə ki, iribuynuzlu heyvanın əti 20-yə yaxın hissəyə bölünüb satılmalı, hər hissənin də öz qiyməti olmalıdır. Buna isə qətiyyən əməl edilməməsi istehlakçıların haqlı narazılığına səbəb olur. Lakin bizdə qəssablar əti sümüklü və sümüksüz adı ilə satırlar. Bu, istehlakçıların zərərinə olsa da, satıcıları tam qane edir.
Yeri gəlmişkən, ölkəmizidə mərkəzləşdirilmiş ət kəsimin təşkilinə nail olmaq zəruri və əhəmiyyətlidir. Bir halda ki, orada rüsumlar aşağı salınmalıdır ki, ət kəsimi ilə məşğul olanlar itki ilə üzləşməsinlər. Çünki heyvanı məntəqəyə aparmaq, onu kəsdirmək və əti satış məntəqəsinə gətirmək izafi xərclərə səbəb olur. Bu sahədə qiymətlərin aşağı salınması isə ətin ucuzlaşmasına gətirib çıxara bilər.
M. YAQUBZADƏ,
V.BAYRAMOV
XQ