Bu sətirləri Respublika İncəsənət Gimnaziyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Quba şəhəri, Ərdəbil küçəsi 25-də yaşayan Ağahüseyn Abbasovun redaksiyamıza göndərdiyi məktub əsasında qələmə alırıq. Ağahüseyn müəllim yazır ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən 1997-ci ildə ( o zaman hələ bələdiyyələr yox idi) onun ərizəsi əsasında, yoxlanılaraq və mənzil tikintisinə ehtiyacının olduğu nəzərə alınaraq, rəsmi sənədlərlə, dövlətə rüsum ödənilməklə vətəndaşa verilmiş torpaq sahəsi 2020-ci ilin may ayında Quba Bələdiyyəsinin sədri Humayə Məmmədova tərəfindən başqa bir vətəndaşa satılmışdır.
Halbuki, həmin ərazi məhz doxsanıncı illərdən beton dirəklər basdırılaraq metal torlarla çəpərlənmiş, oraya tikinti materialları – əsasən, çay daşları gətirilmiş, tam olmasa da, tikinti işləri görülmüşdür. Üstəlik, həmin torpaq sahəsi hansısa çöllükdə, boş sahələrdə deyil, bilavasitə dörd tərəfində evlər tikilmiş bir ərazidədir. Yəni bu sahənin kiminsə adında olduğunu soruşmadan, rəsmi sənədləri nəzərə almadan vətəndaşın torpağının satılması birmənalı şəkildə qanun pozuntusudur.
A.Abbasov redaksiyamıza şikayət ərizəsi ilə yanaşı, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin ona torpaq sahəsi verilməsi haqqında 14 iyul 1997-ci il tarixli sərəncamının, müvafiq dövlət qurumunun həyətyanı sahə (mənzil tikintisi) məqsədilə verilmiş torpağa mütəxəssis rəyinin, torpaq sahəsinin plan və ölçüsünün, rəsmi sərəncama əsasən tərtib edilmiş “Torpağın alqı- satqı aktı”nın, müvafiq dövlət qurumu tərəfindən çəkilərək təsdiqlənmiş xəritənin, yerli bələdiyyə büdcəsinə vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamənin, 62 min manat vəsaitin bələdiyyə büdcəsinə ödənilməsi haqqında qəbzin arxiv idarəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş surətlərini də göndərmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin “Torpaq sahəsinin ayrılması haqqında” 13 avqust 1994-cü il tarixli qərarının Quba rayonu ilə bağlı olan hissəsinin surəti də redaksiyamıza göndərilən sənədlər arasındadır. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin təşəbbüs və tapşırığı ilə ərsəyə gələn həmin sənəddə göstərilirdi ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədəuyğun addımlar atılsın.
Həmin illərdə o addımlar atılmışdı. Aradan 25 il keçəndən sonra isə vətəndaşa verilmiş torpaq sahəsi onun xəbəri olmadan başqa adama satılmışdır. Ağahüseyn müəllim onu da əlavə edir ki, bu problemlə üzləşən təkcə o deyil. Daha bir neçə şəxsin torpağı da eyni şəkildə satılmışdır və bələdiyyə sədri həmin adamların hamısına deyir ki, gedin, məhkəməyə müraciət edin. Əlimizdə rəsmi sənədlərimiz ola-ola nə üçün məhkəmələrə düşməliyik?
Bundan başqa, yerli sakinlərin dediyinə görə, məhz həmin bələdiyyə sədri Quba Soyqırımı Memorilal Kompleksinə aid olan ərazinin bir hissəsini də satmış və orada ev tikilmişdi. Rayon rəhbərliyinin müdaxiləsi nəticəsində memorial kompleksin ərazisində tikilmiş bina sökülmüş və həmin qanunsuzluq aradan qaldırılmışdır.
Ən pisi isə odur ki, bir bələdiyyə sədrinin törətdiyi haqsızlıqları görən sakinlər məmurun şəxsi keyfiyyətləri barədə düşünmür, birbaşa dövlətdən narazılıq edirlər. Elə bu sətirlərin qələmə alınması da məhz həmin anlaşılmazlıqların aradan qaldırılmasına xidmət edir.
İttifaq MİRZƏBƏYLİ
XQ