Sertifikasiya imtahanı: Həyəcan bitdi, suallar qaldı

post-img

Bugünlərdə müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında 743 müəllimin müvafiq keçid balını toplaya bilməməsi bir çox suallar doğurdu. Bunların arasında müəllim yetişdirən təhsil müəssisələrində tədrisin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı suallar da var. Həmin suallardan biri belədir: Sertifikasiya və müəllimlərin qiymətləndirilməsi ilə bağlı imtahanlar müasir dövrün tələbləri ilə uzlaşırmı, bu sahədə yenilik və islahatlara ehtiyac varmı?

Təhsil eksperti Adil Vəliyev bu sahədə müəyyən boşluqların narahatlıq yaratdığını bildirdi: 

– Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbu­lu (MİQ) üzrə müsabiqə, eləcə də, sertifikasiya imtahanı müəllimlə­rin bilik səviyyəsini müəyyən edir. Ali və orta ixtisas təhsili müəs­sisələrində müəllim ixtisası alanlar müxtəlif balla məzun olurlar. On­lar arasında fərq olmalıdır. Dövlət məktəblərində işləmək istəyənlər MİQ müsabiqəsindən keçirilir. Bu­rada bir sual da ortaya çıxır ki, niyə ali təhsil müəssisəsində keçirilən dərslərlə MİQ imtahanının sualları uyğun deyil. Yəni, MİQ imtahanı­na düşən suallarla ali məktəbdəki mövzular üst-üstə düşmür. Bunlar, əsasən, abituriyentlərə düşən və orta məktəbi əhatə edən suallardır. Bir sual da ortaya çıxır ki, ali təhsil müəssisələrində keçirilən dərslər nəyə əsaslanır? Düşünürəm ki, burada boşluq var. 

Deməli, ali təhsil müəssisələri, Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi ekspertin toxundu­ğu uyğunsuzluğu aradan qaldırma­lıdırlar. Nəyə görə məzun ali təhsi­lini başa vurduqdan sonra yenidən MİQ imtahanına hazırlaşmalıdır? Gərək suallar elə qurulsun ki, ali məktəb məzunu bacarığını da, al­dığı savadı da göstərə bilsin. 

Adil Vəliyev 700-dən çox müəl­limin işdən çıxarılması ilə bağlı qeyd etdi ki, əslində, onlara 2 dəfə şans verilib: “Bu müəllimlər illərdən bəri övladlarımıza dərs keçiblər və bu müddətdə şagirdlər onlardan nə öyrəniblər? İnanmıram ki, o şagird­lərin nəticəsi yaxşı olsun”.

Bakı şəhəri 35 nömrəli tam orta məktəbin müəllimləri ilə həmsöhbət olduq. İbtidai sinif müəllimi Yasəmən Bayramova 2000-ci ildən bu məktəbdə ça­lışdığını, 27 illik ümumi pedaqoji stajı olduğunu dedi: 

– Sertifikasiya imtahanında hə­dəfim 60 bal olsa da, 53 bal topla­dım. Müəllimlik kifayət qədər ciddi, vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Sertifikasiya prosesi, ilk növbədə, təhsildə keyfiyyəti yük­səltməyə, həmçinin müəllimlərin öz üzərində işləməsinə şərait yaradır. Bu proses müəllimlərin həyat sə­viyyəsini yaxşılaşdırmaq məqsə­dilə maaşlarının artırılmasına əsas verir. Mənim də əməkhaqqıma 35 faiz əlavə olundu. Məktəbdə dərs demək istəyən müəllim sertifikasi­yadan keçərək öz biliyinin müasir tələblərə uyğunluğunu göstərmə­lidir. Təəssüf ki, təhsil sahəsində sertifikasiya keçirilməsinə müna­sibət birmənalı deyil. Bu, dəyiş­məsə, təhsil prosesində keyfiyyəti yüksəltmək mümkün olmayacaq. 

Təhsil müəssisəsində ibti­dai sinif müəllimi kimi çalışan Gültəkin Bağırova sertifikasiya imtahanının pedaqoqun daim öz üzərində işləməsi və peşə fəaliy­yətinə məsuliyyətinin artırılma­sına xidmət etdiyini bildirdi: 

– Ümumi 25 il iş stajım var. Fik­rimcə, sertifikasiya imtahanı müəl­limlər üçün vacibdir. Biz hər zaman yenilikləri mənimsəməli və öz üzə­rimizdə daim işləməliyik. İmtahan həyəcanı hamı kimi məndə də var idi. Suallar öncədən bildirildiyi kimi, ibtidai təhsil səviyyəsində, çərçivə sənədinə uyğun idi. İmtahanda 58 bal topladım. Göstərdiyim nəticə məndə peşəmə sevgi və həvəsi daha da artırdı. Bu prosedurun məqsədi təhsilverənlərin peşə ya­rarlılığını və birlik səviyyəsini yox­lamaq, təlim ehtiyaclarını öyrən­məkdir. 

Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyeva da yüksək bal toplayanlar sı­rasındadır. O, sertifikasiya imta­hanında uğursuz nəticə göstərən müəllimlər üçün keçirilən hazırlıq­da təlimçi kimi iştirak etdiyini bil­dirdi. Qeyd etdi ki, məşğul olduğu müəllimlərin əksəriyyəti uğurla im­tahan verib. 

Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, 46 bal toplamış Arzu Həbibova sertifikasıyanın müəllimin bilik və bacarığına kömək etdiyini bildirdi: 

– Müəllim daim öz üzərində çalışmalı və yeni biliklərə can at­malıdır. Müəllimlərin biliklərinin qiy­mətləndirilməsi yeni bacarıqların formalaşmasına zəmin yaradır. 

Sertifikasiya imtahanında kö­nüllü iştirak edən 62 yaşlı Almaz Məmmədova imtahandan uğurla keçib: 

– İbtidai sinif müəllimiyəm. Uzun illərdir ki, gənc nəslin tə­lim-tərbiyəsi ilə məşğul oluram. İmtahana ciddi hazırlaşmışdım, bəhrəsini gördüm. Müəllim peşəsi böyük məsuliyyət tələb edir. 

“Hazırda təhsilin keyfiyyə­tinin artırılması üçün atılan ad­dımlar yetərlidirmi?” sualına təhsil eksperti Elmin Nuri belə cavab verdi: 

– Bu gün ali təhsillərini başa vuraraq özünə əmək bazarında yer tapmaq istəyən hər bir pedaqoq əlavə qiymətləndirmə müsabiqə­sindən keçir. Bu, əslində, həmin kadrların öz ixtisaslarını nə qədər bilmələrini müəyyən edən pro­sedurdur. Amma sertifikasiyanın həyata keçirilməsi bizə bir reallığı da anlatdı: pedaqoji təhsil verən kollec və universitetlərin faydalı iş əmsalı çox aşağıdır. Universitet və kollec səviyyəsində də sertifikasi­ya prosesini həyata keçirmək olar. Reallıq budur ki, orada dərs deyən müəllimlərin də hamısı yüksək savadlı deyil. Onların da bilikləri qiymətləndirilməlidir ki, təhsilimizi istədiyimiz səviyyəyə çatdıra bilək. 

Ekspert qeyd etdi ki, serti­fikasiya prosesi ilə bağlı təh­silverənlər arasında narazılıqla qarşılanan bir neçə məsələni aşağıdakı kimi qruplaşdırmaq olar: 

– Əvvəla, suallar məsələsidir. Təhsilverənlərin sertifikatlaşdırıl­ması prosesində müsabiqə iştirak­çılarına hər biri 1 balla qiymətlən­dirilən 60 sual ünvanlanır. 50 sual uyğun fənn proqramına aid olur. Yalnız 10 sual təlim strategiyala­rını, tədris metodikasını, psixoloji bacarıqları əhatə edir. Nəzərə alaq ki, təhsilverənin peşə yararlığını müəyyən etməkdən ötrü onun me­todiki və psixoloji bacarıqları da önəmli rol oynayır. Test imtahanı mərhələsində suallararası balans­sızlıq bu göstəricilərdə məntiqi əlaqəni pozur. Sualların verilmə texnologiyaları, əsasən uyğun fənn proqramlarına aid əzbərçiliyə yönələn faktoloji bilgilər tələb edir. 

Elmin Nuri müsahibə mər­hələsi ilə bağlı narazılığa da toxundu: 

– 20 dəqiqə davam edən mü­sahibədə təhsilverənlərin biliyi 4 ballıq şkala əsasında 40 balla qiy­mətləndirilir. Müsahibə mərhələsi proqram üzrə mövzunu təqdimet­mə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji pro­sesi təşkiletmə, ünsiyyət bacarığı kimi meyarlar əsasında aparılır. Müsahibə mərhələsinin bu qədər vacib meyarları özündə əks et­dirməsinə baxmayaraq, prose­sin təşkil olunduğu ilk iki ildə test imtahanı mərhələsinin kölgəsində qalıb, müəyyən mənada az qala formal xarakter daşıyıb. 

Maksimum 40 balla dəyərləndi­rilməli olan müsahibə mərhələsinin nəticələrinin əməkhaqqının artı­mına təsir etməməsi onun funksi­onallığını azaldıb. Birbaşa psixoloji və metodiki bacarıqları aşkar edən müsahibə mərhələsi təhsilverənin peşəkarlıq səriştəsini test mərhələ­sindən də dəqiq müəyyənləşdirsə də, hazırda müəllim üçün faydalı deyil. Ötən il müsahibəyə qatı­lan minlərlə müəllimdən yalnız 33 nəfərinin qeyri-məqbul qiymətlən­dirilməsi də bunu göstərir. 

Araşdırmamızın nəticəsi olaraq bildirək ki, getdikcə qloballaşan dünya sürətlə inkişaf etməkdə və dəyişməkdədir. Belə bir tərəqqi ilə ayaqlaşmaq üçün bütün döv­lətlərdə islahatlar və yeniliklər, ilk növbədə, təhsil sahəsində aparılır. Buna görə də müəllimin peşə ha­zırlığı prosesi yalnız təhsil aldığı dövrlə tamamlanmamalıdır. Gələ­cək nəslin təlim və tərbiyəsi ilə məşğul olan müəllimlərin öz bilik və bacarıqlarını müasir tələblərə uyğun təkmilləşdirmələri ilə yana­şı, onların mütəmadi olaraq inkişaf səviyyəsinin qiymətləndirilməsi də zəruridir. 

Leyla QURBANOVA
XQ







Sosial həyat