Ölkəmizdə səfərdə olan Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş təşkil edilib. Nazir Sahil Babayev son illər Azərbaycanda aparılan sosial islahatların uğurlarını qeyd edib, islahatlar prosesində Avropa Sosial Şəbəkəsi ilə fəal əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.
Qeyd olunub ki, 1999-cu ildə təsis edilmiş, hazırda 34 ölkədən 200-ə yaxın üzv təşkilatla işləyən Avropa Sosial Şəbəkəsi dövlət sosial xidmətlərinin keyfiyyətini artırmaq məqsədinə xidmət edən, sosial sahədə məlumat və uğurlu təcrübələrin mübadiləsi üçün nüfuzlu beynəlxalq platformadır. DOST konsepsiyası da Avropa Sosial Şəbəkəsi tərəfindən “Avropa Sosial Xidmətlər Mükafatı” ilə təltif edilib.
Avropa Sosial Şəbəkəsi öz internet platformasında, virtual qəzetində müntəzəm olaraq DOST Agentliyinə dair məlumatlar təqdim edir. Nazirliyin qurumlarından DOST Agentliyi 2021-ci ildən, Dövlət Məşğulluq Agentliyi isə 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvləridir.
K.Fillet Azərbaycanda son illər həyata keçirilən sosial islahatları, DOST konsepsiyasının nailiyyətlərini maraqla izlədiklərini, bu uğurları, sosial sahəyə ayrılan vəsaitlərdə mütəmadi artımları, sosial xidmətlər sistemində müasir texnologiyaların geniş tətbiqini yüksək dəyərləndirdiklərini bildirib.
Zərifə HÜSEYNOVA
XQ