Çin dördüncü böyük ticarət tərəfdaşımızdır

post-img

“Şərq nəhəngi” ölkəmizə 920 milyon dollar investisiya yatırıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” (“Twitter”) sosial şəbəkə hesabında rəhbərlik etdiyi nazirliklə Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında “İstehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin imzalanması haqqında məlumat verib. Nazir daha sonra sazişin icrasının ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, sentyabrın 1-də Çin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə Azərbay­can–Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi is­tiqamətində müzakirələr aparılıb. 

Yeri gəlmişkən, iqtisadiyyat naziri Mi­kayıl Cabbarov Çin səfəri çərçivəsində bu ölkədə keçirilən “Çində investisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı”da da iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Çinin innovasiyayönümlü inves­tisiya imkanlarının respublikamız üçün önəmini vurğulayıb. O, Azərbaycan iqti­sadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyinin xarici in­vestorlar üçün əlverişli mühiti gerçəkləş­dirdiyini bildirib. Nazir, həmçinin Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik oldu­ğunu, Azərbaycanın nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verdiyini diqqətə çatdırıb və respublikamızda reallaşdırılan layihələ­rin, Ələt Azad İqtisadi Zonasının imkanla­rının mühüm önəm daşıdığını vurğulayıb. 

Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəl­məsi isə ticari–iqtisadi əlaqələrin inki­şafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. 

Azərbaycanın əsas ticarət tərəfdaşla­rından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əmək­daşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın iş­ğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. 

Çin Azərbaycanın dördüncü ən bö­yük ticarət tərəfdaşıdır. Ötən il ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 23,5 faiz artaraq 2 milyard 159 milyon ABŞ dolları təşkil edib. 

1995-ci ildən indiyədək respublikamı­za, ümumilikdə, 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatıran Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texno­logiyaları, ticarət, kənd təsərrüfatı və di­gər sahələrdə fəaliyyət göstərirlər.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iq­tisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tət­biq edilən vergi güzəştləri, güzəştli kredit­lər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən la­yihələrə marağını şərtləndirib. 

Azərbaycan dost ölkə ilə nəqliy­yat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inki­şafına əhəmiyyətli investisiyalar yatırılıb.

Prezident İlham Əliyev bu il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbi­rin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müd­dətdə–307 günə icra etməsinə necə nail olub” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənmə­sində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın belə bir regional bağlan­tının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəh­bəri daha sonra deyib: “Xəritəyə baxsa­nız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şi­mal-Cənub nəqliyyat marşrutları üzərin­də yerləşir. Lakin nəqliyyat infrastrukturu­nun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infra-strukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”. 

Ötən müddətdə dövlətimizin baş­çısının vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qo­yuldu, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkə­daxili infrastruktur sistemi qısa zaman­da gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı. 

Prezident İlham Əliyev belə bir fikir səsləndirərkən, hazırda görülən işləri nəzərdə tutur. Məsələn, indi Yeni Bakı Ticarət Limanı genişləndirilir, çünki bu­nunla Şərqdən-Qərbə daşınan yüklərin həcminin artacağı təqdirdə yükaşırma problemlərinin qarşısı alınır. Başqa sözlə, Azərbaycanın mövcud ticarət infrastruk­turu bir neçə il əvvəl fəaliyyətə başlayan­da onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə Yeni Bakı Ticarət Li­manının imkanlarını 25 milyon tona qə­dər çatdırmaq qarşıya mühüm vəzifə kimi qoyulur. Bundan başqa, Xəzər dənizində daha çox gəmi tikintisi diqqətdə saxlanı­lır. İndi gəmiqayırma zavodunun ildə 20-dək gəmi inşa edəcəyi planlaşdırılır. Bu, həm Azərbaycanda, həm də Xəzər dəni­zində yükdaşımaya tələbat artması ilə bağlıdır. Ümumiyyətlə, hazırda Azərbay­can Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahibdir. Bu, ölkəmizin daha çox yük da­şımaq imkanından xəbər verir. 

Azərbaycan–Çin əməkdaşlığının inki­şafından bəhs edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinə səfəri çərçivə­sində bu ölkənin paytaxtı Pekin şəhərin­də Azərbaycan Ticarət Evinin açılış mə­rasiminin keçirilməsinin əhəmiyyətini də xatırlatmaq istərdik. 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, İq­tisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycan Ticarət Evi “Made in Azer­baijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələn­dirməni həyata keçirəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmin Ticarət Evinin açılışında vurğuladığı kimi, dost ölkədə sayca 4-cü ticarət evi olacaq bu iqtisadi-ticari mərkəz ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacaq.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inki­şafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkə­si” kimi müəyyənləşdirilib. Bununla ya­naşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilər­də “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində iki ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib. 

V.BİNYATOĞLU, XQ

İqtisadiyyat