Lindsi Snell öz ampluasındadır

post-img

Başabəla jurnalist-casus bu dəfə müzəffər ordumuza böhtan atıb

Sosial şəbəkələrdə vaxtaşırı Azərbaycan və Türkiyə əleyhinə təxribat xarakterli paylaşımları ilə tanınan ermənipərəst lobbiçi, amerikalı jurnalist Lindsi Snell Ermənistanın çirkin təbliğatının girovu olduğunu növbəti dəfə təsdiqləyib. Onun budəfə­ki qarayaxma kampaniyasının hədəfi Azərbaycan Silahlı Qüvvələri olub. Jur­nalist adına ləkə olan bu zat “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, guya, Azərbaycan Silahlı Qüvvələrində gördüyü qədər zorakılıq və qəddarlığı heç yerdə görməyib.

Qırx dörd günlük Vətən müharibəsin­də nəinki Ermənistan silahlı qüvvələri və Qarabağdakı qondarma rejimin “müdafiə ordusu”, eləcə də Azərbaycana və bütün Türk dünyasına qənim kəsilən daşnaklar, dünya erməniliyi, sexakronizm (nasistlə­rin əlaltısı Qaregin Njdenin işləyib hazır­ladığı irqçiliyi təbliğ edən erməni millətçili­yi ideologiyası-S.H.) üzərində zəfər çalan Azərbaycan Ordusu haqqında ermənilə­rin pul kisəsindən asılı olan təbliğatçının bu cür fikirlər səsləndirməsi gözlənilən idi. Çünki ilk cümlədə qeyd etdiyimiz kimi, L.Snell bundan öncə də dəfələrlə Azər­baycana və Türkiyəyə böhtan atıb. Onun son qarayaxmalarından biri iyulun 21-23-də Şuşada keçirilən “4-cü Sənaye İnqi­labı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu ilə bağlı olmuşdu. O, sosial şəbəkə hesabında forumda işti­rak edən xarici jurnalist və ekspertlərin si­yahısını dərc etmişdi. L.Snell beynəlxalq ictimaiyyəti forum iştirakçılarını təqib et­məyə çağıraraq, onların reputasiyasına xələl gətirməyə çalışmışdı. Bunu onların, guya, “Qarabağda 120 min sakini blokla­yan” ölkədə forumda iştirak etmələri ilə “əsaslandırmışdı”. L.Snell, faktiki olaraq, forum iştirakçılarını təhdid etmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən, dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media struk­turlarının təmsilçiləri iştirak etmişdilər. Bundan əlavə, 60 yerli media rəhbəri və nümayəndəsi də iştirakçılar arasında idi. Təbii ki, bu qədər xarici jurnalistin Şuşa­da keçirilən media forumunda iştirakını, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini öz gözləri ilə görmələrini, obyektiv, sağlam düşüncə nümayiş etdirmələrini, L.Snell, sadəcə olaraq, qəbul edə bilməzdi. Yeri gəlmiş­kən, qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDİA) avqustun 3-də forum iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yaymışdı. MEDİA-nın bəyana­tında təəssüf hissi ilə bildirilirdi ki, foru­mun mahiyyətini bilərəkdən siyasiləşdir­məyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək, bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfu­za malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampa­niyası aparır, onların reputasiyasına köl­gə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sər­giləyirlər: “Biz Azərbaycan Respublika­sının Medianın İnkişafı Agentliyi olaraq, Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müa­sir medianın problemlərinə, inkişaf pers­pektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz oldu­ğunu bəyan edirik”.

***

Ümumiyyətlə, L.Snellin “jurnalistlik” fəaliyyəti xəbər istehsal etməkdən, ya­radıcılıqla məşğul olmaqdan daha çox, Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərmək üzərində qurulub. Bunun şa­hidi olmaq üçün onun ad-soyadını yazıb internetdə axtarışa vermək kifayətdir. Bu zaman qarşımıza çoxlu anti-Azərbay­can və anti-türk paylaşımı çıxacaq. Bü­tün hallarda görünür ki, jurnalistika onun üçün sadəcə, fon yaratmağa xidmət edir. O, 2016-cı ilin avqustunda Suriya ərazi­sindən Türkiyəyə qanunsuz daxil olarkən saxlanılıb. Elə həmin il hərbi qadağa zonasını pozmaq və casusluq ittihamı ilə həbs edilib. Müəyyən müddət həbs­də qaldıqdan sonra Türkiyənin müvafiq orqanları tərəfindən ölkədən deportasiya olunub.

İndi belə bir şəxsin Azərbaycan Ordu­su haqqında hədyanlar yağdırması, əs­lində, bizim üçün təəccüblü olmamalıdır. İndiyədək Qərbdə müxtəlif ermənipərəst dairələr ordumuza böhtan atmışdılar. An­caq L.Snellin yanaşması, “Mən hələ də Suriyaya gedirəm. İraq, Liviya, Fələstin, Ukrayna da daxil olmaqla, 30 ölkədən re­portaj hazılamışam, xəbərlər vermişəm. Onlarca orduya–hərbi qrupa, o cümlə­dən, terrorçuların arasına girmişəm. La­kin mən Azərbaycan Silahlı Qüvvələrində gördüyüm qədər zorakılıq və qəddarlığı heç yerdə görməmişəm”, – deməsi, zən­nimizcə, Azərbaycan Silahlı Qüvvələrinə atılan böhtanın “zirvə nöqtəsi”dir. Çün­ki bu, bir faktdır ki, Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibə­sini beynəlxalq humanitar hüququn bü­tün norma və tələblərinə riayət etməklə aparıb. Müharibə zamanı işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşan mülki şəxslərdən birinin də necə deyərlər, bur­nu qanamayıb. Ordumuzun əsir götür­düyü şəxslər alçaldılmayıb, qeyri-insani rəftara məruz qalmayıb. Ümumiyyətlə, humanizm Azərbaycan xalqının canın­da-qanında, genindədir. Ordu da xalqın bir parçasıdır. Belə bir xalqın ordusu başqa cür ola bilməz. Azərbaycan Ordu­su ermənilərin Birinci Qarabağ mühari­bəsi zamanı Xocalı, Meşəli, Kərkicahan, Bağanis-Ayrım, Malıbəyli, Quşçular, Bal­lıqaya, Başlıbel kimi yaşayış məntəqələ­rimizdə törədilən müharibə cinayətlərinin qisasını döyüş meydanında alıb. İndi belə bir orduya ancaq Lindsi Snell kimi vicdan və ədalət hissini itirmiş şəxslər böhtan ata bilər. Ancaq o bilməlidir ki, vic­danını pula satmış, ədalət hissini itirmiş, obyektivlikdən uzaq şəxslərin nə demə­sinin, nəinki, Azərbaycanda, beynəlxalq ictimaiyyət yanında da çürük qoz qədər dəyəri olmayacaq.

Xanım Snell, heç olmasa, hərdən beynini işə salmalı, ayılmalı, hansı infor­masiya selində necə deyərlər, üzdüyünü anlamalı, erməni tərəfinin manipulyasiya­larına alət olmağı dayandırmalı və Qara­bağda hansısa “blokada”nın, “humanitar fəlakət”in olmadığına, bölgədə 120 min nəfərin yaşamadığına əmin olmalıdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan Qarabağ iqtisadi rayonunun erməni sa­kinlərinin ölkə cəmiyyətinə yenidən in­teqrasiyasında sadiqdir və onlara digər vətəndaşlar kimi bərabər hüquqlar təmin edəcəkdir.

Azər HƏSRƏT,
siyasi şərhçi:

– Lindsi Snell adlı bu qadın, əslində, jurnalist yox, böhtançı­dır. Həm də anti-türk xarakterli. Şəxsən özüm onu yetərincə uzun müddətdir izləyirəm. Həmişə də görürəm ki, paylaşımları, yazıları bu və ya digər şəkildə, həm də açıq ifadələrlə türk millətinə qarşıdır. Belə anlamaq olar ki, onun arxa­sında anti-türk mərkəzlər – şəxslər dayanıb. Anti-türk deyəndə də ilk ağıla gələn erməni təbliğat maşı­nıdır. Bunu onun paylaşımlarından da açıq şəkildə görmək olur. Elə Qarabağ məsələsi ilə bağlı pay­laşımları açıq şəkildə təktərəfli – erməni yönlü təbliğat xarakterlidir. Hətta, bir çox hallarda bu təbliğat paylaşımları ilk sözündən Lindsini ələ verir ki, o, kimlərinsə çirkin təb­liğatına könüllü alət olub.

Son paylaşımlarından birində işlətdiyi ifadələr də onun nəyə xid­mət etdiyini göstərir. Deyir ki, Suri­yaya, Liviyaya, İraqa və Fələstinə gedib, oradakı silahlı qüvvələrin əməllərini görüb. Ardınca da iddia edir ki, “hələ də Azərbaycan Silah­lı Qüvvələri və onun arxasındakı rejimdən gördüyüm qəddarlıq və nifrətin həddi ilə qarşılaşmamı­şam”. İndi baxaq görək bu qadının iddia etdiyi qəddarlıq və nifrət özü­nü nədə göstərir? Yaxud da Azər­baycan Ordusu və “rejimi” onun iddia etdiyi kimi dinc erməni sakin­lərini qırırmı, onların evlərini dağı­dırmı? Axı İraq, Suriya, Fələstin, Livanda olduğu kimi Azərbaycan­da belə faktlar yoxdur. Bəs necə olur ki, bu təbliğat aləti belə iddia irəli sürür? Əlbəttə ki, ona verilən tapşırıqları yerinə yetirmək üçün utanmadan ağa qara deyir. Deyir ki, ağaları səxavət dağarcıqlarının ağzını bir qədər də geniş açsınlar...

Səxavət HƏMİD, XQ



Siyasət