7 ayda regional investisiya 6 milyard manata çatıb
Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda artıq ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin və dayanıqlığın təmin edildiyi, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunduğu bildirilib. Adıçəkilən strategiyada, eyni zamanda, milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlığın xeyli yüksəldiyi, iqtisadiyyatın sürətlə şaxələndiyi və daxili istehsalın qlobal dəyər zəncirinə səmərəli inteqrasiyasının yekunlaşdığı da vurğulanıb. Bütün bunlar isə son 10 ilin statistikasında öz əksini tapıb. Belə ki, bu dövrdə milli iqtisadiyyat 15 faiz genişlənib, qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə çoxalıb.
Azərbaycan düşünülən iqtisadi siyasətin gerçəkləşdirilməsi, uğurlu iqtisadi islahatların həyata keçirilməsi nəticəsində son 10 ilin iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatının xarici təsirlərə davamlılığı özünü göstərib. Məsələn, 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalanda, 2020-ci ilin əvvəllərindən başlayan və pandemiya böhranının ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratdığı bir vaxtda çevik və effektiv iqtisadi idarəetmə hesabına, köklü struktur–institusional islahatların reallaşdırılması nəticəsində milli iqtisadiyyatın strukturunun dəyişməsi davam etdirilib, qeyri-neft sektorunun payının yüksəlməsi diqqətdə saxlanılıb. Bütün bunların sayəsində respublikamızda makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub.
Ümumiyyətlə, dövlətimizin başçısının uğurlu iqtisadi siyasəti ilə ÜDM istehsalı 2011-ci ildə 25,4 milyard manat olduğu halda, 2022-ci ildə 133,8 milyard manat və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox təşkil edib.
Ümumiyyətlə, respublikamızın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən uğurlu göstəricilər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasından xəbər verir. Belə bir nailiyyət makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Hazırda ölkəmizdə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, cari ilin yanvar–iyul aylarında dövlət büdcəsinin gəlirlərinin 15 milyard 480 milyon manat, xərclərinin isə 14 milyard 63 milyon manat təşkil etməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.
İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib. Bu, statistik rəqəmlərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin I yarısında büdcə daxil-olmalarında qeyri-neft-qaz sektorunun payı 57 faiz təşkil edib. Sektor üzrə daxilolmaların 58,8 faizi və yaxud 5 milyard 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 faizi və yaxud 3 milyard 75,5 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 faizi və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizi və yaxud 16 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 faizi və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub.
Göründüyü kimi, reallaşdırılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli dərəcədə böyüyüb. Həyata keçirilən uğurlu struktur–institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub, pandemiya səbəbindən 2020-ci ildə həmin göstərici 80,8 faizə enib və 2022-ci ildə bu sektorda əlavə dəyər 9,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292,2 manata çatıb.
Son illərdə iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastrukturla kiçik və orta sahibkarlığın (KOB) inkişafı dəstəklənib. Son 10 ildə dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə çox artıb, qeyri-neft ÜDM-də payı isə 30 faizə yaxın olub.
Regionlarda investisiya qoyuluşunun diqqətdə saxlanılması da bölgələrin inkişafını sürətləndirir. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın regionlarına investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizə yaxın artıb. Cari ilin 7 ayında regionlara investisiya qoyuluşunun həcmi 6 milyard manata yaxınlaşıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.
Əlbəttə, bu uğurların əldə edilməsində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası da önəmli rol oynayıb. Bu, bir neçə gün bundan əvvəl ölkə rəhbərinin Füzuli, Şuşa, Kəlbəcər və Laçın rayonlarına səfərlərindən də aydın görünür. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın bütün regionlarının, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafını, xüsusilə işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulmasını diqqət mərkəzində saxlayır. Vətən müharibəsindən ötən müddətdə bu torpaqlarda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri bunun bariz ifadəsidir.
Bununla bağlı bəzi məqamlara diqqət yetirmək istərdik. Əvvəlcə onu xatırladaq ki, Azərbaycan hökuməti böyük maliyyə ehtiyatlarına malik fondları, investorları Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasına cəlb etmək istiqamətində bir sıra addımlar atıb. Məsələn, bu ilin yanvarından etibarən işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib. Düşməndən təmizlənən sahələrin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolmanın həmin ərazilərdəki rezidentlərin fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiqlənməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. İşğalçıdan təmizlənən yaşayış sahələrində fəaliyyət göstərəcək sahibkarlara kommunal ödənişlərdə də güzəştlər tətbiq olunur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun şəkildə ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsi hesabına maliyyə yardımının da göstərilməsi planlaşdırılıb.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Son illərdə ölkəmizdə investisiya mühitinin yaxşılaşdrılması istiqamətində davamlı islahatlar həyata keçrilib. Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırımını isə Prezident İlham Əliyev tərəfindən yaradılan ictimai-siyasi sabitlik və xalq–iqtidar birliyi şərtləndirib.
Ümumiyyətlə, hər bir investor investisiya qoyduğu ölkə ilə bağlı məlumatları nəzərdən keçirir, o cümlədən burada müəyyən reytinqlərdə əksini tapan göstəricilər də mühüm önəm daşıyır. Təsadüfi deyil ki, ölkəmiz “Doing Bisness” reytinqində 190 ölkə arasında 28-ci yerdə qərarlaşır. Ölkəmiz bu sıralamada dünyanın bir çox qabaqcıl ölkələrindən öndədir. Bu, respublikamızda həyata keçirilən islahatlar nəticəsində yaranmış müsbət investisiya mühütindən xəbər verir.
Ümumiyyətlə, investisiyalar xarici və daxili mənbələr hesabına həyata keçirilir. Son illər daxili sərmayə xarici sərmayəni üstələyir. Keçən il daxili investisiyaların həcmi əvvəlki illə müqayisədə 21,6 faiz artıb. Buna səbəb isə yaradılan əlverişli investisiya şəraitidir ki, sahibkarlar bu mühütdən səmərəli yararlanır.
Azərbaycanda qeyri–neft sektorunda yaradılan investisiya mühiti xarici və daxili rezidentlərin investisiya yatırmasına şərait yaradır. Respublikamızda qeyri–neft sektoruna yatırılan investisiyaların həcmində daha çox qardaş Türkiyə üstün mövqeyə malikdir. Bundan başqa, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya, Fransa və Rusiyadan da demək olar ki, hər il Azərbaycanın qeyri–neft sektoruna böyük həcmdə investisiyalar yatırılır. Xarici investorlar tərəfindən əsasən, tikinti, nəqliyyat, elektrik enerjisi istehsalı, elm və təhsil sahələrinə böyük maraq göstərilir.
İnvestisiya mühitinin yaxşılaşdırılması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015- ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib.
Bu sahədə aparılan islahatlardan biri də, kiçik və orta sahibkarlıq subyektlərinin 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilməsidir. Sahibkarlar üçün tətbiq olunan vergi güzəştləri sırasında kənd təsərrüfatı sektoru da xüsusi yer tutur.
İnvestorlar üçün tətbiq edilən güzəştlərdən biri də sənaye parklarının rezidentlərini əhatə edir. Parklarda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunur. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.
Vaqif BİNYATOĞLU,
“Xalq qəzeti”