İnflyasiya aşağı düşməyə meyillidir

post-img

Prezident İlham Əliyev çıxışlarının birində inflyasiyanın ikirəqəmli olmasının narahatlıq doğurduğunu, ilin sonuna qədər onun birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid etdiyini vurğulayıb. 

Dövlətimizin başçısı, eyni zamanda, inflyasiyanın ikirəqəmli olmasını təbii amillərlə yanaşı, subyektiv səbəblərlə də əlaqələndirib və hökumətin bunu ciddi araşdıraraq ilin sonuna qədər atı­lacaq addımlarla bağlı təkliflər verməsi­nin zəruriliyini bildirib. “Çünki Azərbay­canın,bütövlükdə, iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyə­sində olması, əlbəttə ki, arzuolunan de­yil”,– deyə ölkə rəhbəri qeyd edib.

Prezident İlham Əliyevin bu sözlərindən sonra Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncam əsasında ölkədə inflya­siyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və key­fiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq siste­minin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə işçi qrup yaradılıb. Na­zirlər Kabineti Aparatının rəhbəri həmin qrupun rəhbəri təyin olu­nub. İşçi qrupa ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görməsi, həmin tədbirlərin nəticəsi barədə ayda bir dəfə hesabatın Azərbay­can hökumətinə təqdim olunması tapşırılıb.

Yeri gəlmişkən, sənəddə son dövrlərdə inflyasiya prosesinin ak­tivləşməsinin qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan bi­rinə çevrildiyi vurğulanıb. Bununla bərabər, dünyada geosiyasi gər­ginliyin davam etməsi, tətbiq olu­nan iqtisadi sanksiyalar, pandemi­yanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim də­yişikliyinin kəskinləşməsi və qlo­bal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin hazır­da da inflyasiya proseslərinə təsir göstərdiyi diqqətə çatdırılıb. Ölkə­də inflyasiyanın daxili və xüsusilə də xarici amillərin aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə səmərəli mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görüldüyü, bu istiqamətdə gerçəkləşdirilən tədbirlərinin infl­yasiyanın kəskin artmasının qarşı­sının alınmasına zəmin yaratdığı da bildirilib. 

Onu da xatırladaq ki, Baş na­zirin adıçəkilən sərəncamında respublikada inflyasiyaya təsir göstərən amillərin müəyyənləşdi­rilməsi, qiymət dinamikasının mo­nitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin for­malaşdırılmasının iqtisadi artımı və sosial rifahı dəstəklədiyi, nə­ticədə isə inflyasiya səviyyəsinə nail olunması zəruri hal kimi qeyd edilib. 

Yeri gəlmişkən, ölkə rəhbərinin vurğuladığı kimi, ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə düşə biləcəyi gözlənilir. Əlbəttə, bu ümidi, ilk növbədə, qlobal mə­kanda yaranan vəziyyət şərtlən­dirir. Yəni dünyada belə bir ten­densiyanın başlandığı hələ ötən ildən nəzərə çarpır. Azərbaycanda isə cari ilin may ayından etibarən inflyasiyanın tədricən zəifləməsi özünü göstərir. Həmin vaxtdan başlayaraq respublikada bir sıra strateji məhsulların, o cümlədən ərzaq mallarının ucuzlaşması bu­nun bariz ifadəsidir. 

Bu günlərdə Hesablama Pala­tasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xü­lasəsi”ndə bildirilib ki, neftin faktiki qiymətinin təsdiq edilən göstərici­dən çox olması neft sektoru üzrə ÜDM-in illik proqnozunun əhəmiy­yətli hissəsinin ilk yarımildə real­laşması və bu sektordan dövlət büdcəsi gəlirlərinin yüksək icrası ilə nəticələnib. 

Adıçəkilən xülasəyə əsasən, hesabat dövründə ÜDM 60 mil­yard 302,1 milyon manat olub, ÜDM-də qeyri-neft-qaz sahələri­nin payı 60 faizə yüksəlib. Neftin faktiki qiymətinin büdcə üzrə təs­diq edilən qiymətdən çox olma­sı ilin birinci yarısında neft-qaz ÜDM-i üzrə illik proqnozun 71,1 faizinin icrası ilə nəticələnib. Bu, dövlət büdcəsinin neft sektoru üzrə vergi gəlirlərinə təsir edib, bu gəlirlər 3 milyard 987,7 milyon manat olmaqla, dövrün proqnozu­nu 1 milyard 349,8 milyon manat üstələyib. 

Ümumiyyətlə, ölkədə iqtisa­di artım tamamilə qeyri-neft-qaz sahələri hesabına təmin edilib, daxili tələb amilləri məcmu tələbin aktivləşməsində əsas rol oynayıb. Hesabat dövründə iqtisadi artım 0,5 faiz (2022-ci ilin 6 ayında 6,2 faiz) olub və tamamilə qeyri neft-qaz sahələri hesabına gerçəkləş­dirilib. 

İqtisadi artımın zəifləməsi neft hasilatının azalması, bəzi qeyri­neft-qaz sahələrində yuxarı baza effekti nəticəsində artım tempinin zəifləməsi ilə izah olunur. Qeyri-neft-qaz sahələrinin 3,1 faiz artı­mında əsas rol turizm və tikinti sek­torlarına məxsus olub, inşaatda 9,2 faiz artım əsas kapitala daha çox investisiya yönəldilməsi ilə şərtlə­nib. Bununla bərabər, 18 milyard dollar olan ixrac 2,8 faiz azalsa da, 8,2 milyard dollarlıq idxal həcmi 29 faiz artıb, məcmu tələbin artımı daxili amillərdən formalaşıb. 

Cari ilin yanvar–iyun aylarında dövlət büdcəsinin parametrləri əl­verişli makroiqtisadi mühitdə icra edilib, əsas makroiqtisadi göstəri­cilər üzrə izlənən dinamika büdcə parametrlərinin icrasına müsbət təsir göstərib. 

Vəkil HÜSEYNOV,

iqtisadçı-ekspert

Fikrimcə, Azərbaycanda inflyasiyanın azalması ilə bağlı şərait qlobal bazarlarda ener­jidaşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Hazır­da prosesin bu istiqamətdə da­vam etməsi böyük ümid doğurur. Digər tərəfdən isə ölkəmizdə makroiqtisadi sabitlik təmin edi­lir. Manatın məzənnəsinin sabit­liyi qorunur və dövlət başçımı­zın sözləri ilə desək, bu, dünya praktikasında, xüsusilə indiki şə­raitdə respublikamız üçün nadir hadisələrdən biridir. Bu, düşü­nülmüş strategiyanın təzahürü­dür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyya­tına əsaslı təsir göstərir. Amma, ilk növbədə, bunun ən ciddi tə­siri insanların yaşayış səviyyə­sinədir. Bizdə isə həm minimum əməkhaqları, həm də minimum pensiyalar müntəzəm olaraq ar­tırılır. Bununla paralel olaraq ma­nat sabit saxlanılır. 

Hazırda illik inflyasiyasının 12 faiz səviyyəsinə enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalma­sı, dünya əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi, bey­nəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyə­də qeydə alınması, profisitli tə­diyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunma­sı və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması müşahidə olunur. 

Qlobal maliyyə sistemin­də sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə reses­siya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indeks­lərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu da dəyişməz qalır. 

Respublikamızda inflyasiya­nın azalması məsələsi Hesab­lama Palatasının “Dövlət büd­cəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə də yer alıb. Qeyd edilib ki, hesabat dövründə iqtisadi artım 0,5 faiz (2022-ci ilin 6 ayında 6,2 faiz) olub və tamamilə qeyri-neft-qaz sahələri hesabına təmin edilib. İqtisadi artımın zəifləməsi neft hasilatının azalması, bəzi qey­ri-neft-qaz sahələrində yuxarı baza effekti nəticəsində artım tempinin zəifləməsi ilə izah olu­nur. Qeyri-neft-qaz sahələrinin 3,1faiz artımında əsas rol turizm və tikinti sektorlarına məxsus olub, tikintidə 9,2 faiz artımı isə əsas kapitala daha çox investisi­ya yönəldilməsini şərtləndirib. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat