Bakı və Abşeronda 500-600 min arası belə “qanunsuz tikinti” var
Bakı şəhəri və Abşeron yarımadasında inşa olunmuş sənədsiz evlərlə bağlı müzakirələr davam etsə də, hələlik, bu sahədə ciddi bir yenilik, əməli iş yoxdur. Doğrudur, 2019-cu ildə bununla bağlı xüsusi konsepsiya qəbul olunsa da, bu, məsələnin köklü həlli üçün kifayət etməyib. Problemin çözülməməsindən isə həm vətəndaş əziyyət çəkir, həm də dövlət büdcəsi külli məbləğdə vəsaitdən məhrum olur.
Təqribi hesablamalara görə, hazırda paytaxt və Abşeron ərazisində 500-600 min sənədsiz ev var. Uzun illər ərzində inşasına göz yumulan yüz minlərlə ev “qanunsuz tikili” adlandırılaraq dövlət qeydiyyatına alınmayıb, deməli, həm də əmlak vergisinə cəlb edilməyib. Bununla da, böyük həcmdə vəsaitin dövlət büdcəsinə daxil olması reallaşdırılmayıb.
Hazırda belə evlərlə bağlı əsas problemlərdən biri də mülkiyyəti təsdiqləyən heç bir sənədin olmamasına baxmayaraq, həmin mənzillərdə yaşayan sakinlərdən əmlak vergisinin yığılmasıdır. Bu sahədə qeyri-müəyyənlik isə 15 ildən artıqdır ki, davam edir. Belə ki, çox zaman bələdiyyə işçiləri (Hətta bu məsələdə müəyyən sui-istifadə halları da istisna olunmur) fərdi mənzillərin darvazalarını vaxtlı-vaxtsız döyür, bəzən də ev sahibinə zəng vuraraq əmlak vergisi tələb edirlər. Həmin şəxslər istədiklərini ala bilmədikdə isə çox zaman vətəndaşı cərimə ilə hədələyirlər.
Belə vəziyyətə Bakıərtafı kənd və qəsəbələrdə, eləcə də Abşeron rayonunun yaşayış massivlərində daha çox rast gəlinir. Bu da bir çox hallarda müəyyən haqlı narazılıqlara gətirib çıxarır. Belə ki, bir çoxları əmlak kimi qeydiyyata alınmayan mənzilinə görə vergi tələb olunmasını qanunsuz hesab etsə də, bəziləri isə “qoltuğu papkalı” şəxslərin tələbləri qarşısında geri çəkilərək ondan istənilən məbləği ödəməli olur.
Ümumiyyətlə, sənədsiz, “kupça”sı olmayan evlərdən əmlak vergisi yığılmalıdırmı? Yaxud belə evlər hansı halda əmlak vergisinə cəlb oluna bilər?
Hər şeydən öncə qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev hələ 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə rəsmi icazə olmadan tikilən evlərlə bağlı narahatlığını ifadə etmişdi. Dövlət başçısı sənədsiz evlərin əmlak vergisinə cəlb olunmasında problem yaratdığını bildirərək həmin evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq strukturlara tapşırıq vermişdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə–onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla əmlak vergisi ödəyirlər.
Dövlət Vergi Xidmətindən bildirdilər ki, əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiqləyən sənəd yoxdursa, o zaman həmin binaya əmlak vergisi hesablanmamalıdır. Əmlak vergisi yalnız mülkiyyəti təsdiqləyən sənədi olan əmlaklar üçün tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır.
Qeyd olunub ki, sənədi olmayan həyətyanı sahələr üçün bələdiyyələr tərəfindən torpaq vergisinin toplanılmasına gəldikdə isə, qanunvericiliyə görə, fiziki şəxslərin və müəssisələrin Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Deməli, qanunvericiliyə əsasən, vətəndaş istifadə etdiyi istənilən torpaq sahəsinə görə vergi ödəməyə borcludur. Amma mülkiyyət kimi qeydiyyata alınmayan əmlakına görə heç bir halda ondan vergi tələb oluna bilməz. Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, yalnız vətəndaşın istifadəsində olan mənzil “kupça” ilə təmin olunduqdan, yəni mülkiyyət kimi qeydiyyata alındıqdan sonra hər kvadratmetrinə görə müəyyənləşdirilən dərəcələr tətbiq olunmaqla əmlak vergisinə cəlb edilməlidir.
Elnur FƏRZƏLİYEV,
əmlak məsələləri üzrə ekspert
Hazırda Azərbaycanda, xüsusən, paytaxt Bakı və Abşeron ərazisində mülkiyyət sənədi olmayan, yəni “çıxarış” alına bilinməyən yüz minlərlə fərdi həyət evi mövcuddur. Belə evlərin bir qismi sovetlər dövrünə aid olsa da, böyük əksəriyyəti isə ötən əsrin 90-cı illərindən sonra inşa olunub. Həmin evlərə də “kupça” alına bilinməməsinin əsas səbəbi ərazilərdəki torpaqların fərqli təyinatı ilə bağlıdır. Belə ki, sözügedən ərazilərin bir hissəsi kənd təsərrüfatı təyinatlı, digər hissəsi isə dövlət, eləcə də idarə və müəssisələrin balansında olan torpaqlardır. Həmin ərazilərdə tikilmiş evlərə mülkiyyət sənədlərinin verilməsi isə qanunla qadağandır.
Bu səbəbdən həmin obyektlərin hamısı, demək olar ki, qanunsuz tikililər sayılır. Belə ərazilərdə inşa olunmuş fərdi həyətyanı evlərə “çıxarış”ların verilməsi üçün, ilk növbədə, həmin torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevrilməlidir. Bundan əlavə, hər bir bina və ya fərdi yaşayış evi mövcud tikinti normativlərinə uyğun inşa olunmalıdır. Yəni, fərdi həyət evləri arasındakı məsafə normativlərə uyğun gəlməlidir.
Əmlak məsələsi Azərbaycan iqtisadiyyatının böyük hissəsini özündə cəmləyir. İlk növbədə, çoxmərtəbəli binaların və ya fərdi evlərin tikilməsi, yaşayış massivlərinin sayının artması vətəndaşların mənzil probleminin aradan qaldırılmasına kömək edir. Digər tərəfdən, tikintidə istifadə olunan inşaat materiallarının böyük bir hissəsi ölkəmizdə istehsal olunur. Mənzil tikintisi sürətləndikcə istehsal müəssisələrinin də fəaliyyəti güclənir və bu da yeni iş yerlərinin açılmasına səbəb olur. Eyni zamanda, mənzillərin təmiri zamanı vətəndaşlar tikinti materialları bazarına müraciət edirlər. Hər bir yeni mənzilin mebel, elektrotexnika avadanlığı və digər zəruri əşyalarla təchizatı da daxili bazar hesabına həyata keçirilir ki, bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərir.
Bununla belə, hazırda ölkəmizdə, xüsusən də paytaxt Bakı və Abşeronda yüz minlərlə “çıxarış”sız fərdi yaşayış evinin olması dövlət büdcəsini bu sahədə mümkün gəlirlərdən məhrum edir. Vergilər Məcəlləsinin 198-ci maddəsinə əsasən, mülkiyyət sənədi olan mənzillərə görə əmlak, 205-ci maddəsinə görə isə, torpaq vergisi ödənilməlidir. Əksər hallarda vətəndaşlar öz mənzillərinə “çıxarış” ala bilmədiklərinə görə bu vergiləri ödəmirlər. Burada, necə deyərlər, vətəndaşı günahlandırmaq olmaz. Çünki hansı bir əmlakın vergiyə cəlb olunması üçün mütləq şəkildə onun mülkiyyət hüququ tanınmalıdır. Lakin mənzərəyə başqa bir prizmadan baxdıqda isə vətəndaş yaşadığı evə qaz, su, işıq xətləri və telefon çəkdirib öz adına rısmiləşdiribsə və həmin mənzilə qeydiyyat ünvanı alıbsa, bu artıq onun həmin mənzildə yaşamaq hüququnu formalaşdırır. Yaşamaq hüququ isə mülkiyyət hüququnun böyük bir hissəsini özündə cəmləşdirdiyindən bəzi ərazilərdə vətəndaşlardan bu cür vergilər tələb olunur. Həmin vergilərin isə qanunvericiliyə uyğun toplanması, həm bələdiyyələrin büdcəsinin formalaşdırılmasına, həm də dövlətin xəzinəsinə əhəmiyyətli təsiri olar.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”