“Şahdəniz”dən 200 milyard kubmetr qaz çıxarılıb

post-img

“Şahdəniz” yatağından hasilatın başlanğı­cından indiyədək, ümumilikdə, 200 milyard kubmetr qaz çıxarılıb. 200 milyardıncı kub­metr qaz bu il avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənu­bi Qafqaz Boru Kəmərini istismara verilməsi­nin elan olunmasından 16 il yarım sonra əldə edilib. 

“BP-Azərbaycan”dan qəzetimizə bildirilib ki, 2006-cı il dekabrın 15-də baş vermiş ilk hasilat yatağın işlən­məsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bu günədək Şahdəniz qazı uğurla və etibarlı şəkildə Azər­baycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni “Şahdəniz 2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlan­dığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasın­dan ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.

“Şahdəniz Mərhələ 2” layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropa­nın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaratdı. 2020-ci ilin dekabrından başlayaraq “Şahdəniz” qazı Avropa bazarlarına nəql olunur və “köhnə qitə” üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın ener­ji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır.

Ümumilikdə, “Şahdəniz Mərhələ 2” layihəsi çərçivə­sində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixrac edilir.

2023-cü il “Şahdəniz” üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da, yataqda əlavə “Şahdəniz 2” quyuları işə salınacaq.

Hazırda “Şahdəniz Alfa” (11 quyu) və “Şahdəniz Bravo” (14 quyu) platformalarından, ümumilikdə, gün­də orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.

“Xalq qəzeti”

İqtisadiyyat