Qorunma tədbirləri aktuallığını saxlayır
Monqolustanın paytaxtı Ulan-Batorda koronavirusun “EG.5” (“Eris”) variantına yoluxma faktının təsdiqlənməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatı bu barədə geniş açıqlama verib və ölkələri bu məsələni nəzarətdə saxlamağa və lazımı tədbirlər görməyə çağırıb.
Mütəxəssislərin fikrincə, digər variantlarla müqayisədə xəstəliyin ötürülmə yolları, klinik əlamətləri və yaxud müalicəyə tabe olmağında heç bir fərq müşahidə olunmur. Lakin digər variantlarla müqayisədə daha yüksək mutasiya qabiliyyətinə malik olduğuna görə yoluxduruculuq qabiliyyəti çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “EQ.5” variantı qlobal ictimai səhiyyə qarşısında aşağı riskli olaraq dəyərləndirilib. Buna baxmayaraq, yüksək risk qrupuna daxil olanlar üçün bu bəyanat qorunma tədbirlərini azaltmaq və diqqətsiz davranmağa əsas olmamalıdır. Hospitalizasiya riski yüksək olanlar hər zaman müvafiq tədbirlərlə özlərini virusa yoluxmaqdan qorumağa davam etməlidirlər.
Qarşıdan payız ayları gəlir. Bu, o deməkdir ki, təhlükə hələ qarşıdadır, çünki payız aylarında virusa yoluxma sayı daha da artır. EG.5 mutasiyasının öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq kimi əlamətləri var. Əvvəlki dövrdə virusa qarşı aparılan mübarizə tədbirləri yenə aktualdır. Əhalinin xeyli hissəsi virusa qarşı peyvənd olunduğuna görə orqanizmdə müəyyən qədər immunitet var. Lakin koronavirusun xarakteri elədir ki, meydana çıxan yeni variantlarda fərqli, bəlli olmayan əlamətlər müşahidə olunur. Ona görə də əvvəlki qorunma üsulları ən mühüm amillərdən biri olaraq qalır.
Qeyd edək ki, koronavirus daim mutasiyaya uğrayır və onun yeni ştamlarının ortaya çıxması dünya əhalisini narahat edir. ÜST-nın hesabatında son bir ayda dünyada COVID -19-a yoluxanların 63 faiz artdığı bildirilir. Təkcə son bir həftədə 1,4 milyon yoluxma halı qeydə alınıb. Yaranmış vəziyyətlə bağlı bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.
Bəs Azərbaycanda vəziyyət necədir? Yeni mutasiyanın ölkəmizə gəlmə təhlükəsi ilə bağlı narahatlıq hiss olunurmu? Səhiyyəmiz yeni “qəfil qonağın” gəlişinə hazırdırmı?
Bu kimi məsələlərə münasibət bildirən Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev deyib ki, koronvirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır. Onun sözlərinə görə, qonşu ölkələrdə “Omicron” ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir. Hazırda “EG.5”lə yanaşı, başqa daha bir təhlükəli variant da müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, təhlükəli həddə deyil.
Vasif Əliyev əlavə edib ki, bu növlərin Azərbaycanda olması ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə yoluxma varsa, gələcəkdə ölkəmizdə də aşkarlanma ehtimalı istisna deyil. Buna görə də infeksionist vətəndaşları gigiyenik qaydalara əməl etməyə çağırıb.
Bununla bağlı TƏBİB-ə ünvanladığımız sorğuya aldığımız cavabda da ehtiyatlı olmaq tövsiyə edilir. Bildirilir ki, yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir. Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib.
Koronavirus mutasiya etməyə davam edir və yeni subvariantlar formalaşır. Bu səbəbdən variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır.
Həmçinin qeyd edilir ki, TƏBİB-in tabeliyindəki xəstəxanalarda hər növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədli modul tipli xəstəxana fəaliyyətini dayandırmayıb. Hazırda koronavirusa yoluxan xəstələr həmin tibb müəssisəsində müalicə olunurlar.
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. Virusun yayıldığı vaxtdan indiyədək, ümumilikdə, 832 min 182 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 min 773 nəfər müalicə olunaraq sağalıb, 10 min 300 nəfər vəfat edib. Hazırda tibb müəssisələrində aktiv xəstə sayı 109 nəfərdir.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”