“Xalq qəzeti” öz tarixinin 104-cü ilinin tamamında oxucuları ilə görüşə 30 min 300-cü nömrəsi ilə gəlir. Kollektiv milli jurnalistikamızın ötən nəsillərinin qiymətli əmanəti olan bu avanqard nəşrin fəaliyyətinin 105-ci ilini ölkənin ən qocaman gündəlik qəzetinin tarixinin işıqlı məqamlarından doğan öyünc hissi, azad sözə sədaqət amalı, ölkəmizin sabahına, xalqımızın firavanlığına inam duyğuları ilə qarşılayır.
Böyük Həsən bəy Zərdabi demokratik düşüncə tariximizin ən öyünclü səhifələrindən birini təşkil edən milli-məfkurəvi fəaliyyətinə “məktəb – mətbuat – teatr” triadasını qurub gerçəkləşdirməklə başlamışdı. Milli mətbuatımızın atası, görkəmli maarifçi-demokrat mübarizə meydanında bu fəaliyyətləri ard-arda deyil, məhz yan-yana qoymuşdu. Məktəb xalqı savadlandırmaqla mətbuat və teatrın inkişafına kömək etməli; mətbuat ictimai maarifləndirmə ilə təhsil və teatrın meydanını genişləndirməli; teatr isə ictimai mövzuları və canlı çıxışları ilə xalqa tərəqqi yolunu göstərməli idi.
Böyük “Əkinçi” “millət zəmisini bu üsulla əkib-becərməyə” başladı və onun səpdiyi toxumlar cücərib milli istiqlal mübarizəsini ərsəyə gətirdi. 1918-ci ilin 28 mayında milli dövlətçiliyimiz dirçəldiləndə Zərdabi yolunun davamı olaraq ilk dövlət qəzetinin yaradılması milli rəsmi atributlar səviyyəsində gündəmə gəldi. Həsən bəyin “Əkinçi”sindən nəşət etmiş milli nəşrlərin təkamülü zəminində Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri olan “Azərbaycan” qəzeti belə ərsəyə gəldi.
AXC hökuməti 1918-ci il iyulun 3-də “Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı” adlı rəsmi nəşrin buraxılması barədə qərar verdi. Qısaca “Azərbaycan” adı ilə tanınan bu qəzet sentyabrda Gəncədə nəşrə başladı. Az sonra Bakının paytaxt elan olunması ilə “Azərbaycan” qəzeti də hökumətlə bərabər fəaliyyətini bu şəhərdə davam etdirdi. Sonrakı 1 il 8 ay müddətində “Azərbaycan” qəzeti istiqlalçı ziyalıları ətrafına cəm etməklə milli dövlət quruculuğunun söz tribunası oldu, hökumətin və onun parlamentinin fəaliyyətinin salnaməsinə çevrildi.
1920-ci ilin 28 aprel bolşevik çevrilişi və Rusiya qoşunlarının ölkəmizi işğal etməsi “Azərbaycan” qəzetinin də bu adla fəaliyyətinə son qoydu. Yeni “qırmızı” ağaların bütün dövlət və hökumət idarəçiliyini ələ keçirdikləri 27 aprel gecəsinin səhərisi müstəqil dövlətin devrilməsində “siyasi vasitəyə” çevrilmiş milli xəyanətkarların ideya rəhbərləri “Azərbaycan” qəzetinin də binasını tutaraq giriş qapısındakı lövhəni və nəşrin adını dəyişərək “Kommunist” qoydular. Bu, Azərbaycanın müstəqilliyinə son qoyulmasının və bu Şərq ölkəsində Rusiyanın kommunist hakimiyyətinin yerli vassallığının yaradılmasının daha bir rəsmi təsdiqi demək idi.
“Azərbaycan” qəzetinin redaktoru bəstəkar-publisist Üzeyir Hacıbəyli bu acı gerçəyə etiraz olaraq vəzifəsini tərk etdi. Əslində, son günlərin parlamet müzakirələri ilə bağlı qəzetdə hakimiyyətin bolşeviklərə təslim edilməsinə kəskin etiraz etmiş Üzeyir bəy getməsəydi də, bu vəzifədə saxlanılmayacaqdı. Az sonra isə onu “güllələnmə siyahısı”ndan yeni oyuncaq hökumətin başçısı Nəriman Nərimanov güc-bəla ilə xilas etdi. “Azərbaycan” qəzetinin yaradıcı-texniki heyəti isə yeni “Kommunist” qəzetinin buraxılışına məcbur edildi. Dəyişən qəzetin adı və ideya istiqaməti oldu. Ümumi tərtibat və texniki elementlər isə əvvəlki nömrələrdəkinin eynisi idi.
Milli kommunist ideoloqların başı hakimiyyət və vəzifə bölgüsünə elə qarışmışdı ki, qəzetə redaktor təyin etməyi də unutmuşdular. Qəzeti alban mənşəli məsul katib Əhməd Triniç buraxır, növbə ilə kommunist publisistlər Əliheydər Qarayev və Ruhulla Axundov imzalayırdılar. Yaradıcı heyəti ilk vaxtlar kommunist təbliğatına səfərbər etmək o qədər də asan keçmirdi. Bolşeviklərin vədləri nə qədər cazibədar olsa da, kommunist quruluşu nə qədər ədalətli cəmiyyət kimi qələmə verilsə də, qəzetin əməkdaşları milli varlığa divan tutulduğunu görüb qəzetdə candərdi çalışır, müstəqillik ideyalarına sədaqətlərini gizlətmidilər. Bu isə onlara baha başa gəlirdi.
Yalançı milli suverenlik şüarları altında dövlət müstəqilliyinə son qoyulması, passiv də olsa, qəzetdə etirazla qarşılanır, kommunist rəhbərlik isə belə müəllifləri sərt cəzalandırıdı. İlk illərdə “qəzetdə millətçilik yuvası”nın mövcudluğu ilə bağlı bir neçə dəfə partiya qərarı da qəbul edilmişdi. Redaktorlar tez-tez dəyişdirilsə də, redaksiyada milli təmayülü yox etmək mümkün olmurdu. Ədliyyə naziri Həmid Sultanovun isə 1922-ci ildə qəzetdə ehtiyatsız bir yazısı – “qatarların əvvəlki kimi Rusiyaya dolu gedib boş qayıtması” məsələsi onun karyerasına son qoydu.
Bu yerdə xatırladaq ki, “Azərbaycan” qəzetini “Kommunist”ləşdirməkdə müstəsna rol oynamış “Əliheydər – Ruhulla” tandemi sonrakı illərdə qəzetin ilk dövlət qəzetimizə bağlılığını unutdurmaq üçün onun tarixini Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı demokratik şəraitdə və mətbuat azadlığına verdiyi təminat zəminində 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə dərc olunmuş 1 nömrəlik bülletenlə bağladılar. Onlar 1929-cu ildə həmin tarixi rəsmiləşdirərək “Kommunist” qəzetinin 10 illik yubileyini təntənə ilə qeyd etməklə öz “xidmətlərini” tarixə yazmaq istədilər. Həqiqətdə isə dövlət qəzeti kimi “Kommunist”in ilk nömrəsi 1920-ci il aprelin 30-da çıxmışdı.
Bu qəzetin ilk və sonrakı kollektivləri Azərbaycanda rəsmi mətbuat ənənəsini davam etdirdi və zənginləşdirdi. “Azərbaycan” qəzetinin milli dövlətçiliyə və xalqa xidmət məramı sonrakı 71 ildə redaksiya divarları arasında açıq və gizli şəkildə yaşadıldı, yazarların milli varlığımıza bağlılığı heç bir zaman qırılmadı. Təsadüfi deyil ki, “Kommunist”ə 1937-ci ilədək rəhbərlik etmiş redaktorların hamısı “milli təmayülə sədaqətə” görə millətçilik damğası ilə repressiya olundu, redaksiya həmişə ciddi ideoloji nəzarət altında saxlandı.
Belə bir şəraitdə “Kommunist” qəzetinin milli-demokratik mətbuatımızın ənənələrinə daxilən sadiq qalan yaradıcı qüvvələri mübarizəni alt qata keçirərək xalq işinə sədaqətlərini iqtisadi quruculuğa, mədəni inqilaba, elmin və milli ədəbi-bədii yaradıcılığın inkişafına yönəltdilər. Redaksiyanın ideoloji istiqaməti ilə yanaşı davam edən milli təmayülə bağlılıq xətti sonrakı nəsillərə ötürüldü. Artıq əsrin 50–60-cı illərində “Kommunist” qəzeti respublikanın yerli maraqlarını ön plana çəkmişdi, mili inkişafa daha böyük maraq və həvəslə xidmət göstərirdi.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi isə qəzetin tarixində milliləşmənin yeni mərhələsini açdı. Ötən əsrin 70–80-ci illərində respublikada gedən geniş quruculuq və milli-mədəni yüksəliş dövründə qəzetin kollektivi Heydər Əliyevin liderlik nümunəsindən güc aldı, həmin proseslərin əhatəli xronikasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin indiki intibah və tərəqqiyə özül olmuş tarixi fəaliyyəti də “Xalq qəzeti”nin tarixində parlaq səhifələr yaratdı.
Bütün bunların canlı şahidi və ideya rəhbəri olmuş Ulu öndər müstəqil Azərbaycanın Prezidenti kimi, 1994-cü ildə qəzetin 75 illik yubileyində kollektivə ünvanladığı təbrikində bildirirdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikanın qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır”.
1988-ci ildə erməni millətçi-separatçılarının Azərbaycana ərazi iddiası ilə siyasi-hərbi təcavüzə başlaması, keçmiş SSRİ-nin kommunist rəhbərliyinin ermənipərəst Mixail Qorbaçovun himayəsi ilə bu ədalətsizliyin qarşısını almaması bütün xalqımız kimi, “Kommunist” qəzetinin redaksiyasının da sovet sisteminə bağlılığını heçə endirdi. 20 Yanvar qırğınından sonra kommunist ideologiyasına xidmətdən rəsmi surətdə imtina edən yaradıcı heyət qəzetin adını dəyişməyə cəhd etdi. Lakin Moskvaya bağlı siyasi rəhbərlik və hərbi vəziyyət bu addımı ilyarım ləngitdi.
1991-ci ilin yayında Sovet imperiyasının və onun kommunist rejiminin süqutunu həlledici mərhələyə yaxınlaşdırmış “QKÇP” olayları zamanı qəzet redaksiyasının kollektivi avqustun 23-də respublikada bundan sonra da 24 gün mövcud olmuş Azərbaycan Kommunist Partiyasının orqanı olmaqdan imtina etdi. Yaradıcı kollektiv nəşrin təsisçiliyini öz üzərinə götürdü. O vaxtkı baş redaktor Tofiq Rüstəmovun təklifi ilə xalqa və azad sözə xidmət məramı ilə 71 il Azərbaycan mətbuatının avanqardı olmuş “Kommunist” fəaliyyətini “Xalq qəzeti” adı ilə, müstəqil ictimai-siyasi nəşr kimi davam etdirməyi qərara aldı. 1920-ci ilin 28 aprelində xalqdan ayrı salınmış ilk dövlət qəzetimizin fəaliyyətini davam etdirən bir nəşr, nəhayət, “Xalq qəzeti” adı ilə xalqa xidmət amalına qovuşdu – xalqın qəzeti oldu.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi günlərdə xalqla respublika rəhbərliyi arasında rəsmi informasiya körpüsü olmuş “Xalq qəzeti” sonrakı 2 il yarımda baş verən siyasi təbəddülatlar, uğursuzluqlar dövründə dövlət suverenliyinə və mətbuat azadlığı prinsiplərinə sadiq qaldı. 1993-cü ilin böhranlı yayında kollektiv öz mövqeyi və qələmi ilə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışını təkidlə tələb edən xalqımızla bir yerdə oldu. Ümummilli lider o zaman kollektivi təbrikində qəzetin bu dövr fəaliyyətini belə dəyərləndirdi: “Müstəqilliyimizin qazanılmasından sonra “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır”.
Qəzetin tarixində yeni məsul mərhələ, bax, belə başladı. Müstəqil Azərbaycanda 1993 – 1995-ci illərdə həyata keçirilmiş tarixi tədbirlərə, ölkənin xaos və böhrandan çıxarılması prosesinə fəal informasiya dəstəyi vermiş “Xalq qəzeti” Ulu öndərin etimad və himayəsi ilə 1995-ci ilin noyabrından Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin və redaksiya kollektivinin həmtəsisçiliyi ilə nəşr olunur. Bu statusla qəzet yeni fəaliyyətinə ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını çap etməklə başladı.
Ümummilli lider o günləri belə səciyyələndirirdi: “Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”. Qəzetin son 20 ildəki 6 mindən yuxarı sayı Ulu öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə işıq üzü görüb. Bu mərhələ ölkəmizdəki hərtərəfli tərəqqinin geniş əks etdirilməsi ilə yanaşı, həm də qəzetin özünün inkişafında irəliyə doğru yeni addımlarla əlamətdardır. Maddi-texniki bazanın, buraxılış texnologiyasının daim yeniləşməsi, söz azadlığı prinsipinin ardıcıl bərqərar olması qəzetin öz populyarlığını, mötəbər media qurumu kimi cəmiyyətdə öncüllüyünü qoruyub-saxlamasına təminat yaradıb.
Ötən 104 ildə Azərbaycanda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsi kimi “Xalq qəzeti” nadir mətbu tarixi mənbədir. Bu gündəlik milli qəzet həmişə xalqla bir yerdə olub, bundan sonra da belə olacaq.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”