Bu qəzeti oxumağa başlayanda mənim cəmi 15 yaşım vardı, “Kommunist”in isə 50. İndi – bu kollektiv haqqında qısa xatirələrimi qələmə alanda mənim 71 yaşım var, ən qocaman anadilli qəzetimizin isə 104. Yəni, saçımız, saqqalımız ağarıb, ana qəzetimiz. Amma son iki il yarımda ağaran təkcə saçımız deyil, həm də üzümüz ağarıb. Ordumuzun və dövlətimizin Şanlı Qələbəsini birlikdə görməyin, birlikdə təbliğ etməyin məmnunluğunu yaşayırıq. Elə sən də son bir ilə yaxın müddətdə xeyli “cavanlaşmısan”, ay dünyalar görmüş ağsaqqalımız.
Vaxtilə yarım milyon, bəzən altı yüz min tirajla çıxan qəzetin on milyonlarla oxucusunun ürəyində geridə qalan 104 ilin hansı tarixləri, faktları, hadisələri baş verib və indi nə kimi hisslər yaşanılır? Təbii ki, bu suallara cavab tapmaq o qədər də asan deyil. Amma birmənalı şəkildə deyə bilərəm ki, bu qəzet şəxsən mənim müəllimim olub. Həmin arqumentimi dəfələrlə danışmışam, indi isə yazıram.
***
“Dalğa” qəzetinin baş redaktoru, mərhum yazıçımız Nahid Hacızadə bir dəfə kollektivin iclasında mənim müxbir kimi fəaliyyətimdən razılıq edəndə onun müavini Ələkbər Abbasovdan heç kəsin gözləmədiyi sual eşitdim:
– İttifaq, sən ixtisasca nəinki jurnalist, heç filoloq da deyilsən. Üstəlik, İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini də qiyabi oxumusan. Maraqlıdır, bəs səndə belə səlis yazmaq qabiliyyəti haradandır?
Dedim:
– Mən 1969-cu ildən bəri “Kommunist” qəzetini, demək olar ki, hər gün oxuyuram. İnana bilərsiniz ki, müəllimim o qəzet olub.
Bu əhvalat SSRİ-nin dağılmasından il yarım sonra baş vermişdi. Yəni kommunist sözünü heç kəs işlətmək istəmirdi. Ona görə də Ələkbər müəllim məni alqışladı və uğurlar arzuladı.
***
Azərbaycan Jurnalistlər Birliyi doxsanıncı illərdə “Xalq qəzeti” redaksiyasında Milli Mətbuat Günü münasibətilə tədbir keçirirdi. Dövlət radiosundan mən gəlmişdim. Tədbir başa çatandan sonra qəzetin baş redaktoru Tofiq Rüstəmov jurnalistlərə xitabən dedi:
– Uşaqlar, (oradakı jurnalistlərin əksəriyyəti onun tələbəsi olmuşdu) mən Teleradio Verilişləri Şirkətinə gedirəm. Ora gedən varsa, əyləşsin mənim maşınıma.
Hamı bir-birinə baxanda televiziya işçiləri də mənə baxdılar. Çünki onlar idarə maşınıyla gəlmişdilər, mən isə avtobusla. Ürəyimdə “Xalq qəzeti” baş redaktorunun bu sadəliyini alqışlayaraq onun maşını ilə tədbirdən iş yerimə qayıtdım və onun həmin günlərdə dünyasını dəyişmiş atası Hacı Tağıya Allahdan rəhmət dilədim.
***
Bir dəfə Şövkət Məmmədova haqqında məqalə hazırlayırdım. Bəzi faktları dəqiq bilmədiyimə görə axtarış aparmalı idim. Şöbə müdirimiz Telman Heydərov dedi ki, tələsmə, sabah Alp ( qəzetin keçmiş məsul katibi Alp Ağamirovu nəzərdə tuturdu) bura gələcək, mədəniyyət aləmində onun bilmədiyi şey yoxdur.
Ertəsi gün Alp müəllim gəldi və mən... onun danışdıqlarına qulaq asanda ilk dəfə idi ki, canlı ensiklopediya görürdüm.
***
Qəzetin tanınmış qələm sahiblərindən olmuş Əşrəf Hacıyevin yazılarını məhz məsələyə yanaşma tərzini öyrənmək üçün oxuyurdum. Həm də söhbətlərinə maraqla qulaq asırdım. Bir dəfə ona dedim ki, Əşrəf müəllim, Füzuli bir beytdə “Vətənimdir” ifadəsini dörd dəfə işlədib. Siz isə üç dəfə işlədə bilərsiniz. Çünki Ucarda doğulmusunuz, Qəbələdə böyümüsünüz, Bakıda isə yaşayırsınız.
– Mənim də dörd Vətənim var – dedi və əlavə etdi ki, “Xalq qəzeti”ni unutma.
O, doğrudan da, redaksiyaya gələndə öz doğma evinə gələn kimi xoşbəxt görünürdü.
***
Bir neçə il qabaq redaksiyamızda mərhum əməkdaşımız Əli İldırımoğlu ilə görüş keçirilirdi. Mən də çıxış etdim və dedim ki, Skandinaviya ölkələrində “ilin ən yaxşı” yazıçısı, rəssamı, bəstəkarı və ya jurnalisti nominasiyaları ilə yanaşı, “ən yaxşı oxucu” müsabiqəsi də keçirilir. Sovet dönəmində “Kommunist”in ən yaxşı oxucusu müsabiqəsi keçirilsəydi, bəlkə də hər il mən qalib olardım.
Qocaman həmkarımız soruşdu ki, həmin illərdə bu qəzetdə məsələn, nələri oxumuşdun?
Mən dörd-beş məqalənin adını çəkdim. Əli müəllim qayıtdı ki, hər ili deyə bilmərəm, amma bir il qalib ola bilərdin.
***
Çox sonralar tanıdığım qocaman həmkarımız Bariz Əsədovun bölgə müxbiri kimi hazırladığı məqalələrə verdiyi “Kürün sağ sahilində” və “Bir qovaq, on bir qonaq” (maşının xarab olduğuna görə yol kənarıdakı bir qovağın kölgəsinə sığınmış qonaqların bəziləri bu ağacı əkmiş adamı tanıyırlarmış) sərlövhələrini dəfələrlə onun yadına salmışdım.
Bariz müəllim bir dəfə dedi ki, yorulmuşam. Altmış yaşım tamam olan kimi işdən çıxacam. Doğrudan da, altmış yaşı tamam olan kimi işdən çıxdı. Amma işə öyrənmiş adan işsizliyə tab gətirə bilmədi. Bir müddətdən sonra “Azərbaycan” qəzetində işləməyə başladı.
***
“Xalq qəzeti” redaksiyasında ən çox çörək kəsdiyim adamlardan biri də Qarabağ üzrə bölgə müxbirimiz olmuş Firudin Rəsulov idi. Bir dəfə eşitdim ki, Firudin müəllim araq içməyi tərgidib və ancaq siqaret çəkir. Dedim: “Ay Firudin müəllim, gərək siqareti tərgidəydin”.
Dedi: “İttifaq, siqaret adamın canını alır, araq isə abırını. Mən 60 yaşdan sonra abırımı qorumalıyam”.
***
Rəsmi tədbirlərdən birinin başlanması gecikirdi. Foto-müxbirimiz Cahangir İbadov narahatlıq keçirir, tez-tez “redaksiyada məni gözləyirlər” ifadəsini təkrar edirdi. Ona ərki olan foto-müxbirlərdən biri dedi ki, Cahangir, o qədər həyəcanlısan ki, elə bil səni “Pravda”da gözləyirlər. Uzun illər “Kommunist” adıyla çıxmış “Xalq qəzeti”dir də, qoy gözləsinlər.
Cahangir müəllimin cavabı ətrafdakıların hamısının susmasına səbəb oldu: – “Kommunist” – “Xalq qəzeti”nin nə demək olduğunu anlamaq üçün savad və bilik tələb olunmur. Bunun üçün, sadəcə, gerizəkalı olmamaq kifayətdir.
***
Mən bu redaksiyaya təzə gələndə köhnə iş yoldaşım Arif Quliyev dedi ki, gedək səni həmyerlinlə tanış edim. Getdik və siyasət şöbəsinin müdiri Telman Heydərovla tanış olduq. Bu məqamda Telman müəllimin otağına bəstəboy, üzündə körpə uşaq təbəssümü olan bir kişi gəldi. Telman müəllim məni o adama təqdim edərək dedi:
– Feyzi Fərəcullayev, tanış ol, İttifaq mənim yerlimdir. Radioda çalışırdı. İndi bizimlə işləyəcək.
Yeni tanışım mətbuatımızın mərkəzinə xoş gəlmisən! – deyə əlimi sıxdı.
Nə dediyini başa düşmədim və cavab verə bilmədim. Əlavə etdi:
– Azərbaycan mətbuatının hansı sahəsində, qolunda çalışsan da, milli mətbuatımızın mərkəzi bura – “Xalq qəzeti”dir.
Gədəbəydən – əsgərlərlə görüşdən qayıdandan sonra hazırladığım yazını baş redaktorun birinci müavini Məmməd Nazimoğluya təqdim etdim. Oxuyub qol çəkəndən sonra dedi: – Biz hamımız bu dünyada müvəqqətiyik. Mən də öləcəm, sən də, Mahir də, o birilər də. Mən, bəlkə, bir az tez öldüm. Amma yazdıqlarımız qalacaq. Onlar övladlarımız kimi bizə rəhmət də oxuda bilərlər, lənət də. Ona görə də elə yazmalıyıq ki, rəhmət oxuyanlar daha çox olsun.
Allah sənə rəhmət eləsin, Məmməd Nazimoğlu, sən o sarıdan bəxtəvərsən.
***
104 yaşın mübarək, “Xalq qəzeti”! Mən təkcə sənin çörəyini yemədim, sənin nüfuzundan da, qazandığın xalq inamından da, etimaddan da mənə pay düşdü. Məmnunam ki, 1996-cı il fevralın 10-dan bəri sənin əliçəkicli fəhlənəm. Yolun açıq olsun. Dövlətimizin qüdrətinə və Böyük Zəfərimizin adına layiq olmaq üçün başladığın müasirləşmə prosesi dönməz olsun, İnşallah!
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Əməkdar jurnalist