(əvvəli “XQ”nin 23 və 25 avqust nömrələrində)
Bu gün “Xalq qəzeti” oxucuları ilə 30300-cü görüşünə gəlib. Bu, milli mətbuatımızın tarixində rekord göstəricidir.
14 iyul 1969-cu il – Azərbaycan Respublikasında yeni dövrün başlandığı gün. Uzun illər respublikanın dövlət təhlükəsizliyi sistemində müxtəlif vəzifələrdə işləmiş, son iki ildə isə DTK-nın sədri olmuş general-mayor Heydər Əlirza oğlu Əliyev Azəbaycanın rəhbəri seçildi. Aydın səmada şimşək effektini verən bu seçim sanki Azərbaycanın mürgüləyən, ədalətli həyatını möhkəm silkələdi, respublika ictimaiyyətini yüksəlişə, tərəqqiyə və rəşadətli quruculuğa səfərbər elədi. Gənc, enerjili, təşəbbüskar Azərbaycan rəhbərinin apardığı islahatlar, reallaşdırırdığı tədbirlər, həyatımızın bütün sahələrinin inkişafına təkan verdi və dönüş yaratdı.
Bir vaxtlar Sovet İttifaqının geridə qalmış müttəfiq respublikalarından olan Azərbaycan sürətlə öz simasını dəyişdi, iqtisadiyyatını, elmini, mədəniyyətini, incəsənətini və ədəbiyyatını inkişaf etdirib, öncüllər sırasına çıxdı.
Ümummilli lider bu işlərin görülməsində mətbuatın gücündən səmərəli istifadə edirdi. Respublikanın bir nömrəli mətbu orqanı olan “Kommunist” Ulu öndərin ideyalarının həyata keçirilməsində mübariz tribunaya çevrilmişdi. Respublikanın həyatında baş verən müsbət dəyişikliklər qəzetdə geniş təbliğ olunur, neqativ hallara, nöqsan və çatışmazlıqlara qarşı ciddi mübarizə aparılırdı.
Təsadüfi deyil ki, Ulu öndər siyasi hakimiyyətə gəlişinin ilk günlərindən qəzet və jurnallar qarşısında ciddi vəzifələr qoymuş və mətbu sözün gücünə arxalandığını bəyan etmişdi. Bu məsələdə “Kommunist” qəzeti xüsusilə fəal rol oynayırdı. Heydər Əliyevin qəzetin tənqidi məqalələrinin diqqət mərkəzində saxlaması, ciddi yazıların Azərbaycan KP MK-nın bürosunda müzakirə olunması kollektivi daha böyük yaradıcılıq əzmi ilə işləməyə ruhlandırırdı. Respublika rəhbərinin daimi qayğısı sayəsində qəzetin gündəlik tirajı yarım milyon nüsxəni ötürdü.
Sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində irəli sürülən təşəbbüslər, görülən işlər qəzetin aparıcı mövzularına çevrilirdi. Zərbəçi tikintilərdə, ilin mühüm buraxılış obyektlərində müxbir postları fəaliyyət göstərirdi. Metro tikintisindən, kondisioner zavodunun, neft-kimya sənayesi müəssisələrinin inşasından... verilən reportajlar, məqalələr, informasiyalar qəzet səhifələrində tez-tez görünürdü.
Heydər Əliyev o dövrdə tez-tez kənd rayonlarına, şəhərlərə şəfərlərə çıxır, tapşırıqlarının icrası ilə maraqlanır, görülmüş işlərlə tanış olur, fəhlələrlə, kolxozçularla söhbətlər edib onların ürək sözlərini dinləyirdi. Ulu öndər belə səfərlərə çıxarkən əsas qəzetlərin rəhbərlərini, həmin bölgə üzrə xüsusi müxbirlərini, habelə ziyalıları – elm, mədəniyyət, ədəbiyyat və incəsənət nümayəndələrini də özü ilə aparırdı. Belə səfərlər yaradıcı insanlar üçün yeni mövzular verir, dövrün tələblərinə uyğun əsərlərin yaranmasına səbəb olurdu.
Həm də belə səfərlər zamanı bəzən çay süfrəsi ətrafında söhbətlər, yaradıcılıq müzakirələri aparılırdı. Yetmişinci – səksəninci illərdə “Kommunist” qəzetinin Muğan bölgəsi üzrə xüsusi müxbiri işləmiş mərhum həmkarımız Telman Əliyev belə müzakirələrdən biri haqqında söhbət açır. Telman müəllim yazır ki, belə söhbətlərin birində Ulu öndər “Kommunist”ə yenicə redaktor təyin olunmuş Rəşid Mahmudovu sorğu-suala tutdu. Qəzetin həmin günkü nömrəsi Heydər Əliyevin kənd rayonlarına səfərinə və pambıqçılıqla bağlı keçirəcəyi müşavirəyə həsr olunmuşdu. Qəzetin manşetində iri hərflərlə verilmiş “Bir milyon ton Azərbaycan pambığı uğrunda!” çağırışı ulu öndərin diqqətindən yayınmamışdı. Redaktordan soruşdu ki, həmin rəqəmi haradan götürüb və hansı rəsmi sənəddə oxuyub?
Rəşid Mahmudov vəziyyətdən çıxmaq üçün respublikada sürətlə gedən quruculuq işlərindən söz açdı, aparılan islahatları, həyata keçirilən mühüm tədbirləri yada saldı. Redaktorun cavabından razı qalmayan Heydər Əliyev ciddi şəkildə bildirdi:
–Bizim rəsmi öhdəliyimiz var. Doğrudur, pambıqçılarımız bir milyon ton məhsul uğrunda mübarizə aparırlar. Yaxşı bilirsiniz ki, kənd təsərrüfatında qarşıya qoyulan məqsədlərə çatmaq üçün hava şəraiti həlledici rol oynayır. Olmadı elə, oldu belə. Yadda saxlayın, sizin taleyiniz həmin rəqəmin reallaşmasından asılı olacaqdır...
Xoşbəxtlikdən həmin il qəzetimizin yazdığı kimi, Azərbaycan bir milyon tondan çox pambıq istehsal etdi. Buna hamıdan çox sevinən, bəlkə də, Rəşid müəllim oldu.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra respublika həyatının bütün sahələrində islahatlar, tikinti-quruculuq işləri görünməmiş surətdə aparıldı. Sənayedə, əsaslı tikintidə, kənd təsərrüfatında, nəqliyyat sektorunda, ticarət, xidmət, təhsil, elm, mədəniyyət, səhiyyə... sahələrində güclü inkişaf meyilləri özünü göstərdi. Bütün bu inkişaf və tərəqqi dinamikası “Kommunist”in səhifələrində öz əksini taparaq salnamələşirdi.
Qəzetin səhifələrini vərəqlədikcə məlum olur ki, 1969–1982-ci illərdə Azərbaycan iqtisadiyyatının mühüm aparıcı və böyük potensiala malik sənaye sahəsində, digər sferalarda olduğu kimi, yüksək nailiyyətlər qazanılmışdır. Bu dövrdə sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə artmışdır. Respublika sənayesi keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında ən yüksık sürətlə (orta illik artım 7,9 faiz) inkişaf etmişdir. Sənaye istehsalının 13 il ərzində ümumi həcmi müharibədən sonrakı bütün dövrün (1970-ci ilə qədər) istehsalını 2 dəfə üstələmişdir.
Həmin dövrdə ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 170-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud zavod və fabriklər yenidən qurulmuş, genişləndirilmiş, əlavə istehsal sahələri istismara buraxılmışdır. Belə müəssisələr arasında Bakı məişət kondisionerləri, “Azon”, Bakı dərin özüllər, Elektron hesablama maşınları, Bakı radioquraşdırma, Sumqayıt kompressorlar zavodları, Bakıda və Mingəçevirdə iri panelli evtikmə kombinatları və onlarca digər müəssisələr vardır.
1969 – 1982-ci illərdə respublikada iqtisadiyyatıın inkişafına 7,2 milyard manatlıq, başqa sözlə, 1920 – 1968-ci illər ərzində istifadə edilmiş vəsaitdən 4,5 dəfə çox kapital qoyuluşu yönəldilmişdi.
“Kommunist”in o dövrki qəzetlərini nəzərdən keçirərkən, görürük ki, respublikanın kənd təsərrüfatı digər sahələrə nisbətən daha sürətlə inkişaf etmişdir. Ulu öndər hakimiyyətinin ilk dövrlərindən bu sahənin intensiv inkişafı üçün SSRİ hakimiyyətinin beş mühüm qərar çıxarmasına nail olmuşdu. Həmin qərarların icrası nəticəsində Azərbaycanda 1982-ci ildə 1969-cu ildəki 573,9 min ton əvəzinə, 1 milyon 211,3 min ton taxıl, 299,4 min ton əvəzinə 1 milyon 15 min ton pambıq, 272 min ton əvəzinə 1 milyon 865,7 min ton üzüm, 372 min ton əvəzinə 916,7 min ton tütün, 52,2 min ton əvəzinə 345 min ton meyvə və giləmeyvə istehsal olunmuşdu...
Ulu öndərin respublikaya rəhbərlik etdiyi birinci dövrdə milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi. Hakimiyyətinin ilk ilindən başlayaraq ümummilli liderliyin əlamətləri Heydər Əliyevin çoxşaxəli və gərgin fəaliyyətində özünü büruzə vermişdi. Sosial-iqtisadi və mənəvi yüksəlişin başlıca məğzi də məhz Azərbaycanın əsrlər boyu arzusunda olduğu müstəqilliyə doğru addım-addım irəliləməsi idi.
(ardı var)
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”