Ənənəni yaşadan kollektiv

post-img

Mən jurnalistikaya qəlbimin diktəsi ilə gəlmişəm. Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin İkinci Dünya müharibəsindən sonra açılmış jur­nalistika şöbəsinin ücüncü buraxılışının məzunu olmuşam. Bu peşənin adını, şərəfini hər zaman, hər yerdə uca tutmağa çalışmışam. 

1953-cü ildə ölkənin avanqard dövri nəşri sayılan “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ilk ali təhsilli jurna­list qadın kimi fəaliyyətə başlamışam. Düz 35 il fasiləsiz olaraq burada çalış­mış, müxtəlif şöbələrdə müxbir, müdir vəzifələrini tutmuşam, ayrı-ayrı illərdə redaksiyanın partiya və həmkarlar təş­kilatlarına rəhbərlik etmişəm. 

Mən “Xalq qəzeti”nə həyatımın ən əziz və gözəl günlərini həsr etmişəm və bundan zərrə qədər peşman deyiləm. Bu qəzetdə mənimlə bərabər, məndən əvvəl və sonra çalışan hər kəs mənə son dərəcə doğma və əzizdir. Kollektivin hər bir üzvünü özümə doğma qardaş və bacı bilmişəm. Hətta nəvəm Gülər deyir ki, “Xalq qəzeti” sənin özündən 10 yaş böyük qardaşındır”. Hər dəfə bu sözləri eşidəndə çox təsirlənir və qürurlanıram. 

Mən xeyli vaxtdır ki, təqaüddəyəm. Amma doğma kollevtivim, həmkar dostlarım bir an məni unutmur. Bir faktı burada xüsusi qeyd etmək istə­yirəm. Doqquz il əvvəl 85 yaşım ilə bağlı Mətbuat Şurasının Ahıl Jurna­listlər Məclisinin təşəbbüsü ilə bir qrup tanınmış jurnalist məni evimdə ziyarət etdilər. Mətbuat Şurasının sədri Əfla­tun Amaşov (hazırda “Xalq qəzeti”nin baş redaktorudur) söhbət zamanı məni Azərbaycanda qadınları jurnalist peşə­sinə bağlayan canlı örnəklərdən biri kimi dəyərləndirdi. Mənə rəhbərlik etdiyi qurumun yubiley plaketini təqdim etdi. Eyni zamanda, Ahıl Jurnalistlər Məclisi­nin xatirə hədiyyəsi ilə də mükafatlan­dırıldım. 

Yaxşı xatırlayıram ki, mənimlə gö­rüşə vaxtilə birlikdə işləmiş jurnalistlər­dən Rafiq Həsənov, Flora Sadıqova və Məzahir Süleymanzadə də təşrif buyur­muşdular. Onlar məni məsuliyyətli işçi və bacarıqlı jurnalist, yaxşı təşkilatçı və qayğıkeş yoldaş kimi kollektivdə bö­yük nüfuz qazandığımı söylədilər. “Xalq qəzeti”nin təmsilçiləri Tahir Aydınoğlu, İlqar Musaoğlu, Rafiq Salmanov qəze­tin keçmiş işçilərinin xidmətlərini qeyd etdilər, onlara ehtiramlarını bildirdilər.

Jurnalist həmkarlarımı dəmlədiyim plova qonaq etdim. Süfrə arxasında davam edən söhbətdə jurnalistikada keçən günlərdən xoş duyğularla söhbət açdıq, həmkarlarıma peşəkar mətbu­atımızın sınaqdan çıxmış ənənələrini xatırladıb, yeni nəsil qələm sahiblərinin söz azadlığından bacarıqla yararlan­masının vacibliyini önə çəkdim.

Bu gün çap mətbuatında işləmək asan deyil. İnternet, sosial şəbəkələr, televiziyalar oxucunun diqqətini özünə cəlb etməyə çalışır, bir çox hallarda buna nail olurlar. 

Son aylar qəzetdə aktual, rəngarəng materialların, tənqidi yazıların sayı ar­tıb. Bu, məni çox sevindirir. 

Bu gün “Xalq qəzeti”nin 104 yaşı tamam olur. Mənim isə 94 yaşım var. Deməli, mənim üçün son dərəcə doğma olan qəzetim məndən 10 yaş böyükdür. Arzu edirəm ki, mənə gələn il 95 yaşım­da doğma qəzetimin 105 illik yubileyini görmək və yubiley tədbirlərində iştirak etmək xoşbəxtliyi nəsib olsun. 

Tamara ƏLİYEVA,
“Xalq qəzeti”nin sabiq şöbə müdiri

Sosial həyat