“Xalq qəzeti”nin redaksiyası mənim üçün çox əziz yerdir. Mən burada 1984-cü ildən çalışmağa başladım. Məni qəzetin baş redaktoru Rəşid Mahmudov buraxıcı vəzifəsinə dəvət etmişdi. Ondan əvvəl “Azərbaycan” nəşriyyatında işləyirdim.
Kollektiv indi olduğu kimi o zaman da çox mehriban idi. İnsanlar bir-birinə hörmət və rəğbətlə yanaşırdılar. Burada Əşrəf Hacıyev, Rafael Nağıyev, Telman Heydərov, Məzahir Süleymanzadə, Şakir Yaqubov kimi korifey jurnalistlər çalışırdılar. O illərdə “Xalq qəzeti” çox nüfüzlü idi. Zarafat deyil, qəzet 400-450 min tirajla çıxırdı. Qəzetin nüsxələri dünyanın 80-90 ölkəsinə göndərilirdi.
Mən məktəbin aşağı siniflərində oxuduğum dövrdə “Xalq qəzeti”ni həvəslə mütaliə edirdim. Lənkəran rayonunun Kəlgalan kəndində yaşayırdıq. Yadımdadır, mən qəzeti ucadan oxuyur, babam, atam isə mənə diqqətlə qulaq asırdılar. Oxu tərzim onların xoşuna gəlirdi. Müxtəlif yazıları göstərib deyirdilər ki, bunları da oxu.
Bəzən kənd məktəbində hansı sözün necə yazıldığı barədə mübahisə düşürdü. Belə hallarda mötəbər hakim rolunda “Xalq qəzeti” çıxış edirdi, Belə ki, həmin sözü məhz “Xalq qəzeti”nin yazdığı kimi qəbul edirdilər. Hamı hesab edirdi ki, qəzetdə səhv gedə bilməz.
Sonra tale elə gətirdi ki, bu kollektivdə çalışmaq mənə nəsib oldu. Mən burada qəzetin 4 baş redaktoru – Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov və Tofiq Rüstəmov ilə birlikdə işləmişəm. Onların hər biri ilə dost və yoldaş olmuşam. Ailəvi dostluq etmişik.
Sonrakı dövrlərdə də harada işləməyimdən asılı olmayaraq “Xalq qəzeti” ilə sıx əlaqəm olub. Mən respublikanın bir neçə böyük nəşriyyatına rəhbərlik etmişəm. Bir arada “Xalq qəzeti”nin çap kağızı ilə bağlı çətinlikləri yaranmışdı. Minnət qoymaq kimi səslənməsin, həmin anlarda gücüm çatan qədər kömək etmişəm.
Bu gün, demək olar ki, hər gün kollektivlə maraqlanıram. Yeni baş redaktor Əflatun Amaşov çox istedadlı və təcrübəli jurnalistdir. Qəzetə yeni ab-hava gətirib. Bu, məni çox məmnun edir. “Xalq qəzeti” yaxşılığa doğru çox dəyişib. Qəzetdə hər gün bir-birindən maraqlı yazılar dərc olunur. Ara-sıra tənqidi yazılara yer verilir. Bunlar, əlbəttə, təqdirəlayiq haldır.
Sonda qəzetin kollektivinə yeni yaradıcılıq uğurları arzulayıram. “Xalq qəzeti”nin qəlbimdə xüsusi yeri var. Bura mən öz evimə gələn kimi gəlirəm. Çünki burada mənim ürək dostlarım, yüksək peşəkarlar çalışırlar.
Mehman FƏRZULLAYEV,
“Xalq qəzeti”nin keçmiş əməkdaşı