Mənim 55 illik jurnalistlik fəaliyyətimin ilk 27 ili 1968-ci ildən “İdman” qəzetində keçib, 1995-ci ildən isə 2019-cu ildə təqaüdə çıxanadək “Xalq qəzeti”ndə çalışmışam. Bu qəzet əməkdaşı olduğum 23 il ərzində öz səhifələrində Azərbaycanda bədən tərbiyəsi və idmanın təbliğatına kifayət qədər yer ayırmış, ölkədə və dünyada baş verən idman hadisələrini diqqət mərkəzində saxlamış, ən yaxşı idmançı və mütəxəssislərin uğurlarını geniş işıqlandırmışdır.
“Xalq qəzeti” yaranmış ənənəni bu gün də inamla davam etdirir. Onun, demək olar, bütün nömrələrində Azərbaycan idmançılarının iştirakı ilə keçirilən beynəlxalq yarışlar, təmsilçilərimizin çıxışları haqqında operativ məlumatlar, qalib və mükafatçılar haqqında yazılar dərc edilir. Dünyada çoxdandır idman ölkəsi kimi tanınan dövlətdə başqa cür ola da bilməz . Azərbaycanın idman nailiyyətləri onlara layiqli şəkildə təbliğ olunmalıdır.
Daim respublika mətbuatının lideri olmuş “Kommunist”in davamçısı “Xalq qəzeti”nin fəaliyyətinin növbəti ildönümü münasibətilə qələmə alınan bu qeydlərə onu da əlavə etmək istərdim ki, mənə yaradılmış şərait sayəsində ötən ilin oktyabr ayından bugünə qədər qəzetdə 70-ə qədər yazım dərc olunub. Həmin materiallarda söhbət əsasən Azərbaycan idman mətbuatının unudulmaz nümayəndələri, məşhur idmançılarımız, çempionlar haqqında getmiş, onların idmanımız qarşısında böyük xidmətləri xatırlanmışdır.
Əlbəttə ki, belə bir imkan qazandığıma görə qəzetin rəhbərliyinə və kollektivinə təşəkkür etməyi özümə borc sanıram. Bayramınız mübarək, əziz həmkarlar!
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”nin idman şöbəsinin sabiq müdiri,
Əməkdar jurnalist