İzvestiya: "Mercedes-Benz" Rusiyadakı dilerləri proqram təminatından ayırdı

post-img

MB RUS-un (Rusiya Federasiyasındakı "Mercedes-Benz" distribyutoru) mətbuat xidmətindən "İzvestiya"ya bildirilib ki, "Mercedes-Benz" konserni rus dilerlərini proqram təminatından ayırıb. Şirkətin məlumatına görə, texniki xidmətin həyata keçirildiyi onlayn sistemlərə giriş dayandırılıb.

MB RUS-dan bildiriblər ki, maşınların təmiri və texniki xidməti “toplanmış təcrübə və biliklər” əsasında həyata keçiriləcək. “Dilerlər istehsalçının onlayn proqram sistemləri ilə əlaqəsi kəsilib. Bəzi hallarda onlayn sistemlərə çıxışın olmaması təmir müddətinin artmasına səbəb olacaq”, - deyə şirkətdən bildirilib.

“Rusiya Avtomobil Dilerləri” Assosiasiyası bəyan edib ki, rəsmi dilerlər əksər xarici brendlərin proqram təminatı ilə bağlı problemlər yaşayır, lakin onların adları açıqlanmayıb. “İzvestiya”nın mənbəsi əsas problemi təmir müddətinin artması adlandırıb.

“Bu, təkcə "Mercedes"-ə deyil, BMW-yə də aiddir. Aydındır ki, indi dilerlər var gücü ilə avtomobil sahibləri qarşısında zəmanət öhdəliklərinə əməl etməyə çalışırlar. Bazarlarda satılan üçüncü tərəf proqram təminatı və avadanlıqlar məhdudiyyətləri keçməyə kömək edir. Amma əslində “rəsmi diler” termini öz mənasını itirir”, – nəşrin həmsöhbəti deyir.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayının sonunda "Mercedes-Benz" Rusiya bazarından çıxdığını elan edib və ölkədəki aktivlərini Avtodom-a satmağı planlaşdırdığını açıqlayıb. Sövdələşmənin məbləği açıqlanmayıb. 

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat