Niger üsyançıları ECOWAS ilə danışıqlara razıdırlar

post-img

"Əl-Cəzirə" telekanalı xəbər verir ki, Nigerin üsyançı hökuməti Qərbi Afrika İqtisadi Birliyinin (EKOVAS) liderləri ilə danışıqlara başlamağa razılaşıb. Təşkilat daha əvvəl demokratik yolla seçilmiş prezidentin devrilməsi səbəbindən Nigeri hərbi müdaxilə ilə hədələmişdi.

“Biz yaxın günlərdə EKOVAS qrupu ilə danışıqların başlanmasını nikbinliklə gözləyirik” ,- üsyançıların təyin etdiyi baş nazir Əli Mahaman Lamin Zein belə deyib.

Bundan bir qədər əvvəl üsyançılar prezident Mohamed Bazumu vətənə xəyanətdə ittiham etmək niyyətində olduqlarını bəyan etmişdilər. EKOVAS onun azad edilməsini və hakimiyyətə qayıtmasını tələb edir.

Xatırladaq ki, Nigerdə ​​hərbi çevriliş iyulun 27-nə keçən gecə baş verib. Son məlumatalara görə, EKOVAS hərbi müdaxilə hazırlayır. Üsyançılar hərbi müdaxilə olacağı təqdirdə prezident Mohamed Bazumu öldürəcəklərini deyirlər. Ötən illərdə də çevrilişlərin baş verdiyi Mali və Burkina-Faso da Nigerə müdaxiləni müharibə elanı kimi qiymətləndirəcəklərini vurğulayırlar.

S.ELAY,

"Xalq qəzeti"

Dünya