6 ayda qeyri-neft sektorundan büdcə daxilolmaları 8,8 milyard manata çatıb
Bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı ölkənin sosial-iqtisadi sahələrində diqqətçəkən müsbət göstəricilərə nəzər salaraq ilin sonuna qədər respublikamızda daha yüksək göstəricilərin əldə ediləcəyinə əminliyini vurğulayıb. Azərbaycan rəhbəri çıxışında diqqəti inflyasiyanın ikirəqəmli olmasına da yönəldib və hesabat dövrünün sonuna qədər onun birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid etdiyini xatırladıb. Prezident İlham Əliyev daha sonra bu narahatlıq doğuran məsələni təbii amillərlə yanaşı, subyektiv səbəblərlə də əlaqələndirib və hökumətin bu şəraiti ciddi araşdıraraq atılacaq addımlarla bağlı təkliflər verməsinin zəruriliyini diqqətə çatdırıb.
Yeri gəlmişkən, Azərbaycan rəhbəri çıxışında ölkənin iqtisadi inkişafı ilə davamlı olaraq güclənən büdcənin maaşları, pensiyaları artırmağa imkan verdiyini də xatırladıb. “Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir… Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.
Qeyd edək ki, hazırda respublikamızda illik inflyasiyasının 12 faizə enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyədə qeydə alınması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması diqqət çəkir. Eyni zamanda, qlobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu da dəyişməz qalır.
Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Belə ki, inflyasiyanın tədricən səngiyəcəyi və aşağı düşəcəyini söyləyən bir sıra ekspertlərin sözlərinə görə, Azərbaycanda bu şərait qlobal bazarlarda enerjidaşıyıcılarının qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Bəzi mütəxəssislər isə bu fikirlə razılaşmırlar. Onlar dövlət başçımızın sözləri ilə desək, ölkədə makroiqtisadi sabitliyin təmin edildiyini, manatın məzənnəsinin sabitliyinin qorunduğunu dünya praktikasında, xüsusilə, indiki şəraitdə Azərbaycan üçün nadir hadisələrdən biri kimi vurğulayırlar. Bəli, bu, həqiqətdir, ölkə rəhbərinin düşünülmüş iqtisadi strategiyasının məntiqi təzahürüdür.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında qeyd olunub ki, inflyasiyanın davamlılığı əsas aşağı riskdir. Əsas inflyasiya güclü xidmət qiymətləri artımı və bəzi sektorlarda yüksək mənfəət fonunda yapışqanlığını sübut edir. Daha yüksək faiz dərəcələrinin təsiri bütün iqtisadiyyatda getdikcə daha çox hiss olunur və məhdudlaşdırıcı pul siyasəti zəruri olsa da, xüsusilə, yüksək borcu olan ölkələrdə maliyyə zəifliyini daha bariz şəkildə ortaya çıxarır. Bu fonda inflyasiyanın aşağı salınması, fiskal siyasətin tənzimlənməsi və dayanıqlı artımın təşviq edilməsi zərurəti siyasətçilər üçün əhəmiyyətli problemlərdir.
Belə bir şəraitdə deyə bilərik ki, hazırda iqtisadi strategiyanın mərkəzində Azərbaycan vətəndaşı dayanır və makroiqtisadi sabitliyin təmin olunması, sosial şəraitin davamlı şəkildə yaxşılaşdırılması–həm minimum əməkhaqlarının, həm də minimum pensiyaların müntəzəm olaraq artırılması, bununla paralel olaraq manatın sabit saxlanılması məhz bu məqsədə xidmət edir.
Ümumiyyətlə, son illər qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək artım templəri nəzərə çarpıb. Belə ki, altı ayda Azərbaycanın dövlət büdcəsinin qeyri–neft–qaz sektoru üzrə daxilolmaları 8 milyard 831,2 milyon manata çatıb. Başqa sözlə, hesabat dövründə büdcə daxilolmalarında qeyri–neft–qaz sektorunun payı 57 faiz təşkil edib. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, sənaye potensialı maksimum reallaşıb. Yəni, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr tam istehsal gücü ilə işləyib.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Dünya birjasında neftin qiyməti bahalaşmaqda davam edir. Fors major vəziyyət yaranmasa, texniki amillər səbəbilə neftin qiymətinin qarşıdakı aylarda da yüksələcəyi gözlənilir. Buna bir çox fundamental amillər (OPEK+ ölkələrinin neftinin hasilatının məhdudlaşdrılması ilə bağlı qərarı, ABŞ-ın xam neftin ehtiyatının proqnozdan çox azalması ilə bağlı hesabatı) səbəb olsa da, geosiyasi şəraitin də neftin qiymətinə təsiri danılmaz faktdır. Təbii ki burada Rusiya–Ukrayna müharibəsi daha çox nəzərə çarpan geosiyasi amildir. Bununla belə fikrimcə, neftin qiymət artımı Qərb demokratiyasınn ortaya çıxardığı problemdir.
Belə ki,Qərb ölkələrinin bəzi populist liderləri tərəfindən seçki marafonlarında verilən vədləri yerinə yetirmək üçün büdcə xərcləri yeri gəldi-gəlmədi artırılır və beləliklə, nəzərdə tutulduğundan daha çox pul çap etməklə inflyasiyaya yaradılır.
Alternativ enerji mənbələrinin istehsal həcmlərinin və maya dəyərinin rentabelli olmaması şəraitində bu hal ənənəvi enerji mənbələrinin qiymətlərinin artmasına səbəb olan əsas faktordur. Hazırda müşahidə etdiyimiz Qərbin lüks həyat tərzi həmin o populist iqtisadi siyasətlərin nəticəsidir ki, son 40 ildə onların heç bir zaman qarşılaşmadığı inflyasiya ilə müşahidə olunur. Təbii ki, bu amillər neft ixrac edən ölkələrin maraqlarına da uyğundur.
Bu baxımdan belə bir vəziyyət ən çox muharibə aparan ölkə kimi Rusiyanın iqtisadi maraqlarına daha çox cavab verir. Belə ki, Rusiya Federasiyası İqtisadi İnkşaf Nazirliyi 2023-cü il üçün ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım tempinin rəsmi proqnozdan 1,2 faiz arıq olması ilə bağlı keçən ay bəyanat vermişdi.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


