Payızda dənizə göndəriləcək özüldən 300 milyon barel neft hasil ediləcək
“Yeni əsrin müqaviləsi” çərçivəsində inşa olunan “Azəri–Mərkəzi–Şərqi” (ACE) platformasının üst modulu bu ilin üçüncü rübündə dənizə göndəriləcək. Bu barədə məlumat “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkətinin hesabatında əksini tapıb.
Xatırladaq ki, ötən ay “ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş ACE platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənməsi ilə bağlı məlumat verimişdi.
Yeri gəlmişkən, son illər AÇG-də neft hasilatında təbii azalma müşahidə olunur. Yeni platformanın tikintisi də blokda hasilatın sabitləşməsi məqsədi daşıyır. Ümumilikdə, ACE platformasının tikintisi layihəsi çərçivəsində işlər 90 faiz tamamlanıb.
Yeni platformada ilk neftin çıxarılması isə gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
“Xalq qəzeti”

