Azərbaycan Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin önəmli qovşağıdır

post-img

Aİ ilə genişlənən nəqliyyat əlaqələri ölkəmizə milyardlarla dollar vəsait qazandıracaq

Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan son illər ümumi inkişaf və tərəqqiyə xidmət edən beynəlxalq səviyyəli nəqliyyat-logistika layihələrini də dəstəkləyir, onların reallığa çevrilməsində yaxından iştirak edir. Bu baxımdan yeni əsrin əsas nəqliyyat marşrutlarından sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi irimiqyaslı layihə xüsusi qeyd edilməlidir. 

Elə Avropa İttifaqında da Azər­baycanla nəqliyyat əlaqələrinin gücləndirilməsinin xüsusi əhəmiy­yət kəsb etdiyi vurğulanır. Belə ki, Avropa Komissiyasının bugünlərdə yaydığı məlumatda bildirilir ki, Avro­pa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin gücləndirilmə­si Ukraynadakı müharibə şəraitində Rusiyanın cənubunda yerləşən Orta Dəhliz kimi nəqliyyat marşrutlarının əhəmiyyətini artırır. 

Komissiyadan bildiriblər ki, bu dəhlizin bir hissəsi də Trans-Avro­pa Nəqliyyat Şəbəkəsinin genişlən­dirilməsi layihəsinin tərkib hissəsi olaraq Azərbaycandan, xüsusən də Xəzər dənizində yerləşən Bakı limanından keçir. Ona görə də Aİ ilə Azərbaycan arasında nəqliyyat əməkdaşlığının inkişafı Azərbayca­nın Avropa ilə Asiya arasında əlaqə kimi əsas rolunun gücləndirilməsin­də mühüm rol oynayır. 

Bildirilib ki, Mərkəzi Asiya ilə dayanıqlı nəqliyyat əlaqələrinin öyrənilməsinin davamı olaraq Aİ 2024-cü ilin əvvəlində Brüsseldə İnvestor Forumu təşkil etməyi dü­şünür. “Məqsəd iki region arasın­da dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafına töhfə verməkdə maraqlı olan Aİ və Mərkəzi Asiya ölkələrindən dövlət və özəl şirkətləri bir araya gətirməkdir”, – deyə məlu­matda qeyd olunub.

Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə­sində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşdiyini xatırladaraq bildirib ki, vaxtilə nəqliyyat infrast­rukturunun olmaması ucbatından ölkəmiz bu əlverişli coğrafi imkanla­rından istifadə edə bilmirdi. Dövləti­mizin başçısı deyib: “Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastruktu­runa böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün biz bu sahəyə böyük sərmayə ya­tırmağa başladıq. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Biz mühüm tran­zit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əmək­daşlıq olmadan tranzit ölkəyə çev­rilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi”. 

Çinli jurnalistin sualını cavab­landıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ar­tıq hazır infrastrukturu var idi. İndi isə ölkəmizdə infrastrukturla bağlı texniki imkanların artırılması sahə­sində işlərin görüldüyünü diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Şərqdən Qərbə daşınan yüklərin həcminin artması səbəbin­dən yükdaşıma baxımından yarana biləcək problemlərin aradan qaldı­rılması məqsədilə ticarət limanımızı genişləndirir, dəmir yolumuzu müa­sirləşdiririk. Prezident, həmçinin Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol ola­caq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə iş aparıldığını diqqətə çatdıraraq ölkəmizin ərazisində ti­kinti işlərinin, təxminən, 70 faizinin başa çatdırıldığını bildirib. 

Yeri gəlmişkən, Avropa İttifaqı tərəfindən aparılmış araşdırma göstərir ki, 2040-cı ilə qədər Orta Dəhliz boyunca konteyner daşı­maları 270 min TEU-ya çata bilər. Bununla yanaşı, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcminin 650-700 milyard dollara çatacağı proqnoz­laşdırılır. Bunun isə ölkəmiz üçün iqtisadi səmərəsi son dərəcə yük­sək olacaq. Ekspertlər hesab edirlər ki, əgər beynəlxalq yüklərin 10 fai­zi Azərbaycan üzərindən daşınsa, ölkəmizin büdcəsi il ərzində bundan 3-3,5 milyard dollar vəsait qazana­caq. 

Təbriz YADİGAROV, 

ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 

Azərbaycanın coğrafi mövqe­yi və mövcud yol-nəqliyyat infrast­rukturu ölkəmizi Orta Dəhliz üzrə yeni ticarət yolunun inkişafında potensial dayaq nöqtəsinə çevirir. Son illər Azərbaycan bu ticarət dəhlizinin əhəmiyyətinin artma­sını nəzərə alaraq iddialı stra­teji planlaşdırma və artan ticarət həcmini idarə etmək məqsədilə nəqliyyat infrastrukturunun inkişa­fına və təkmilləşdirilməsinə böyük sərmayə qoyub. 

Artıq ölkəmiz daha böyük həcmdə yüklərin qəbulu və malların səmərəli daşınmasını asanlaşdırmaq üçün limanlarını genişləndirməyi üzərinə götür­məklə yanaşı, Xəzərdə ən böyük logistika donanmasının tərkibini yeniləyərək Orta Dəhlizdə yük­sək dəyərli əmtəələri idarə etmək qabiliyyətinə malik olmaqla artan ticarət dövriyyəsini idarə etməyə tam hazırdır. 

Rusiya–Ukrayna müharibəsi Şimal marşrutu ətrafında qey­ri-müəyyənliklərin yaranmasına, bu dəhlizlə bağlı əməliyyat riski­nin və xərclərin xeyli artmasına səbəb olub. Avropa və Çin arasın­da fasiləsiz ticarət əlaqələrini sax­lamaq üçün geosiyasi baxımdan təhlükəsiz və logistik cəhətdən əlverişli olan Orta Dəhliz Rusiya­dan yan keçməklə yüklərin daha sürətli daşınmasını təmin etməyə imkan verir. Bu isə Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliy­yat əlaqələrinin gücləndirilməsini şərtləndirən Orta Dəhlizin əhə­miyyətini daha da artırır. 

Qeyd edək ki, 4250 kilometr dəmir yolu xətlərindən və təx­minən 500 kilometr dəniz yolun­dan ibarət olan Orta dəhliz Çin­dən, Qazaxıstandan, qismən də Özbəkistan və Türkmənistandan keçməklə Xəzər dənizi, Azər­baycan və Gürcüstandan Qara dənizə uzanan multimodal quru və dəniz nəqliyyatı marşrutu kimi ölkəmizlə Aİ dövlətləri arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafında və iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin ilk yarısında Azərbaycanla Aİ ölkələri arasında ümumi ticarət dövriyyəsi 13 milyard 734 milyon 592 min ABŞ dolları təşkil edib ki, bunun da 12 milyard 192 mil­yon 335 min dolları ixrac, 1 mil­yard 542 milyon 256 min dolları isə idxal əməliyyatlarının payına düşüb. Aİ ölkələri ilə ixrac əməliy­yatlarının 64 faizini isə xam neft və xam neft məhsulları təşkil edib. Ümumilikdə, Aİ ilə ticarət dövriy­yəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artıb. 

Araşdırmalar göstərir ki, Ai ilə nəqliyyat əlaqələrinin gücləndiril­məsi iqtisadiyyatın şaxələndiril­məsi və neftdən sonrakı dövrdə “qara qızıl”dan əldə olunan gəlir­lərdən asılılığın azaldılmasında mühüm strateji transformasiya rolunu oynayacaq. Bu amil, həm də ölkəmizi qlobal ticarət yolla­rında həlledici oyunçuya çevir­məklə əhəmiyyətli geosiyasi təsir rıçaqlarının yaranmasına imkan verəcək. Bu isə qlobal səhnədə Azərbaycanın mövqeyini daha da gücləndirərək ölkəmizin təhlükə­sizliyinə böyük töhfə verəcək. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat