Tarixi araşdırmalara görə, qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiyaya uzanan karvan yolu Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib. Bu tarixi ticarət marşrutuna “Böyük İpək Yolu” adını isə ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen verib.
Belə bir adın işlədilməsi isə təsadüfi olmayıb. Çünki marşrutun əsas hissəsi öz başlanğıcını qədim Çinin paytaxtı Çanqandan (Xian) götürüb. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı olub. Eyni zamanda, yolun çoxsaylı şaxələrindən birinin Cənubi Azərbaycandan keçməsi bu ərazi ilə geniş əlaqəsi olan Dərbənd, Şirvan, Şəki, Beyləqan, Gəncə, Qəbələ və Naxçıvanda ipəkçiliyin inkişafına güclü təsir göstərib, həmin yaşayış sahələrinin hər birinin ipəkçilik üzrə ticarət mərkəzinə çevrilməsinə şərait yaradıb.
Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, brilliant, mirvari və s. daşınıb. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparıblar. Bu baxımdan Bakı, Dərbənd, Şamaxı və Şirvan bölgələrində tacirlərin rahatlığının təmin edilməsi məqsədilə karvansaralar salınıb.
Qədim İpək Yolu üzərində yeni marşrut
Azərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlarla müştərək layihələr həyata keçirərək tarixi İpək Yolunun bərpa olunmasında – TRASECA Proqramının hazırlanması və icrasında yaxından iştirak edib. Müasir İpək Yolunun əsası isə Aİ tərəfindən 1991-ci ildə hazırlanan və keçmiş SSRİ-nin dağılmasından sonra yaranan müstəqil dövlətlər üçün nəzərdə tutulan TACIS proqramı çərçivəsində “TRASECA” layihəsi ilə qoyulub. “Yeni İpək Yolu” adı ilə tanınan bu layihə 1993-cü ilin mayında keçirilən Brüssel konfrasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin razılığı ilə qəbul olunub.
Konfransın işində nəqliyyat-ticarət regional sistemlərində mövcud problemlərin müzakirəsi aparılıb. TRASECA regionlararası proqramının icrasını şərtləndirən Brüssel Bəyannaməsi qəbul edilib. Layihənin reallaşdırılmasında ilk addım isə 1996-cı il mayın 13-də İranın Rəzəvi Xorasan ostanının Sərəxs şəhərində İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi olub.
Ümumiyyətlə, “Yeni İpək Yolu” layihəsinin həyata keçirilməsi, əsasən, müstəqil dövlətlərin alternativ nəqliyyat dəhlizləri vasitəsilə Avropa və dünya bazarlarına çıxışını gerçəkləşdirmək, bu dövlətlərin siyasi və iqtisadi cəhətdən ətraf ölkələrdən asılılığını aradan qaldırmaq, regional əməkdaşlığın möhkəmlənməsinə şərait yaratmaq və beynəlxalq maliyyə mərkəzlərinin regiona sərmayə qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyırdı.
Ulu öndərin gerçəkləşən arzusu
TRASECA layihəsi üzrə ən mühüm konfrans Azərbaycan Prezidenti Heydər Əliyevin diplomatik səyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilib. Həmin tədbirdə 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri tərəfindən layihənin reallaşdırılmasının texniki və iqtisadi tərəflərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş” (Əsas Saziş) adlanan mühüm sənəd imzalanıb.
Belə bir sazişin qəbul edilməsində Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dahi şəxsiyyətin nüfuzu sayəsində TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 2001-ci il fevralın 21-dən Bakı şəhərində fəaliyyətə başlayan mənzil-qərargahı da Böyük İpək Yolu boyunca hərəkət edən beynəlxalq yüklərin daşınmasını tənzimləyib. Bundan başqa, daimi katiblik Əsas Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi mühitlə bağlı məsələlərin həllində mühüm rol oynayıb.
Yeri gəlmişkən, bu barədə tanınmış gürcü siyasətçi Zviad Kvaçantiradze o dövrü xatırlayaraq yazıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın yekununda TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşməsi qərara alındı və 2001-ci il fevralın 21-də katibliyin binasının rəsmi açılışı oldu, özü isə hökumətlərarası komissiyanın birinci katibi seçildi: “Məhz həmin katibliyin açılışında mənim ilk dəfə olaraq Heydər Əliyevlə görüşüm gerçəkləşdi. Dahi şəxsiyyət çıxışında Avropa İttifaqı tərəfindən TRASECA proqramının həyata keçirilməsi ilə əlaqədar tədbirləri yüksək qiymətləndirdi. Heydər Əliyev çıxışında dedi: “Bizim qonaqlarımız bu binanın gözəlliyi haqqında və indiki vəziyyəti barədə yüksək fikirlər söylədilər. Bu binanın Avropa İttifaqının TRASECA proqramına və tarixi İpək Yolunun bərpası üçün görülən işlərə görə ayrılması təsadüfi deyildir. Bu bina Azərbaycanın, Bakının memarlıq abidələrindən biridir. Vaxtilə, XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev bu binanı yaradıb və burada da uzun müddət işləyib”.
Respublikamızın əlverişli coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin əsas ölkələrindən biri kimi çıxış etməsi və ulu öndər Heydər Əliyevin Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsində tutduğu prinsipial mövqe, yürütdüyü uzaqgörən xarici iqtisadi siyasət, TRASECA layihəsinin reallaşmasına mühüm töhfə verib. Beləliklə, ötən illər ərzində Avropa-Qafqaz-Asiya ölkələri arasında yüklərin daşınmasını reallaşdıran bu layihə Azərbaycan iqtisadiyyatının inkişafında, nəqliyyat infrastrukturunun formalaşmasında ciddi rol oynayıb.
BTQ dəmir yolu TRASECA-nın beynəlxalq
yük daşımalarının səmərəliliyin təmin edir
TRASECA-nın inkişafında respublikamızın çoxşaxəli fəaliyyətinə toxunarkən bir məqamı xüsusilə xatırlatmaq istərdik. Belə ki, TRASECA-nın beynəlxalq yük daşımalarının səmərəliliyinin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişafında mühüm rol oynayır, daşımaların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prioritet istiqamət kimi yanaşır. Bir sözlə, TRASECA boyunca multimodal nəqliyyatın inkişafı, dəhlizin rəqəmsallaşdırılması, sərhəd-keçid prosedurlarının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistemləri, habelə infrastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə böyük önəm verir.
Tarixi İpək Yolunun bərpasında Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən bu dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini reallaşdırmaqla sözügedən yolun polad magistrallar üzərində bərpasıdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi barədə bəhs edərkən, deyə bilərik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il fevralın 7-də Tbilisidə bu dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli, 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi reallaşıb.
Yeri gəlmişkən, ümumi uzunluğu, təxminən, 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Ekspertlərin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən bu dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
BTQ dəmir yolunun tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün layihənin cəlbediciliyini artırmaqla bərabər, Mərkəzi Asiya ölkələrinin–Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropaya, eləcə də dünya bazarlarına çıxışını asanlaşdırır, həmin dövlətlərin iqtisadi-ticari əməkdaşlığının möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
Sözügedən layihənin önəmli cəhətləri sırasında BTQ dəmir yolunun Gürcüstan ərazisindən keçməklə ölkəmizin Türkiyə ilə bu nəqliyyat vasitəsi ilə birbaşa əlaqəsini yaratması xüsusi yer tutur. Digər əhəmiyyətli cəhət dəmir yolunun Naxçıvan Muxtar Respublikasına qədər uzanması, yaxın gələcəkdə isə Qars şəhərindən Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulmasıdır.
TRASECA transregional ticarətdə önəmli dəhlizdir
Ölkəmizdə uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə mühüm layihələr icra edilib, bölgələrdə yeni beynəlxalq aeroportlar, dəmir və magistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Yeni Bakı Dəniz Ticarət Limanının genişləndirilməsini, hava limanları layihələrinin tamamlanmasını gerçəkləşdirib. Bütün bunlar Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafını sürətləndirib, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirib.
Onu da xatırladaq ki, Bakı limanının ərazisi də daxil olmaqla ətraf sahələrdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb. Mütəxəssislərin fikrincə, sözügedən iqtisadi zona regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalarında, yerli istehsalın təşviqində, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, TRASECA beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşımaları 2022-ci ildə 51 milyard 420 milyon tondan artıq olub ki, bu da 2021-ci ildəkindən 29,76 faiz və ya 11 milyard 8 milyon ton çoxdur.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyd olunan dövrdə TRASECA-nın Azərbaycan hissəsi ilə yük dövriyyəsi 12,649 milyard ton-kilometrdən artıq olub ki, bu da 2021-ci ilin göstəricisindən 31,9 faiz yüksəkdir.
Sonda onu da deyək ki, ikinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlərin yaranmasına zəmin yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer alıb. Bu məqsədlə hazırda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində fəal işlər aparılır. Bu dəhlizin işə düşməsi isə Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.