Bakı Enerji Həftəsi – qlobal tərəfdaşlıq platforması

post-img

30-cu Beynəlxalq Xəzər Neft-Qaz və 13-cü Energetika və Yaşıl Enerji sərgiləri

Bugünlərdə dünyanın enerji mərkəzlərinin diqqəti yenidən Azərbaycan paytaxtına yönəlib. Dünən öz işinə başlayan Bakı Enerji Həftəsinin ilk günündə 30-cu Beynəlxalq Xəzər Neft-Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin təntənəli açılış mərasimi keçirilib.

Xatırladaq ki, builki sərgilərdə 39 ölkədən 267 şirkət iştirak edir. Onların 40 faizi ənənəvi neft-qaz sərgisinin daimi iştirakçıları olsalar da, bu mötəbər beynəlxalq tədbirin debütantları da az deyil. Məhz ümumi iştirakçıların 35 faizini təşkil edən yeni şirkətlər hesabına sərgi salonu bir qədər də genişlənib. Yeni iştirakçıların əksəriyyəti isə Azərbaycanın “yaşıl” enerji sahəsinə yüksək maraq göstərən xarici şirkətlərdir. Ümumilkdə, sərgi iştirakçılarının 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir.

Xəzər regionunun ən nüfuzlu enerji tədbirinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də bir çox dünya ölkələrinin dövlət və hökumət rəsmilərinin, şirkət nümayəndələrinin, yüksək səviyyəli qonaqların və beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini qat-qat artırır. Məlum olduğu kimi, Azərbaycan paytaxtı uzun müddətdir ki, nüfuzlu tədbirlərin keçirildiyi və mühüm qərarların qəbul edildiyi, əməkdaşlıqların müzakirə olunduğu məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü deməyə müvəffəq olub. Belə ki, hazırda Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Ölkəmizin həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən Bakı Enerji Həftəsinin təşkilatçıları isə “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşları olan “İCA Events” və “Caspian Event Management” şirkətləridir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsinin builki sponsorlarının siyahısı da olduqca genişdir. Bu da, heç şübhəsiz, Bakı Enerji həftəsinin nüfuzunu və yüksək statusunu təsdiqləyir.

30-cu Beynəlxalq Neft və Qaz sərgisinin əhatə etdiyi bölmələrə neft-qaz yataqlarının işlənməsi, karbohidrogenlərin hasilatı və nəqli, telekommunikasiya və IT, neft-qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə, həmçinin süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-neft-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ayrı-ayrı müəssisələrinin öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Bundan əlavə, ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrinin operatoru olan BP şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın “TotalEnergies”, Rusiyanın “Ural Steel”, Özbəkistanın “Uzbeknefteqaz”, Azərbaycanda bərpa olunan enerji layihələrinin iştirakçıları olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanın “Acwa Power”, eləcə də dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarca firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyətlərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazanmışdılar.

Prezident İlham Əliyevin iyunun 2-də Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı müraciət ölkəmizin enerji strategiyasının keçmişinə və gələcəyinə aydın baxış təqdim etdi. Bu mühüm beynəlxalq enerji toplantısı artıq təkcə regional deyil, həm də qlobal miqyasda nüfuzlu enerji platformasına çevrilərək Azərbaycanın enerji diplomatiyasının və iqtisadi modernləşməsinin mühüm dayaqlarından biri kimi özünü qabarıq büruzə verdi.

Dövlətimizin başçısı müraciətində bildirdi ki, Bakı Enerji Həftəsinin tarixi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Caspian Oil & Gas” sərgisi ilə başlayır. Bu sərgi müstəqilliyimizin ilk illərində Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını gerçəkləşdirən önəmli hadisələrdən biridir. Məhz belə bir tədbirin əsasında formalaşan Bakı Enerji Həftəsi hazırda təkcə neft və qaz məsələlərinin deyil, həm də bərpa olunan enerji, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf mövzularının müzakirə olunduğu çoxşaxəli platformadır.

Bu gün Bakı Enerji Həftəsi dünya üzrə enerji siyasətçilərinin, şirkət rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin diqqət mərkəzindədir. Burada aparılan diskussiyalar və bağlanan əməkdaşlıqlar Azərbaycanın qlobal enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu forum həm də enerji sahəsində strateji tərəfdaşlıqların qurulması üçün unikal fürsətlər yaradır.

Ölkə rəhbərinin müraciətində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın “yaşıl” enerji gündəliyinin genişlənməsidir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın enerji strategiyası bu gün artıq yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. İqlim dəyişiklikləri, enerji keçidi və texnoloji innovasiyalar fonunda respublikamız alternativ və bərpa olunan enerji mənbələrinə yönələn məqsədyönlü siyasət yürüdür.

Xüsusilə Zəngilan, Cəbrayıl və Laçında yaradılan “yaşıl” enerji zonaları, Xəzər dənizində külək enerjisi layihələri və günəş stansiyalarının inşası bu sahədə atılan addımların bariz nümunəsidir. Xarici investorlarla imzalanan sazişlər, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Avropa ölkələri ilə enerji əməkdaşlığı Azərbaycanın bu sahədə beynəlxalq etimad qazandığını təsdiqləyir.

Enerji sahəsində aparıcı rol oynayan ölkə kimi Azərbaycanın “yaşıl” enerjiyə keçid prosesində təşəbbüskar mövqedə çıxış etməsi həm regional enerji təhlükəsizliyinə töhfə verir, həm də milli iqtisadiyyatın şaxələndirilməsinə xidmət göstərir. Bu baxımdan Bakı Enerji Həftəsi Azərbaycanın enerji siyasətinin uğurlarını nümayiş etdirməklə yanaşı, eyni zamanda, gələcək hədəflərin müzakirə olunduğu beynəlxalq tərəfdaşlıq platformasıdır.

Beləliklə, Bakı Enerji Həftəsi Azərbaycanın geosiyasi və iqtisadi imkanlarını bir daha ortaya qoyaraq sübut edir ki, ölkəmiz həm enerji istehsalında, həm də qlobal enerji siyasətinin formalaşdırılmasında söz sahibinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu forum təkcə enerji sahəsinin deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıqlarının gücləndirilməsi baxımından da beynəlxalq aləmdə yüksək dəyərləndirilib.

Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Azərbaycanın açıq dənizə çıxışı olmamasına baxmayaraq, ölkəmiz son illər ərzində Avrasiyanın aparıcı nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilib. Bu nailiyyət təsadüfi deyil, Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu nəticə infrastruktur layihələrinə yatırılan böyük sərmayələrin, strateji planlaşdırmanın və davamlı siyasi iradənin nəticəsidir. Xəzər dənizindən Aralıq və Qara dənizədək uzanan strateji enerji marşrutları Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini möhkəmləndirib.

Bu layihələrin tacı, şübhəsiz, Cənub Qaz Dəhlizidir. Uzunluğu 3600 kilometr olan bu kompleks infrastruktur layihəsi Azərbaycanın dəniz yataqlarından çıxarılan təbii qazın İtaliya sahillərinədək təhlükəsiz şəkildə çatdırılmasına şərait yaradır. Bu yalnız iqtisadi deyil, eyni zamanda, geosiyasi uğurdur. Çünki Azərbaycanın iştirakı ilə gerçəkləşən bu layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Prezident İlham Əliyev “Xəzər Neft-Qaz” sərgisinin açılış mərasimindəki çıxışında qeyd edib ki, ötən il Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 8 idisə, bu gün həmin rəqəm 12-yə çatıb. Bu artım təsadüfi deyil, Azərbaycan həm hasilat imkanlarını artırır, həm də yeni bazarlara çıxış imkanlarını genişləndirir. 2024-cü ildə təbii qaz ixracının həcmi 25 milyard kubmetr təşkil edib. Hazırda imzalanmış müqavilələr və yeni sazişlər çərçivəsində bu göstəricinin 2030-cu ilədək daha 8 milyard kubmetr artırılması planlaşdırılır. Bu artım təkcə mövcud 5 yataqdan deyil, həm də istismar olunacaq yeni yataqlardan hasilat hesabına mümkün olacaq. Hasilatın və ixracın genişlənməsi, enerji resurslarının səmərəli idarə olunmasının və xarici investorlarla etibarlı əməkdaşlığın göstəricisidir.

Azərbaycanın enerji strategiyası təkcə qaz və neftlə məhdudlaşmır. Ölkə “yaşıl” enerjiyə keçid istiqamətində də əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyev bildirib ki, imzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6,5 giqavat həcmində bərpa olunan enerji istehsalı nəzərdə tutulur. Bu, Azərbaycanın ümumi enerji istehsalının 35 faizindən çoxunu təşkil edəcək.

Bu sahədə atılan addımlar təkcə daxili tələbatı ödəmək üçün deyil, həm də qaz ehtiyatlarına qənaət edərək, onların ixracını artırmaq məqsədi daşıyır. Yəni “yaşıl” enerji investisiyası yalnız ekoloji deyil, həm də iqtisadi fayda gətirir.

***

Yeri gəlmişkən, Xəzər Neft-Qaz sərgisi istər yerli, istərsə də, digər ölkələrin şirkətlərinə öz imkanları, nailiyyət və perspektivlərini əyani şəkildə nümayiş etdirməyə fürsət yaradır. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndiyimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını vurğuladılar.

Bəxtiyar ASLANBƏYLİ,
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti:

– BP Azərbaycan dövləti ilə ilk hasilatın pay bölgüsü sazişi imzalayan şirkət kimi birinci gündən etibarən ölkənin neft-qaz sənayesində baş verən bütün vacib hadisələrin iştirakçısı olub. Bu baxımdan Bakı Enerji Həftəsi və onun mühüm tədbiri olan Xəzər Neft-Qaz sərgisində fasiləsiz iştirakımızı qeyd edə bilərəm. Xəzər Neft-Qaz sərgisinin təsis edilməsindən 30 il keçməsinə baxmayaraq, bu əhəmiyyətli sərgi yenə də öz statusunu qoruyub saxlayır. Məhz bu səbəbdəndir ki, sərgi iştirakçılarının sayı ildən-ilə artır. Hər il həm ölkədə, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən çoxsaylı yeni şirkətlər sərgiyə gəlirlər.

Bakı Enerji Həftəsinə, eləcə də Xəzər Neft və Qaz Sərgisinə dövlət tərəfindən kifayət qədər yüksək diqqət var. Dövlət başçısı, eləcə də hökumət nümayəndələri sərgidə yaxından iştirak edirlər. Əslində, bu sərgi əlavə bir imkandır ki, biz il ərzində, bütövlükdə 30 il müddətində ölkədə göstərdiyimiz fəaliyyət barədə həm özümüzə, həm hökumətə, həm də geniş ictimaiyyətə hesabat verək. Eyni zamanda, sərgi yeni planlarımızın bölüşməsi, yeni müqavilələrin imzalanması üçün ideal məkandır. Bütün bunlar sərginin əhəmiyyətini qat-qat artırır.

Sərgi, həm də geniş əməkdaşlıq meydanıdır. Burada dövlət və hökumət üzvləri, tərəfdaş şirkətlər, ölkədə fəaliyyət göstərən subpodrat şirkətlər, eləcə də media təmsilçiləri və beyin mərkəzlərinin nümayəndələri bir araya gəlir. Bütövlükdə isə, sənaye sektoru ilə əlaqəli irili-xırdalı bütün şirkətlər bura gəlir. Bu baxımdan sərgi dialoq üçün, hesabat üçün, yeni əməkdaşlıq üçün gözəl platformadır. Sərgidə iştirak etməklə nailiyyətlərimiz barədə məlumatları çatdırırıq. Budəfəki sərgidə və konfransda da bir sıra yeniliklərin və əməkdaşlıq müqavilələrinin imzalanmasının şahidi olacaqsınız.

Elnur ƏLİYEV,
“Franklin Offshore Caspian ltd” şirkətinin regional direktoru:

“Franklin Offshore İnternational” şirkəti 1984-cü ildə Sinqapurda təsis edilib. Qısa müddətdə böyük inkişaf yolu keçərək qlobal şirkətə çevrilib. 1997-ci ildə şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi yaradılıb. Artıq 30 ilə yaxındır ki, şirkət ölkədə fəaliyyət göstərir. Şirkətimizin Azərbaycandakı əsas fəaliyyət istiqamətləri dəniz və dənizçilik mühəndisliyi, gəmiqayırma və gəmi tikintisi, neft-qaz platformalarının inşası, təmiri və xidməti, eləcə də xüsusi yükqaldırma və ekspertiza xidmətlərindən ibarətdir.

Sərgi zalında bizə ayrılmış pavilyonda nümayiş etdirdiyimiz stenddə şirkətimizin bəzi məhsul və xidmətləri ilə tanış olmaq mümkündür. Həmin məhsulların əksəriyyəti ölkə daxilində istehsal olunur. Yeri gəlmişkən, hazırda bizim Qaradağ rayonunun ərazisində iri istehsal müəssisəmiz fəaliyyət göstərir. Bununla yanaşı, şirkətin digər ölkələrdəki zavodlarında istehsal olunan məhsulları da Azərbaycana idxal edib onların satışını həyata keçiririk.

Gördüyünüz monitorda həyata keçirilən əməliyyatların videogörüntüləri yayımlanır ki, bu da sərgi iştirakçılarına şirkətimiz haqqında dolğun məlumat əldə etməyə imkan verir. Hazırda şirkətin Azərbaycan nümayəndəliyində 100-dən artıq əməkdaş çalışır. Şirkətimiz Azərbaycanda BP, SOCAR, “Total-Abşeron”, “Caspian Drilinq”, “Bos şelf”, ASCO və digər şirkətlərlə uğurla əməkdaşlıq edir.

Bununla yanaşı, 2021-ci ildən etibarən ölkənin müdafiə sənayesi sektoru ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçiririk. Ümid edirik ki, qarşıdakı illərdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik.

Xəzər Neft və Qaz Sərgisinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, şirkətimiz ilk vaxtlarda bu mötəbər tədbirdə xüsusi fəallığı ilə seçilib. Müəyyən fasilədən sonra yenidən burada iştirakmızla qürur duyuruq. Sərginin təşkilatçılığı olduqca yüksək səviyyədədir. Bir qədər əvvəl ölkə Prezidenti İlham Əliyev bura gələrək sərgi ilə yaxından tanış oldu, dəyərli fikir və tövsiyələrini verdi. Cənab Prezidentin çıxışına diqqətlə qulaq asdıq, olduqca faydalı məlumatlar aldıq.

Gördüyünüz kimi, sərginin ilk saatları olmasına baxmayaraq, ziyarətçilərin sayı anbaan artır. Bu da tədbirə olan maraqdan irəli gəlir. Ümid edirəm ki, biz də bu möhtəşəm sərgidən maksimum faydalanacağıq.

 





İqtisadiyyat